Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Far.Az xəbər saytı

Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib


Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki "Club Diplomatic" sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Far.Az xəbər verir ki, mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, bir çox deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini, BMT-nin məlum 4 qətnaməsinin icra olunmadığını bildirib.

Diplomat Azərbaycan xalqının heç vaxt tarixi ədalətsizliklə barışmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib.

Eyni zamanda, münaqişədən sonrakı dövrdən söz açan səfir Qarabağın günü-gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin diplomat qeyd edib ki, Azərbaycanın zəfəri regiona davamlı sülh gətirib və əslində bölgə xalqlarının ümumi qələbəsi kimi qiymətləndirilməlidir. Belə ki, qələbə sayəsində region xalqlarının daimi dinc birgəyaşayışı üçün möhkəm zəmin yaradılıb.

Tədbirdə əsas qonaq qismində iştirak edən Rumıniya Senatının sədri Mirça Abrudean 8 noyabr gününün Azərbaycan tarixində tutduğu yerə toxunub, onun Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığını bildirib. O diqqətə çatdırıb ki, Rumıniya Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır, iki ölkə arasında dostluq münasibətləri ümumi strateji maraqlara və qarşılıqlı inama söykənir.

M.Abrudean qeyd edib ki, hazırkı beynəlxalq münasibətlər sistemində regional və beynəlxalq təhlükəsizliyə təhlükələr çoxalıb və bu kontekstdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin, eləcə də anlaşmazlıqların diplomatik səylər yolu ilə həll olunmasının vacibliyi daha da önə çıxıb. Hazırkı tarixi məqamın Cənubi Qafqaz üçün yeni dəyişikliklər dövrünün başlanğıcını təmsil etdiyini vurğulayan Senat sədri artıq regionun iqtisadiyyat, enerji və nəqliyyat layihələrinin inkişafı ilə yad edilməsinin vaxtının çatdığını bildirib.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş qısa videoçarx nümayiş edilib.

Tədbir iştirakçıları eləcə də Azərbaycan xalqının Zəfərinə, habelə işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə, mina probleminə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.

Oxşar xəbərlər

Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər