Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Avropanın ən qədim şəhərlərindən biri olan Belqrad son illərdə Balkanların ən cəlbedici istiqamətlərindən birinə çevrilib. Yerləşdiyi strateji mövqeyə görə tarix boyu imperiyaların mübarizə mərkəzi olmuş şəhər bir çox Avropa paytaxtlarından fərqli olaraq, ilk baxışdan sizi heyrətləndirmir, hətta uğrunda aparılan müharibələrin qanlı izləri simasına bir qədər soyuqluq da qatıb, ancaq xoşbəxtlikdən bu soyuqluq keçicidir.
Kimsəsiz uşaq böyüyüb yetkin fərd olanda illərlə içində böyütdüyü güvənsizlik hissini dəf etmək üçün vaxta ehtiyac duyduğu kimi, Belqrad da özünü tədricən açır. Çünki ticarət yollarının mərkəzi olduğu üçün əsrlərcə əldən-ələ keçib fərqli rejimlərin təsirinə məruz qalmaq, dəfələrlə dağıdılmaq və bütün bunlara rəğmən, yenidən dirçəlmək onda təbii özünümüdafiə qatı formalaşdırıb.
Bu şəhərə ayaq basanda ilk gördüyünüz şey isə tələskənliyin ona çox yad bir hiss olmasıdır. Görünür, tarixdən alınan dərslər tələsməyin yaxşı nəticə vermədiyini öyrədib. Yəqin, elə buna görə şəhərin sakinləri tez-tez "polako" (yavaş-yavaş) sözündən istifadə edirlər.
Dunayla Sava çaylarının qovuşduğu yerdə, tarixi heç vaxt susmayan bu şəhər Avropa kimi görünsə də, özünəməxsus xüsusiyyətləri ilə çox zaman Balkan ruhunu ön plana daşıyır. Ancaq Balkan enerjisi ilə yanaşı, Belqrad bütövlükdə Osmanlı izlərinin, Habsburq zərifliyinin, Yuqoslaviya yaddaşının bir arada olduğu yerdir. Bu çoxqatlı kimliyin mərkəzində isə Belqrad qalası və Kalemeqdan parkı dayanır.
Adətən, bir çox şəhərlərdə tarixi tikililər, qalalar şəhər mərkəzindən kənarda yerləşsə də, Belqrad bu baxımdan sizə tamamilə fərqli təcrübə təqdim edir. Belə ki, tarixi iki min il əvvələ söykənən Belqrad qalası şəhərin düz mərkəzində yerləşir. Bura Avropanın ən çox döyüş görmüş qalalarından biri sayılır. Hazırda hərbi əhəmiyyət daşımasa da, Belqrad qalası şəhərin ən vacib simvollarından biri hesab olunur. Ərazi ümumilikdə Yuxarı və Aşağı şəhər olmaqla, iki hissədən ibarətdir.
Bir vaxtlar imperiyaları qoruyan daş divarlar indi iki çayın qovuşduğu yerin panoramik mənzərəsini təqdim edir. Burada qədim qala divarları, qüllələr, Roma və orta əsr qalıqları, hərbi muzey və 14 metr hündürlüyündəki məşhur "Qələbə" abidəsi (Pobednik) yerləşir. Bu abidə 1928-ci ildə Balkan müharibələri və Birinci Dünya müharibəsi zamanı Serbiyanın Osmanlı və Avstriya-Macarıstan imperiyaları üzərində qələbəsini xatırlamaq üçün ucaldılıb.
Kalemeqdan parkı isə vaxtilə Belqrad qalasının içərisində salınıb və Böyük və Kiçik parklar olmaqla, iki yerə bölünür. Burada Günəşin batması suyu sanki əridilmiş qızıla çevirir. Elə buna görə də istər turistlər, istərsə də sakinlər axşam saatlarını bu gözəl mənzərənin tamaşasına toplaşırlar. Dövlət əhəmiyyətli günlərdə isə buradan Dunay çayına doğru Serbiya ordusunun hərbçiləri fəxri artilleriya atəşi həyata keçirirlər. Belqradda tarixlə müasir şəhər həyatının ən yaxşı birləşdiyi məkanlardan biri məhz Kalemeqdandır.
İnsanları bu gözəl məkana çıxaran əsas yol isə şəhərin ən məşhur piyada küçəsi olan knyaz Mixail küçəsidir. Bura şəhərin tam mərkəzi və canlı atmosfer, əyləncə axtaran turistlər üçün üz tutulmalı olan nöqtələrdir. Burada alış-veriş mərkəzləri, brend mağazalarla yanaşı, çox sayda kafe və restoranlar yerləşir. Hətta kafelər o qədər çoxdur ki, səkilərə doğru daşır. Küçə musiqiçiləri daim tarixi binaların önündə çıxış edirlər. Məkan adi ticarət zonasından daha çox Belqradın həm müasir simasını nümayiş etdirdiyi, həm də köhnə Avropa cazibəsini qoruyub saxladığı açıq hava teatrını xatırladır.
Küçənin sonunda isə Serbiyanın, bəlkə də, ən tanınmış toplaşma nöqtəsi olan Respublika meydanı (Trg Republike) görünür. Tarixi binalar, teatrlar və mədəniyyət müəssisələri ilə əhatələnən meydan Belqradın həm sosial, həm də simvolik mərkəzi rolunu oynayır. Meydandakı knyaz Mixail Obrenoviçin şərəfinə ucaldılmış abidəsi sakinlərin bir-biri ilə görüş təyin etdiyi yerdir.
Belqradda yerləşən digər önəmli istirahət məkanlarındən biri isə 1954-cü ildə salınmış Taşmaydan parkıdır. Mərkəzdən bir az aralıda yerləşən bu yer şəhərin ən sakit guşələrindən biridir. Burada "Xəzər lüğəti" kitabının müəllifi olan serb yazıçı Milorad Paviçinin heykəli ucaldılıb. Ancaq buranın azərbaycanlılar üçün əsas əhəmiyyəti 2011-ci ildə parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin ucaldılmasıdır. Cari ildə isə həmin abidənin bir neçə addımlığında Azərbaycanın şahmat pavilyonu açılıb. Şahmat həvəskarları buranı ziyarət edərək asudə vaxtlarını daha maraqlı edə bilərlər.
Belqradın ən diqqətçəkən tarixi məkanlarından bir digəri isə məşhur Müqəddəs Sava kilsəsidir. Dünyanın ən böyük pravoslav kilsələrindən biri olan ibadət evinin ağ divarları və nəhəng günbəzi şəhərin müxtəlif yerlərindən görünür. Bu memarlıq nümunəsi təkcə dini mərkəz deyil, Serbiyanın tarixini, milli yaddaşını və pravoslav kimliyini özündə daşıyan simvollardan biridir.
Kilsənin inşası XX əsrin əvvəllərində başlasa da, müharibələr, siyasi dəyişikliklər və keçmiş Yuqoslaviya dövrünün çətinlikləri səbəbindən proses uzun illər davam edib. Buna baxmayaraq, bu gün Müqəddəs Sava kilsəsinin əsas qübbəsi Belqradın müxtəlif nöqtələrindən görünür və gecə işıqlandırıldıqda şəhərin səmasına xüsusi gözəllik qatır. Kilsənin memarlıq üslubu ilk baxışda tarixi Ayasofya məscidini xatırladır. Gördüyüm ən gözəl ibadət yerlərindən olan bu kilsənin tavanındakı qızılı mozaikalar, naxışlar insanın könlünü oxşayır. Günəş şüaları pəncərələrdən içəri süzüldükcə kilsənin içindəki qızılı rənglər dəyişir və sanki məkan canlanır.
Belqrad dini və tarixi tikililəri ilə yanaşı, mədəniyyət mərkəzləri ilə də zəngin şəhərdir. Belə ki, Respublika meydanının qarşısında əsrlər boyu Serbiya və Avropa bədii və tarixi irsinin evi olmuş Serbiya Milli Muzeyi yerləşir. Burada Neolit dövrünə aid Vinça və Lepenski Vir mədəniyyətlərinin daş heykəlləri, Roma imperiyası dövründən qalan artefaktlar, orta əsr pravoslav irsi, klassik Avropa rəssamlığı və modern incəsənət nümunələri yanaşı nümayiş olunur. Ümumilikdə əsərlər təkcə Serbiyanın deyil, həm də Şərqlə Qərb arasında dayanan daha geniş Balkan bölgəsinin hekayəsini danışır. 1844-cü ildə yaradılan muzeyin kolleksiyasında 400 mindən çox eksponat saxlanılır.
Muzeyin ən qiymətli əsərlərindən biri XII əsrə aid olan "Miroslav İncili"dir (Miroslav Gospel). Qədim slavyan dilində yazılmış bu əlyazma Serbiyanın ən mühüm orta əsr dini və ədəbi abidələrindən sayılır. UNESCO-nun "Dünya Yaddaşı" siyahısına daxil edilən əsər serb mədəniyyətinin simvollarından biri hesab olunur.
Digər bir önəmli sənət nümunəsi isə girişdə sizi qarşılayan "Çar Duşanın tacqoyma mərasimi"dir (Krunisanje cara Dušana). Rəsm əsəri 1900-cü ildə məşhur serb rəssamı Paya Yovanoviç tərəfindən Parisdə beynəlxalq sərgidə nümayiş etdirilmək üçün çəkilib. Mövzu isə 1346-cı ildə Skopye şəhərində Serbiya kralı IV Stefan Uroş Duşanın tacqoyma mərasimini təsvir edir. Bu, Orta əsr Serbiya tarixinin ən şanlı dövrlərindən birini əks etdirir.
Serbiyanın ən qədim muzeyi olan bu məkandan sonra gedilə biləcək bir digər muzey isə Yuqoslaviya muzeyidir. Bura artıq mövcud olmasa da, Balkanlarda yaddaş formalaşdıran keçmiş Yuqoslaviyanı anlamaq üçün üz tutulmalı olan əsas yerdir. Muzey hazırda həmin mürəkkəb keçmişi arxivlər, hədiyyələr, fotoşəkillər və Yosip Broz Tito və sosialist Yuqoslaviyaya həsr olunmuş sərgilər vasitəsilə qoruyub saxlayır. Onun salonlarında gəzmək insana muzeyə girməkdən daha çox, regiona siyasi və emosional təsir göstərmiş iyirminci əsr hadisələrinin bir fəslinə qədəm qoymuş kimi hiss etdirir.
Geniş ərazini əhatə edən muzeyin həyətində dincəlmək üçün kiçik kafe də var ki, bura o dövrün ağırlığını üstündən atmağa xeyli kömək olur, eləcə də yaz-yay aylarında gedən ziyarətçilərə gözəl mənzərə təqdim edir.
Belqradda yerləşən üçüncü vacib muzey isə hələ ziyarət etməyə fürsət tapmadığım Nikola Tesla muzeyidir. Dünyanın ən böyük ixtiraçılarından birinə həsr olunmuş muzeydə Teslanın şəxsi əşyaları, sənədlər nümayiş etdirilir. Əsrlər boyu davam edən müharibə mərkəzlərindən olmuş bir şəhərdə Tesla muzeyi Serbiya tarixinin başqa bir tərəfini - zəkanı, təxəyyülü və elmi təmsil edir.
Jurnalist vəsiqəm hesabına dünyanın bir çox yerində, eləcə də Belqradda bütün muzeyləri ödənişsiz gəzmək imkanına sahib olsam da, buradakı muzeylər belə fürsətləri ayın müxtəlif günlərində digər ziyarətçilər üçün də yaradırlar. Bəzilərində həftənin, bəzilərində isə ayın müəyyən günləri giriş tam ödənişsiz olur. Bu isə insanların asudə vaxtlarını belə zəngin məkanlarda keçirməsinə, övladlarını tarix və mədəniyyət barədə məlumatlandırmağa böyük töhfə verir.
Belqradda şəhər həyatından sıxılan, zəngin təbiətini görmək istəyən insanlar üçün gedilməli olan yerlərə gəldikdə isə burada Ada Çiqanliya və Avala Qülləsi ərazisini xüsusi qeyd etmək yerinə düşər. İsti aylarda şəhərin böyük bir hissəsi tez-tez "Belqrad dənizi" adlandırılan Ada Çiqanliyə üz tutur. Bura süni şəkildə yarımadaya çevrilmiş çay adasıdır. Yay mövsümündə gündə 100 mindən çox, həftəsonu isə 300 minə qədər ziyarətçi qəbul edir. Paytaxtın ən məşhur istirahət zonasına çevrilən ərazi çimərliklər, velosiped yolları, idman meydançaları və kafelərlə doludur. İstəyən buraya gəlib voleybol, tennis, badminton, basketbol oynayır, istəməyən də çimərlikdə günəş şüası qəbul edə və ya xüsusi ayrılmış sahədə barbekü bişirə bilər. Ada Çiqanliya Sava çayının cənub sahilində Yeni Belqrad ərazisində yerləşir.
Şəhər mərkəzində insan izdihamından yorulanlar isə buranın əvəzinə, Avala dağında yerləşən və 204 metr hündürlüyü olan Avala qülləsinə getməyi seçirlər. Qüllənin inşası 1965-ci ildə tamamlanıb, lakin 1999-cu ildə NATO-nun bombardmanları zamanı dağıdılıb. Yenidən qurulmasına isə 2006-cı ildə başlanıb və 2010-cu ildə rəsmi açılışı olub.
İki sürətli liftlə qalxan zaman müşahidə göyərtəsi ziyarətçilərə Belqradın panoramik mənzərəsini təqdim edir. Avala qülləsi bu gün həm yerli sakinlərin, həm də turistlərin ən çox bəyəndiyi məkanlardan biridir. Buraya gələnlər təkcə şəhər mənzərəsini seyr etməklə qalmayıb, həm də ətrafı meşəlik olan bu ərazidə sevdikləri ilə piknik edə, müxtəlif idman fəaliyyətləri ilə məşğul ola bilərlər.
Yəni Belqrad öz ziyarətçilərinə həm tarixi duyma, həm müasir küçələrində Balkan musiqisinin sədaları altında gözəl xatirələr toplama, həm də təbiət qoynunda dincəlmə imkanı verir. Günümüzdə onu kəşf etməyi ən çox asanlaşdıran şey isə yüksək səviyyədə təsis edilmiş yol-nəqliyyat infrastrukturu, ödənişsiz ictimai nəqliyyatıdır. İnsanlar şəhərdaxili istədikləri nöqtəyə heç bir ödəniş etmədən rahat şəkildə gedirlər, avtobus və tramvaylar "Beograd Plus" aplikasiyasında göstərilən hərəkət marşrutları üzrə bir dəqiqə belə gecikmədən hərəkət edirlər. Burada tramvaylar küçələrin ritminə qarışır, canlı mədəniyyət isə hər addımda öz hekayəsini danışır. Azərbaycan vətəndaşları da, öz növbələrində, may ayının 3-də açılan "Belqrad-Bakı" birbaşa aviareysi ilə Balkanların ürəyində yerləşən büdcə dostu bu şəhərin kəşfinə çıxa bilərlər.
Tarixi qalaları, canlı küçələri, zəngin mədəniyyəti və tamamilə pulsuz ictimai nəqliyyatı ilə şəhər həm turistlər, həm də büdcəli səyahət axtaranlar üçün fərqli təcrübə vəd edir.
Belqrad insanı ilk baxışdan heyrətləndirən şəhərlərdən deyil. O özünü tədricən açır: Dunay sahilindəki sakit küləkdə, Kalemeqdanın qədim divarlarında, gecəyarısı işıqları altında yaşayan küçələrində. Burada tarix muzeylərdə deyil, şəhərin nəfəsində yaşayır. Balkanların bu qədim paytaxtı keçmişlə müasirliyin sərhədində dayanaraq qonaqlarını yorulmadan danışan hekayənin içinə aparır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb













