Həsrət Cəfərov: "Prezident İlham Əliyevin "beşincisi də olacaq" deməsi mənim üçün ən dəyərli təbrik idi" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Həsrət Cəfərov: "Prezident İlham Əliyevin "beşincisi də olacaq" deməsi mənim üçün ən dəyərli təbrik idi" - MÜSAHİBƏ


Azərbaycanın yunan-Roma güləşində ilk dördqat Avropa çempionu olan Həsrət Cəfərov "Far.Az"a müsahibə verib. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı son olaraq Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində qızıl medal qazanması barədə danışıb. O, tarixi nailiyyətdən sonra Prezident İlham Əliyevlə görüşdən və ölkə başçısı ilə arasında olan dialoqdan bəhs edib.

- Son Avropa çempionu kimi təəssüratlarınız necədir?

- Hər çempionluğun öz dadı var, amma sonuncusu fərqli idi. Çünki bu dəfə xalçaya həm də tarixi nəticə və rekord əldə etmək üçün çıxırdım.

-Yarışdan sonra yaxınlarınız sizi 4 qat Avropa çempionu kimi necə qarşıladılar və ən maraqlı təbriki kimdən aldınız?

- Ailəm və yaxınlarım ən böyük dəstəkçilərimdir. Qarşılanma çox səmimi və coşğulu keçdi. Hər yarışdan sonra sevdiklərim, ailəm və dostlarım məni qarşılamağa gəlirlər, amma bu dəfə daha sevindirici və mənalı idi. Çünki qızım məni qarşıladı. Təbriklər çox oldu, amma mənim üçün ən dəyərlisi Prezident İlham Əliyevin təbriki və "beşincisi də olacaq" deməsi idi.

- Azərbaycan yunan-Roma güləşi tarixində ilk 4 qat Avropa çempionu olmaq necə hissdir?

- Bu, sadəcə, idman uğuru deyil, adımı Azərbaycanın idman tarixinə yazdırmaq deməkdir və buna görə çox qürurluyam. İlk olmaq həmişə çətindir və böyük məsuliyyət tələb edir. 23 yaşımda bu rekorda imza atmaq düzgün yolda olduğumu göstərir. Amma bu rekord mənim üçün son deyil, yeni qələbələr üçün stimuldur.

- Albaniyadakı uğurlu çıxışdan sonra Prezident İlham Əliyev güləşçiləri qəbul etdi. Ölkə başçısı ilə xüsusi dialoqunuz oldumu?

- Cənab Prezidentlə görüşmək hər zaman xüsusi hadisədir. Onun idmanı dərindən bilməsi və hər birimizin nəticəsini fərdi şəkildə qeyd etməsi insana böyük motivasiya verir. Görüşdə ardıcıl qələbələrim və gənc yaşımda bu rekorda imza atmağım barədə xoş sözlər dedi. Bu diqqət mənə xalçada əlavə güc verir, dövlətimizin yanımızda olduğunu bilmək bizi daha da ruhlandırır.

- Avropada uğurlu çıxış etsəniz də, dünya çempionatında qızıl medalınız yoxdur. Qarşıdakı mundialda birinci olacağınıza inanırsınız?

- Bəli, qitə birinciliyində ardıcıl 4 qızıl medal qazansam da, dünya çempionatlarında bir bürünc və iki gümüş medalım var. İndi əsas hədəfim bu boşluğu doldurmaqdır. Əlimdən gələni edəcəyəm, qalanını isə Allaha buraxıram.

- Razısınız ki, uğur artdıqca idmançıdan tələblər də çoxalır?

- Tamamilə razıyam. Artıq rəqiblər mənə qarşı daha ciddi hazırlaşırlar, azarkeşlər isə hər yarışda yalnız qızıl medal gözləyirlər. Bu, bəzən gərginlik yaratsa da, əslində məni daha intizamlı olmağa sövq edir. Zirvədə qalmaq ora yüksəlməkdən daha çətindir.

- 23 yaşınız var və artıq bir neçə tarixi uğura imza atmısınız. Azərbaycan güləşində 1 nömrə olmaq barədə düşünürsünüz?

- Əlbəttə, bu, hər bir idmançının arzusudur. Gənc yaşdayam və qarşıda uzun illər var. İstəyirəm ki, karyeramın sonunda elə bir miras qoyum ki, illər keçsə də, rekordlarım xatırlansın. Məqsədim, sadəcə, iştirak etmək deyil, hər yarışda tarix yazmaqdır.

- Sizin çəkinizdə son olimpiya çempionu iranlı Said Esmailidir. Növbəti olimpiadada ona qalib gələrək qızıl medal qazanmaq mümkündür?

- Güləş elə idmandır ki, xalçaya çıxana qədər hamının şansı bərabərdir. Mənim işim daim məşq etmək, maksimum hazırlaşmaq və xalçada ən yaxşısını göstərməkdir. Heç bir rəqib məğlubedilməz deyil, amma öncədən danışmağı sevmirəm. Mən əlimdən gələni edəcəyəm, qalanı isə qismətdir.

- Futbolla aranız necədir?

- Düzünü desəm, özümü böyük futbol azarkeşi saymıram. Amma maraqlı oyunları, xüsusilə dünya çempionatı kimi nüfuzlu turnirləri izləməyi sevirəm. Həmçinin "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Onların Azərbaycanın adını Avropada tanıtması məni də qürurlandırır. Fərqli idman növlərində çıxış etsək də, məqsədimiz eynidir - ölkəmizi layiqincə təmsil etmək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər