Cəlal Hüseynov: "Avropadan təkliflər var, karyeramı legioner kimi davam etdirəcəyəm" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Cəlal Hüseynov: "Avropadan təkliflər var, karyeramı legioner kimi davam etdirəcəyəm" - MÜSAHİBƏ


Bolqarıstanın "Arda" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Cəlal Hüseynov "Far.Az"a müsahibə verib. Futbolçu "Botev"lə son matçda (2:1) vurduğu qollara münasibət bildirməklə yanaşı, karyerası və gələcək planları haqqında da fikirlərini bölüşüb.

- Bir müdafiəçi kimi karyeranızda ilk dəfə rəsmi oyunda dubl etmək sizdə hansı hissləri yaratdı?

- Çətin oyun olacağını bilirdik. Uğursuz seriyaya son vermək istəyirdik. Rəqibimizlə xallarımız yaxın idi, onlar bizi qabaqlamağa çalışırdılar. Pley-off şansımızı saxlamaq üçün mütləq qalib gəlməli idik. Çox dramatik oyun alındı. Biz qol vurduq, onlar hesabı bərabərləşdirdi, sonda yenə önə keçdik... Dubl etməyim qələbə ilə birləşdiyi üçün daha anlamlı oldu. Karyeramın ən yaddaqalan matçlarından biri olduğuna əminəm. Möhtəşəm hisslər idi. Onu da vurğulayım ki, son 7-8 oyundur yarımmüdafiəçi kimi çıxış edirəm. Bu mövqedə oynayanda qol vurmağa daha yaxın olursan.

- "Botev"lə matçda vurduğunuz qolları şərh edə bilərsiniz?

- Birinci qol normal oyun epizodundan vuruldu. Hətta həmin hücumu da mən başlatmışdım. Komanda yoldaşımı qapıçı ilə təkbətək çıxarsam da, qol olmadı. Sonradan vəziyyəti qolla özüm tamamladım. İkinci qolu isə standart vəziyyətdən sonra edilən yaxşı ötürmə sayəsində vurdum.

- Həmçinin oyunun ən yaxşı futbolçusu seçildiniz. Bu, Bolqarıstandakı uyğunlaşma dövrünün tam başa çatması deməkdir?

- Uyğunlşama dövrünü çoxdan başa vurmuşam. Bundan əvvəl də çox yaxşı çıxış etdiyim oyunlar olub, sadəcə, həmin vaxt matçın oyunçusu seçilməmişdim. Artıq bura tam uyğunlaşdığımı deyə bilərəm.

- Bolqarıstan çempionatı futbolçu kimi inkişafınıza nə dərəcədə təsir edib?

- Çox müsbət təsir edib. Ölkə xaricində oynamaq möhtəşəmdir. Çətinlikləri olsa da, bu amillər insanı həm şəxsiyyət, həm də futbolçu kimi inkişaf etdirir. Burada çox irəliləyişə nail olduğumu hiss edirəm.

- Çempionatın səviyyəsi haqqında hansı fikirləriniz var?

- Səviyyə pis deyil. Azərbaycan çempionatına yaxındır, lakin bəzi məqamlarda buranı daha üstün hesab etmək olar. Hər iki çempionatın özünəməxsus üstünlükləri var. Ümumilikdə yaxşı turnirdir.

- "Arda" hazırda 7-ci pillədədir. Mövsümün sonunda komandanın avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

- Şanslarımız bir qədər az olsa da, hələ bitməyib. Qarşıda iki oyunumuz qalıb, hər ikisində qalib gəlməliyik. Beşinci yerdəki rəqib xal itirərsə, vəziyyət son turda bəlli olacaq. Avrokuboklara gedə bilməsək belə, çempionatı qələbələr, yaxşı nəticələrlə bitirmək istəyirik.

- Bolqarıstandakı uğurlu çıxışınız qarşıdakı rəsmi oyunlarda Azərbaycan millisinin əsas heyətində yer almağınıza nə dərəcədə təsir edə bilər?

- Bu, baş məşqçinin qərarıdır. Məndən tələb olunan odur ki, hər zaman ən yaxşı formada olum və özümü milli üçün hazır saxlayım. Hansı qərar verilsə, özümü yüz faiz hazırlayıram. İnşallah, növbəti toplanış uğurlu keçər.

- Bolqarıstanda bir sıra uğurlu oyunlar keçirmisiniz. Belə qarşılaşmalardan sonra daha böyük Avropa klublarından özünüzə maraq hiss edirsiniz?

- Əlbəttə, maraq var. Müqaviləmin müddəti bu yay başa çatır və azad agent statusu alacağam. Avropanın digər ölkələrindən həm maraq, həm də konkret təkliflər var. Qərar verməyə tələsmirəm, karyeram üçün ən xeyirli olanı seçməyə çalışacağıq.

- Mövsümün sonunda klubdan ayrılmaq fikriniz var?

- Hazırkı klubumdan yeni müqavilə təklifi almışam, lakin hələ razılıq əldə olunmayıb. Şəxsən özüm ayrılmaq istəyirəm. Hesab edirəm ki, buradakı işim bitib və artıq daha güclü liqalarda oynamağa hazıram. İnkişafımı davam etdirə biləcəyim bir ölkəyə yollanmaq niyyətindəyəm.

- Azərbaycan klublarından təklif var? Ümumiyyətlə, Azərbaycandan yaxşı təklif alsanız, karyeranızı burada davam etdirmək istəyərsiniz, yoxsa legioner həyatı yaşamağa üstünlük verərsiniz?

- Azərbaycan klublarından maraqlananlar olub. Lakin menecerimə qəti şəkildə bildirmişəm ki, hazırda Azərbaycana qayıtmaq istəmirəm. Karyeramı Avropada, legioner kimi davam etdirmək niyyətindəyəm. Ona görə də Azərbaycandan təklif gəlsə belə, dəyərləndirməyəcəyəm. Böyük ehtimalla yenə legioner həyatı yaşayacağam.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər