Aqil Abbas: Ədəbiyyat informasiya səs-küyündən daha güclüdür
Far.Az xəbər saytı

Aqil Abbas: Ədəbiyyat informasiya səs-küyündən daha güclüdür


Ədəbiyyat informasiya axınının səs-küyündən fərqli olaraq insana daha dərin və davamlı təsir göstərir.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar jurnalist Aqil Abbas Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə səsləndirib.

Yazıçı bildirib ki, müasir cəmiyyət informasiyanı fasiləsiz rejimdə həzm etməyə məcburdur.

"Bu dalğa gündəmi formalaşdıraraq ictimai rəyə yönəldir. Bir xəbər digərini dayanmadan əvəzləyir. Jurnalistika hadisələri operativ şəkildə əks etdirir, baş verənlərə dərhal reaksiya verir. Ədəbiyyat isə insan təcrübəsinin daha dərin qatları ilə işləyir və dayanıqlı düşüncə formalaşdırır. Bədii söz daha sabit gücə malikdir, çünki təkcə informasiyanın mənimsənilməsinə yox, həm də insanın dəyər sisteminə təsir edir", – yazıçı vurğulayıb.

A.Abbas yazıçının oxucularla canlı görüşlərinin vacibliyini də vurğulayıb:

"Əvvəllər məktəblərdə və ali təhsil müəssisələrində keçirilən görüşlər təhsilin vacib mərhələlərindən biri idi, lakin bu praktika hazırda demək olar aradan qalxıb".

Parlamentdəki fəaliyyəti ilə bağlı danışan deputat insanlarla ünsiyyətin əhəmiyyətini vurğulayıb.

"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm. Onlarla söhbət edir, problemlərinə qulaq asıram. Həll oluna biləcək işləri yerindəcə diqqətə alıram. Camaatın içində olmaq lazımdır, vətəndaşları kabinetdə qəbul etməyin tərəfdarı deyiləm", – millət vəkili deyib.

Aqil Abbas 1953-cü ildə Ağcabədi rayonunda anadan olub. 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

"Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri, "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur.

İlk hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. "Evləri köndələn yar", "Ən xoşbəxt adam", "Batmanqılınc", "Dolu", "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" adlı kitabların müəllifidir. Eyniadlı romanı üzrə çəkilən "Dolu" filminin ssenari müəllifidir.

Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V,VI və VII çağırış deputatıdır.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər