Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
Far.Az xəbər saytı

Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub


78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatına həsr olunan panel keçirilib.

Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Paneldə şair, tədqiqatçı Fərid Hüseyn "Azərbaycan ədəbiyyatı – dünyaya açılan pəncərə" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, yaranmış milli ədəbi irs, dünya oxucuları üçün ən çox maraq doğura biləcək məqamlar və görkəmli qələm sahibləri haqqında söz açılıb.

F.Hüseyn həmçinin müasir Azərbaycan dili və onun perspektivləri, tərcümə mübadiləsi məsələləri barədə də danışıb.

Mədəniyyət Nazirliyi Kitabxanalar və nəşriyyatlarla iş sektorunun müdiri Lalə Məmmədova Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər barədə məlumat verib.

O, "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq, Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə tərcüməsini, nəşrini və beynəlxalq auditoriyaya çatdırılmasını təşviq edəcək "Azərbaycan ədəbiyyatı xaricdə" dəstək proqramının hazırlanması istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regionun ən böyük kitab festivalına ev sahibliyi etdiyini vurğulayan sektor müdiri cari il oktyabrın 21-27-də keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi haqqında danışıb. Sərginin əsas istiqamətləri, beynəlxalq iştirakçılığı və təqdim etdiyi əməkdaşlıq imkanları barədə tədbir iştirakçılarına məlumat verilib.

Yazıçı, ədəbi agent Xəyalə Murad isə çıxışında müasir Azərbaycan ədəbiyyatının beynəlxalq kitab bazarında təmsilçiliyi və xarici nəşriyyatlarla qurulan əməkdaşlıq təcrübəsindən bəhs edib.

O, əsərləri üzrə xarici ölkələrdə nəşr və tərcümə hüquqları əldə edilmiş Azərbaycan müəllifləri, müxtəlif janrlarda Azərbaycan ədəbiyyatına beynəlxalq maraq, eləcə də artıq bir sıra xarici dillərdə nəşr olunmuş əsərlər barədə danışıb.

Sərginin keçirildiyi məkanda Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Milli stendi də qurulub.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər