Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilir
Far.Az xəbər saytı

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilir


Bu gün Ağdam şəhərində 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilir.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Aqrar Biznes Festivalı çərçivəsində "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən panel müzakirə bölgələrdə təşkil olunan silsilə müzakirələrin 25-cisi olub. Ötən ildən etibarən 12 iqtisadi rayon üzrə 24 panel müzakirə keçirilib, Ağdamda təşkil olunan müzakirə isə sayca 25-ci paneldir.

Paneldə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, "Agro Dairy" MMC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Niyazi Əmirbəyov, "Azərşəkər" şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak ediblər.

Müzakirə zamanı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ilə müəyyən edilmiş əsas hədəflər və bu hədəflərin reallaşdırılması istiqamətində dövlət tərəfindən tətbiq olunan dəstək mexanizmləri nəzərdən keçirilib.

Paneldə, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar, Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, rayonun aqrar potensialı və sahibkarların regiona cəlb edilməsi məsələləri müzakirə olunub.

Müzakirənin digər əsas istiqamətini dövlət-özəl sektor əməkdaşlığı təşkil edib. Özəl sektor nümayəndələri Dövlət Proqramının hədəflərinə töhfə vermək istiqamətində həyata keçirdikləri və planlaşdırdıqları işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat veriblər.

Panelin yekununda dövlət dəstəyi mexanizmləri, işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması, özəl sektorun iştirakı və yeni əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər