Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
Far.Az xəbər saytı

Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib


Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) tərəfdaşlığı ilə Azərbaycan pavilyonunda "Qafqazda icmaların iştirakı ilə təbiətin mühafizəsi və Rio konvensiyaları arasında sinerji" mövzusunda tədbir təşkil edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyasının bir-biri ilə sıx əlaqəli olduğunu vurğulayıb.

O, bu problemlərin həllində beynəlxalq əməkdaşlığın, eləcə də yerli icmaların təbiətin mühafizəsinə cəlb edilməsinin əhəmiyyətindən danışıb.

Leyla Əliyeva Azərbaycanın zəngin təbiətindən bəhs edərək ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 700-dən çox bitki və heyvan növünün "Qırmızı Kitab"a daxil edildiyini qeyd edib.

Çıxışında IDEA İctimai Birliyinin biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, 2012-ci ildə təşkilat tərəfindən Qafqaz bəbirinin, ceyranın, qonur ayının, boz canavarın və imperator qartalının mühafizəsini nəzərdə tutan "Böyük beşlik" təşəbbüsü irəli sürülüb.

Tədbirin açılışında həmçinin WWF-nin iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal çıxış edib.

Daha sonra keçirilən panel müzakirələrinə WWF Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Cənubi Qafqazda Ekoloji Dəhlizlər Proqramının baş texniki məsləhətçisi Yerney Stritih, eləcə də "Universal Ranger Support Alliance" və "Grasslands Initiative" təşəbbüslərinin nümayəndəsi Hanna Timmins qatılıblar.

Müzakirələr zamanı Qafqazda biomüxtəlifliyin qorunması, ekoloji dəhlizlərin inkişafı, təbii ekosistemlərin bərpası, yerli icmaların təbiəti mühafizə fəaliyyətində iştirakı və bu sahədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər