"Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət" kitabı Sarayevoda boşnak dilində nəşr olunub
Far.Az xəbər saytı

"Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət" kitabı Sarayevoda boşnak dilində nəşr olunub


Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət" ("Zarifa i Hejdar Alijev. Lyubav koja je dotakla vječnost") kitabı Sarayevoda boşnak dilində işıq üzü görüb.

"Report" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, bu nəşr son üç ildə səfirliyin Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği istiqamətində çap etdirdiyi ikinci mühüm kitabdır. Xatırladaq ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində 2023-cü ildə boşniyalı politoloq Admir Lisitsanın "Heydər Əliyev – müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf" adlı əsəri də oxuculara təqdim olunub.

Rus dilində qələmə alınan, son üç ildə Azərbaycan, qazax, özbək, Ukrayna dillərinə tərcümə olunaraq oxucular arasında geniş populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç tərcümə edib.

Vaxtilə əsəri Azərbaycan dilinə tərcümə edən ədəbiyyatşünas alim, səfir Vilayət Quliyev xarici işlər naziri kimi Heydər Əliyevlə dördillik iş təcrübəsi zəminində kitaba "Heç zaman bitməyən bir eşq hekayəsi" adlı maraqlı və təsirli sözardı yazıb.

Nəfis tərtibatla çap olunmuş kitabın Zərifə və Heydər Əliyevlərin birgə həyatının müxtəlif dövrlərini göz önündə canlandıran illüstrativ materiallar əlavə edilib.

Kitabın Bosniya və Herseqovina kitabxanalarına, dövlət qurumlarına, elmi-akademik təşkilatlarına və universitetlərinə, eləcə də boşnak dilinin anlaşıldığı Serbiya və Xorvatiyadakı səfriliklərimizə göndərilməsi nəzərdə tutulur.

Nəşrin əsas məqsədi Azərbaycanın müasir tarixini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ictimaiyyətinə daha yaxından tanıtmaqdır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər