Koreya hökuməti Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqlar ianə edib
Far.Az xəbər saytı

Koreya hökuməti Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqlar ianə edib


Koreyanın dəstəyi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinə (Mərkəz) yeni tibbi avadanlıqlar ianə edilib.

Bu barədə "Far.Az"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avadanlıqlar Mərkəzin maddi-texniki bazasının gücləndirilməsinə, xüsusilə cərrahiyyə, diaqnostika, anesteziologiya və reanimasiya sahələrində tibbi xidmət imkanlarının genişləndirilməsinə töhfə verəcək.

İanə olunan avadanlıqlar arasında əməliyyat lampası və masası, pediatrik əməliyyat dəsti, defibrilyatorlar, uşaqlar və yenidoğulmuşlar üçün anesteziya cihazları, pasiyent monitorları, infuziya pompaları, perfuzorlar, funksional reanimasiya çarpayıları, süni tənəffüs aparatları, elektrokardioqrafiya (EKQ) cihazı, portativ rentgen aparatı və digər tibbi vasitələr yer alır.

Noyabrın 25-də isə Mərkəzdə avadanlıqların rəsmi təhvil-təslim mərasimi keçirilib.

Tədbirdə çıxış edən TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev Koreya ilə səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb:

"Azərbaycan və Koreya Respublikası arasında möhkəm tərəfdaşlıq əlaqələri səhiyyə sahəsində də konkret təşəbbüs və layihələrlə inkişaf edir. Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqların ianə edilməsi əməkdaşlığımızın növbəti uğurlu nümunəsidir. Əminik ki, təqdim olunan avadanlıqlar diaqnostika və müalicə imkanlarının genişləndirilməsinə, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir".

Koreyanın Azərbaycandakı səfiri Kimqu Kanq iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib:

"2023-cü ildən etibarən Koreya hər il yeni tibbi avadanlıqlarla dəstək göstərmək məqsədilə bir xəstəxana seçərək TƏBİB ilə əməkdaşlıq edir. Bu il Respublika Pediatriya Mərkəzinin seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu dəstək daha çox uşağın təkmilləşdirilmiş tibbi şəraitdən faydalanmasına imkan yaradacaq".

Mərkəzin direktoru Erkin Rəhimov yeni avadanlıqların xüsusilə cərrahiyyə, anesteziologiya və reanimasiya bölmələrinin fəaliyyətinə müsbət təsir göstərəcəyini bildirib:

"Mərkəzimizin əsas məqsədi uşaqlara müasir standartlara uyğun, keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdir. Yeni avadanlıqlarla təminat pediatrik reanimasiya və uşaq cərrahiyyəsi şöbələrimizin imkanlarının genişləndirilməsinə, xüsusilə ağır vəziyyətdə olan yenidoğulmuşların və uşaqların daha effektiv müalicəsinə şərait yaradacaq. Göstərilən dəstəyə görə Koreya səfirliyinə minnətdarlığımızı bildiririk".

Tədbir çərçivəsində avadanlıqlara dair videotəqdimat nümayiş etdirilib, təhvil-təslim aktı imzalanıb və iştirakçılar yeni cihazlarla tanış olublar.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər