Məcnun Məmmədov: "Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil"
Far.Az xəbər saytı

Məcnun Məmmədov: "Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil"


Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində bildirib.

"Qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu gün sərgilərdə müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların, fermerlərin iştirakı kənd təsərrüfatının strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu bir daha nümayiş etdirir.

"Respublikamızda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə dövlət fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq edir. Subsidiyalar verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir", - deyə M.Məmmədov qeyd edib.

Eyni zamanda, onun sözlərinə görə, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir: "Məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmasıdır".

"İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr də ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur. Həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və "ağıllı kənd" yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər