Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir
Far.Az xəbər saytı

Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı Prosesi" qlobal təşəbbüsü çərçivəsində Bakı şəhəri növbəti nüfuzlu tədbirə ev sahibliyi edir.

Far.Az xəbər verir ki, builki forumun mövzusu "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq"dır.

Qlobal platforma Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə keçirilir.

Forumda davamlı sülh, sivilizasiya diplomatiyası və mədəniyyətlərarası liderlik mövzularında plenar iclaslar, həmçinin turizm, yaradıcı sənayelər, eləcə də qadınların, gənclərin və dinlərin qlobal dialoqdakı roluna həsr olunmuş paralel panel sessiyalar təşkil olunur, eyni zamanda işğaldan azad edilmiş ərazilərə səfərlər həyata keçiriləcək.

Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən oktyabrın 28-də "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı plenar sessiya təşkil olunacaq.

Plenar sessiya müxtəlif dinlərin və dini icmaların nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, həmçinin mədəniyyətlərarası dialoq sahəsində tanınmış ekspertləri bir araya gətirir. Tədbirin əsas məqsədi dözümlülük və birgəyaşayış mədəniyyətinin inkişafı, eləcə də ortaq dəyərlər əsasında qlobal sülhün və həmrəyliyin möhkəmləndirilməsidir.

Tədbirdə fərqli inanclar arasında etimad mühitinin gücləndirilməsi, ayrı-seçkiliyin bütün formalarına qarşı birgə mübarizə və dinlərin münaqişələrin qarşısının alınmasındakı rolu ətrafında geniş fikir mübadiləsi aparılacaq. Yekunda, qlobal çağırışların həllində mənəvi platformaların potensialı dəyərləndirilərək, daha dinc və inklüziv gələcəyin qurulmasına yönəlmiş strateji yanaşmalar müəyyənləşdiriləcək.

Açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edəcəklər.

BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saadın moderatorluğu ilə keçiriləcək paneldə Pakistanın dini işlər və dinlərarası harmoniya naziri Sərdar Məhəmməd Yusif, Özbəkistan Respublikası Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov, eləcə də Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) baş katibi vəzifəsini icra edən Antoniu de Almeyda-Ribeyru mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

İnteraktiv müzakirədə Avropa Şurası Baş katibinin antisemitizm, müsəlmanlara qarşı nifrət və dini dözümsüzlüyün bütün formaları üzrə xüsusi nümayəndəsi İren Kitsu-Milonas, İsveçin dinlərarası və mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Kristian Kamill, "Buddhist Tzu Chi" Xeyriyyə Fondunun beynəlxalq əlaqələr üzrə baş direktoru Debra Budroks, İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü Qari E. Stivenson,

İslam Ölkələri Ravvinlər Alyansının sədri və Türkiyə Aşkenaz yəhudilərinin baş ravvini Mendel Çitrik, Ümumdünya Fətva Evlərinin baş katibi İbrahim Nəcm, eləcə də Beynəlxalq Bəhai İcmasının baş katibi Devid Rutşteyn iştirak edəcəklər.

Banu Hüseynli

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər