Elxan Səmədov: "Xankəndi" azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır"
Far.Az xəbər saytı

Elxan Səmədov: "Xankəndi" azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır"


Xankəndidə futbolun yenidən canlanması, azarkeşlərin doğma komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır.

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.

Qurum rəhbəri canlı olaraq izlədiyi "Xankəndi" - "Karvan-Yevlax" oyununun Xankəndi stadionunda keçirilməsinin əhəmiyyətindən danışıb:

"İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş, yenidən qurulmuş Xankəndi şəhər stadionunda ölkə çempionatının oyununu izləmək bizim üçün çox xoşdur. Stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq. Xankəndidə futbolun yenidən canlanması, azarkeşlərin doğma komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Bu stadionun gələcəkdə daha da maraqlı və yaddaqalan qarşılaşmalara ev sahibliyi edəcəyinə inanırıq. Əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk".

O, Xankəndiyə gəldiyi və burada matçı izlədiyi üçün xüsusi hisslər keçirdiyini söyləyib:

"Prezident İlham Əliyevin iştirakı ilə stadionun yenidən istifadəyə verilməsindən bir neçə gün sonra bu şəhərdə çempionat oyununun keçirilməsi Azərbaycan futbolu adına mühüm hadisədir. Futbolun belə gözəl stadionlarda oynanılması, inkişaf etməsi və insanları bir araya gətirməsi çox vacibdir. Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə bu gün stadionda gördüyümüz mənzərə, azarkeşlərin marağı və futbol ab-havası bizi sevindirir. İnanıram ki, bu cür oyunlar bölgədə futbol ənənələrinin bərpasına və gənclərin idmana marağının artmasına töhfə verəcək. Arzumuz odur ki, Xankəndidə futbol mütəmadi olaraq davam etsin və bu stadionun tribunaları hər zaman dolu olsun".

E. Səmədov klubun ev oyunlarını Xankəndidə keçirməsinin hər kəs üçün arzulanan məsələ olduğunu bildirib:

"Bunun üçün ilk növbədə müvafiq infrastrukturun və şəraitin təmin olunması vacibdir. Hazırda komandanın mövsümün qalan ev oyunlarını bu stadionda keçirməsi nəzərdə tutulur. Bu, həm komanda, həm də "Xankəndi" azarkeşləri üçün mühüm fürsətdir. Gələcəkdə komandanın burada daimi məskunlaşması məsələsinə də müsbət yanaşırıq. Təbii ki, bu proses klubun planlarından, infrastruktur imkanlarından və aidiyyəti qurumlarla aparılacaq müzakirələrdən asılı olacaq".

PFL prezidenti komandanın Premyer Liqaya yüksələcəyi təqdirdə, rəqiblərini Xankəndi şəhər stadionunda qəbul edə biləcəyini vurğulayıb:

"Bildiyiniz kimi, stadion UEFA-nın III kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. Bu isə o deməkdir ki, Xankəndi sakinləri də gələcəkdə bu cür mötəbər hadisələrin bir parçası olacaqlar".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər