Tbilisi prospektinin iki küçəsinin kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb
Far.Az xəbər saytı

Tbilisi prospektinin iki küçəsinin kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb


Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.

Bu barədə "Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra edilən layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə bilir.

Bundan başqa, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və piyadaların növbəli və təhlükəsiz hərəkətini təmin etmək üçün bu kəsişmədə yeni işıqforlar quraşdırılıb.

Həmçinin, piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar inşa edilib.

Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.

Bu layihənin icrası nəticəsində qeyd edilən yol sahəsində buraxıcılıq qabiliyyəti artırılıb, ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib, piyadaların təhlükəsizliyi yaxşılaşdırılıb və əlçatanlıq yüksəlib.

Qeyd edək ki, layihənin yekunlaşdırılması istiqamətində işlər (yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili) davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Tbilisi prospektinin iki küçə ilə kəsişməsində yol hərəkəti yenidən təşkil ediləcək
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər