Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"
"Milli kimliyin qorunmasına xidmət edən yeni bir model formalaşmalıdır".
Far.Az xəbər verir ki, bu fikirləri Azərbaycan mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-a müsahibəsi zamanı deyib.
Sözügedən müsahibəni təqdim edirik:
- Cənab nazir, bu gün Azərbaycan Mədəniyyət Nazirliyinin qarşısında duran əsas vəzifələr nələrdir və gələcək inkişaf üçün hansı islahatların həyata keçirilməsi planlaşdırılır?
- Bu gün Azərbaycan mədəniyyəti qalib Azərbaycan milli kimliyinə xidmət edir və Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasına təminat verən bir sistem formalaşdırır.
Mədəniyyət Nazirliyi çoxsaylı müəssisələri və geniş işçi heyəti ilə bu sahədə fəaliyyəti həyata keçirir. Həm yaradıcı müəssisələrimiz - teatrlarımız, konsert müəssisələrimiz, muzeylərimiz, kitabxanalarımız və digər təsisatlarımız Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqına xidmət göstərir, bu sahədə idarəetməni formalaşdırır. Ona görə Mədəniyyət Nazirliyi bu gün gərgin bir rejimdə fəaliyyət göstərir. Yəni, görüləsi işlərimiz çoxdur, sahənin qarşısında ciddi öhdəliklər, vəzifələr mövcuddur.
İslahatların başlanğıcı insan kapitalının formalaşdırılması, zənginləşdirilməsi, idarəetmə formasının və idarəetmə sahəsində yeni imkanların, yeni texnoloji həllərin tətbiq edilməsidir.
- Adil müəllim, bildirdiniz ki, Azərbaycan mədəniyyəti qalib Azərbaycan milli kimliyinə xidmət edir. Qalib dövlətimizin milli kimliyinə xidmət edən bu sahənin - milli mədəniyyətimizin üzərinə hansı yük düşür?
- Təbii ki, yeni çağırışlar, yeni vəzifələr, yeni öhdəliklər düşür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan xalqının mədəni-mənəvi bütövlüyü təmin edilərək, qalib xalq, qalib dövlət sosial-siyasi reallığı meydana gəldi. Qalib, bütöv milli kimlik formalaşdırıldı.
Yaranan yeni reallıqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını şərtləndirdi. Bu prosesdə işğal dövründə Azərbaycan xalqının məhv edilən və dağıdılan tarixi-mədəni irsinin bərpası, həmçinin azad edilən ərazilərə Böyük Qayıdış strategiyasının təmin edilməsi mühüm məsələlərdəndir. Bundan əlavə, əsas hədəflərdən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır.
Təbii ki, bunun əsasında dövlət mədəniyyət siyasəti öz yeni məzmununu, formasını əldə etməli və yeni istiqamətdə mədəniyyət modeli formalaşmalı idi. Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il Sərəncamı ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası həmin istiqamətləri müəyyənləşdirir. Konsepsiyada yeni mədəniyyət modelinin formalaşması təsbit edilir və bu, bizim bir növ strateji yol xəritəmizdir. Bu sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, mədəniyyət sahəsinə artıq yalnız ənənəvi humanitar fəaliyyət kimi deyil, milli inkişafın strateji resursu kimi yanaşılır.
- Barəsində danışdığınız "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyasını yəqin ki, həm də qloballaşan dünyada milli kimliyin qorunması baxımından da əhəmiyyətli sənəd saymaq olar....
- Bu gün qloballaşan bir mühitdə qlobal çağırışlar, qlobal təhdidlər mövcuddur və bunun idarə edilməsi, təhdidlərin qarşısının alınması və eyni zamanda, onu nəzərə alaraq sistemli, dayanıqlı, vahid fəaliyyətin həyata keçirilməsi önəmli məsələlərdən biridir.
Milli kimliyin qorunmasına xidmət edən yeni bir model formalaşmalıdır. Milli kimliyin qorunması Mədəniyyət Nazirliyinin, ümumiyyətlə mədəniyyət sahəsinin ana xətti, ana sütunu və vəzifəsi olmalıdır. Bu gün ümumiyyətlə geniş mənada götürdükdə milli təhlükəsizlik kontekstində mədəniyyət ən vacib, ən öndə duran sahələrdən və bu sahəyə cavabdeh olan istiqamətlərdən, dövlət fəaliyyətlərindən biridir.
Bu gün mədəniyyət artıq strateji resurs kimi qəbul olunur. Azərbaycanın yeni mədəniyyət modeli vətəndaşların mədəni həyatda daha geniş və yaradıcı iştirakına şərait yaratmaqla, dövlətin sosial, siyasi, iqtisadi və digər sahələrdə qarşısına qoyduğu strateji məqsəd və hədəflərə daha sürətlə çatmasına imkanlar açır.
Qeyd olunanlar müasir qlobal çağırışlara cavab verən, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasını təmin etməyə imkan yaradan yeni mədəniyyət modelinin formalaşdırılmasını zəruri edib. Bu məqsədlə hazırlanan "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası milli mədəniyyətə yeni strateji baxışı şərtləndirib.
Burada mədəniyyətə fərqli bir baxış formalaşdırılır. "Mədəniyyət - həyatdır" fəlsəfəsi konsepsiyanın ana xəttidir. İlk dəfə olaraq strateji sənəddə mədəniyyətin altı sahəsi - Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs - ayrıca istiqamət kimi müəyyən edilib.
Eyni zamanda, konsepsiyanın qəbulundan sonra onun praktiki icrasını təmin edəcək altı əsas dövlət proqramının hazırlanması nəzərdə tutulur. Bu proqramlar mədəniyyətin bütün sahələri üzrə fəaliyyəti əhatə edərək, konsepsiyanın strateji müddəalarını konkret icra mexanizmlərinə çevirəcək.
Beləliklə, "Azərbaycan mədəniyyəti - 2040" konsepsiyası Azərbaycanın yeni tarixi mərhələsində - ərazi bütövlüyünün bərpası, post-münaqişə quruculuğu və yeni geosiyasi reallıqlar şəraitində formalaşmış sosial, mədəni və siyasi ehtiyacların məntiqi nəticəsi kimi meydana çıxıb. Bu sənəd ölkənin milli kimliyinə əsaslanan, eyni zamanda, qlobal çağırışlara cavab verən müasir və dayanıqlı mədəniyyət modelinin yaradılmasına xidmət edir.
- Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işləri görülür. Bəs həmin ərazilərdə milli, dini, tarixi irsimizin bərpa və müdafiəsi necə təşkil olunur?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, quruculuq işləri həyata keçirilir və təbii ki, mədəniyyət bunun içərisində ən vacib sahələrdən biridir. Həmin ərazilərdə irsin bərpası sadəcə olaraq bir daşın, bir tikilinin yenidən bərpa edilməsi deyil, bu, bizim sınmış yaddaşımızın bərpasıdır.
Bu məsələlər - bərpa və konservasiya işləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişləri və nəzarəti ilə həyata keçirilir.
Xüsusilə vurğulamaq istədiyim məqamlardan biri də Qarabağda, Şərqi Zəngəzurda keçirilən mədəni layihələrdir. Şuşada keçirilən "Xarıbülbül" festivalı məhz işğaldan sonrakı dövrdə ilk bərpa edilən mədəni tədbirlərdən, festivallardan biridir. Qarabağda Vaqif Poeziya Günləri hər il mütəmadi olaraq keçirilir.
Bu gün Ağdamda muğam yenidən səslənir. Ağdam şəhərində cənab Prezidentin iştirakı ilə Ağdam Muğam Mərkəzinin açılışı oldu. Ağdamda beynəlxalq muğam festivalları, müsabiqələri təşkil olunur. "Böyük Qayıdış" proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə köçmüş və orada yaşayan uşaqlarımız üçün incəsənət sahəsində musiqi məktəbləri, təsviri sənət üzrə rəssamlıq məktəbləri, ümumi incəsənət məktəblərində təhsil prosesi bərpa edilib. Bu gün Şuşada, Füzulidə, Ağdamda, Cəbrayılda incəsənət məktəbləri fəaliyyət göstərir və bizim oradakı uşaqlarımıza təhsil verilir.
Qarabağda və Şərqi Zəngəzurda bu gün muzey fəaliyyəti bərpa olunmaqdadır. Şuşada Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi bərpa olunub, fəaliyyət göstərir. Bizim dini abidələrimiz artıq bərpa olunaraq insanların istifadəsinə verilir. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Dövlət Rəsm Qalereyasının Şuşa filialı fəaliyyət göstərir.
Qeyd olunanlar arasında vacib məsələlərdən biri İşğal və Zəfər muzeyləri komplekslərinin Qarabağda təşkilidir. Artıq İşğal və Zəfər muzeyi komplekslərinin layihələndirilməsi işləri tam şəkildə başa çatıb. Xankəndi Zəfər Muzeyinin təşkili ilə bağlı işlər davam etdirilir və qısa müddətdə yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xankəndi Dövlət Dram Teatrının bərpası istiqamətində işlər həyata keçirilir. Keçən ildən başlayan bərpa işləri yekunlaşmaq mərhələsindədir.
Xüsusilə vurğulamaq istədiyim layihələrdən biri Ağdamda İmarət Tarix-Memarlıq Muzey Kompleksinin bərpasıdır. Bu kompleks artıq fəaliyyət göstərir. Bu gün Qarabağda ziyarət olunan, mədəni irsimizin təqdim olunduğu yerlərdən biridir. Eyni zamanda, Əsgəran qala-kompleksinin bərpası istiqamətində işlər həyata keçirilir. Həm qalanın özü və eyni zamanda, komplekslə bağlı əsas layihələr, - bunun içərisində Əsgəran Silah Muzeyinin təşkil olunması da var - həyata keçirilir.
- Əsgəran Silah Muzeyini digər muzeylərdən fərqləndirən hansı cəhətləri olacaq?
- Bu, Azərbaycanın dövlətçilik tarixini və xüsusilə də onun döyüş sənətinin, döyüş ruhunun və bu tarixi dövrlər ərzində əldə etdiyi silahlarla bağlı məlumatların elmi əsaslarla insanlara çatdırılmasını təmin edən ilk muzey olacaq. Silah muzeyinin orada olmasının rəmzi mənası var. Belə ki, Əsgəran qalası Qarabağ xanlığının əsas mühafizə dayağı, onun əsas qalxanı olub. Azərbaycan memarlığının parlaq nümunələrindən hesab olunan qala Əsgəranın müdafiə sistemi kimi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına hücumlara qarşı qoruyucu sipər olaraq inşa edilib.
- Cənab nazir, vacib işlərdən biri həm də rəqəmsallaşma ilə bağlıdır. Bayaq qloballaşan dünyada milli kimliyin qorunmasından danışdıq. Sizcə, süni intellekt dostdur, yoxsa rəqib?
- Əlbəttə, hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik. Dediyiniz suala isə birmənalı cavab vermək çox çətindir. Çünki süni intellekt həm təhdiddir, həm imkandır. Sənət, insanın duyğularını, hisslərini onun yaradıcılığının, təxəyyülünün məhsulu kimi ortaya çıxarır. Bunu əvəzləyəcək yeni bir sistem, yeni bir mexanizm necə ola bilər? Sual düşündürməlidir. Bu, bir təhdiddirmi?
Bu gün bəstəkarın işini süni intellekt əvəz edirmi? Zahirən baxdıqda süni intellekt çox rahat şəkildə bir musiqi bəstələyir. Amma o musiqinin içində insaniyyət, duyğu, bir ruh varmı? Bu sualın birmənalı cavabı yoxdur. Süni intellekt insan ruhunu, insan hissiyyatını əvəz edəcəkmi? Rəssamı əvəzləyə biləcəkmi? Çünki rəssam bir əsəri ərsəyə gətirəndə öz duyğularını, daxili aləmini, fəlsəfəsini ortaya qoyur.
Misal üçün, süni intellekt dublyaj sənəti baxımından insanların işini əvəzləyəcək bir təhdiddir əslində, bunu təhdid kimi qəbul etmək olar. Çünki dublyajı çox peşəkar həyata keçirir, çox qısa müddətdə istənilən tammetrajlı filmi dublyaj edərək onu artıq istifadəyə yararlı etmiş olur. Bu imkanlardan istifadə edilməlidirmi? Əlbəttə edilməlidir.
Bu gün biz rəqəmsallaşmanın faydasını harada görürük? Son illərdə mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində kifayət qədər yeniliklər edilib, yeni xidmətlər istifadəyə verilib. Ən başlıcası 2024-2026-cı illəri əhatə edən e-Culture Rəqəmsal İnkişaf Strategiyası Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan demək olar bütün sahələrin rəqəmsallaşdırımasını nəzərdə tutur. Artıq bu strategiyanın əksər istiqamətləri uğurla icra olunur. Məsələn, artıq iki muzey fondumuz - Azərbaycan Milli İncəsənət Muzeyinin və Dövlət Rəsm Qalereyasının əsas və əlavə fondları tam şəkildə rəqəmsallaşdırılaraq Vahid Mədəniyyət Reyestrinə daxil edilib. Bundan başqa, Milli İncəsənət Muzeyinin 18 min əsəri rəqəmsallaşdırılıb, onun əsasında 50 mindən çox məlumat və rəqəmsal informasiya vahid mədəniyyət reyestrinə daxil edilib.
Rəqəmsallaşma sahəsində digər məsələ Vahid Mədəniyyət Reyestridir (VMR) ki, artıq ölkənin istənilən bölgəsindəki maddi mədəni abidələr və ya obyektlərlə bağlı aidiyyəti məlumatlar həm vizual, həm də geniş databazası ilə əlçatandır. Reyestrdə daşınmaz, daşınar abidələr, mədəni sərvətlər, mədəniyyət müəssisələri və digər kateqoriyalar üzrə alt-sistemlər formalaşdırılmaqdadır.
"MyCulture" platforması üzrə 6 dövlət qurumu ilə 50-dən çox məlumat həddi inteqrasiya edilib. 2025-ci ildə "Myculture" vahid şəxsi kabinet üzərindən 7 xidmət tamamilə rəqəmsal formatda istifadəyə verilib.
- Siz nazir vəzifəsinə təyin olunandan dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən bir sıra forumlar təşkil olundu, incəsənətin müxtəlif sahələri üzrə monitorinqlər keçirildi, həmçinin digər işlər görüldü. Artıq islahatların ilk müsbət nəticələrindən danışmaq olarmı?
- Bir məsələni burada xüsusilə vurğulamaq istəyirik ki, mədəniyyət sahəsi çox həssas, çox incə bir sahədir. Bu, sırf insana bağlı olan bir sahədir və bunun təməlində insan amili dayanır. Ona görə bu sahə ilə bağlı qərarverməni adi idarəetmə strukturlarındakı kimi qərar qəbul etmə prosesi ilə eyniləşdirmək olmaz. Çox təhlil aparılmalıdır, mövzu, sahə hiss olunmalıdır.
Ən vacib uğurlardan biri bu sahədə kadr islahatlarına başlanılması və bunun artıq ilkin mərhələdə öz effektivliyini, səmərəliliyini göstərməsidir.
Biz prosesə başlayarkən Mədəniyyət Nazirliyi sistemində olan bütün əməkdaşların təhsil səviyyəsi ilə bağlı bir təhlil aparıldı. Məlum oldu ki, ümumi ali təhsillilərin sayı 15 faizə qədərdir. Xüsusi ali təhsili olanların sayı isə heç beş faizə çatmırdı. Təbii ki, əsas yük orta ixtisaslı şəxslərin və ümumi orta təhsili şəxslərin üzərinə düşürdü. Bu da artıq bu sahədə ciddi bir çağırış olduğunu göstərirdi ki, sahənin peşəkar idarə edilməsi, bu sahədə peşəkar fəaliyyətin təmin edilməsi üçün ciddi kadr islahatı həyata keçirilməlidir.
İlk mərhələdə 2023-cü ildə Elm və Təhsil Nazirliyi vasitəsilə Bakı Dövlət Universitetinə yeni ixtisasın açılması ilə bağlı müraciətimiz oldu. Çünki mədəniyyət sahəsində ən çatışmayan məqamlardan biri idarəçilərin, xüsusi mədəniyyət menecerlərinin olmamasıdır. Söhbət sahəyə bələd olan, onu hiss edən, eyni zamanda, idarəetmə bacarıqları olan şəxslərdən gedir.
ADA Universiteti ilə bizim artıq bu sahədə ciddi uğurlarımız var. İlk mərhələdə onlara müraciət edildi. ADA Universitetinin nəzdində mədəniyyət meneceri, mədəniyyət hüququ, mədəni-yaradıcı sənayelər və mədəni irs sahəsində idarəçilərin yetişdirilməsi üçün xüsusi təhsil proqramlarının formalaşdırılması ilə bağlı bir işə başlanılıb. Eyni zamanda, ADA Universitetinin Memarlıq və Dizayn fakültəsi açılıb. Bu fakültə çərçivəsində mədəni irsin bərpası istiqamətində bərpaçı mütəxəssislərin, memarların yetişdirilməsinə başlanılıb.
"Mədəni və yaradıcı sənayelər üzrə Xüsusi Təqaüd Proqramı" çərçivəsində mədəniyyət sahəsində müxtəlif ixtisasları əhatə edən ümumilikdə 45 tələbənin 20-dən çox xarici ölkədə təhsil alması təmin olunub. Bu il də proses davam etdiriləcək.
Əsas istiqamət ondan ibarətdir ki, bu gün sistem üzrə ali təhsillilərin sayı artırılmaqdadır. İşə qəbul zamanı ali təhsilli namizədlər, onların arasından isə xüsusi ali təhsilə malik şəxslər seçilir.
- Adil müəllim, bu gün klassik mənada bizim hər birimizin qəbul etdiyi, hiss etdiyi, öyrəşdiyi, təhsil aldığı, bilik əldə etdiyi kitabla bağlı durum necədir, bununla bağlı hansı işlər görülür?
- Bu gün dünya miqyasında çağırışlardan və ümumiyyətlə təhdidlərdən biri odur ki, kitab elektronlaşır, rəqəmsal mühitə gətirilir. Dövlət tərəfindən, təbii ki, qanunvericiliklə nəşriyyatların fəaliyyətinin təmin edilməsi, onlar üçün imtiyazların təqdim edilməsi istiqamətində kifayət qədər addımlar atılıb. 2023-cü ildə nəşriyyatlar üçün müvafiq imtiyazlar tətbiq edilib. Həm vergi qanunvericiliyində, həm də digər qanunvericilik aktlarında onların fəaliyyətini stimullaşdırmaq, həvəsləndirmək baxımından kifayət qədər işlər görülüb. Bu gün naşirlər üçün Mədəniyyət Nazirliyi fərqli istiqamətlərdə fəaliyyətlər həyata keçirir. Ən vacib fəaliyyətlərdən biri kitabxana fondlarının zənginləşdirilməsi üçün hər il Mədəniyyət Nazirliyi tərəfindən kitab alışlarının həyata keçirilməsidir. Ötən üç il ərzində dövlət nəşriyyatlardan ümumilikdə 1 milyon 500 min manatdan artıq həcmdə kitablar alıb. Yəni ildə 500-600 min manatlıq kitab alışı təmin edilir. Bu göstərici son 20 il ərzində həyata keçirilən kitab alışlarından daha çoxdur.
Bu, əslində təşviq edir və həvəsləndirir ki, nəşriyyatlar öz fəaliyyətlərinə davam etsinlər. Əsas istiqamətlərdən biri də məhz kitabın qorunması ilə bağlı çoxsaylı maarifləndirmə və təbliğat işlərinin təşkilidir. Ölkə ərazisində kitab festivalları təşkil edilir, xüsusilə də uşaqlarla bağlı festivallar mütəmadi keçirilir. Naşirlər Birliyi tərəfindən "Oxu günü" adlı xüsusi format təşkil olunur. Buna Mədəniyyət Nazirliyi də mütəmadi olaraq dəstək verir.
Hər il ölkəmizdə Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunur. Orada Azərbaycanın 120-dən artıq naşirinin iştirakına şərait yaradılır. Biz hər il oktyabr ayında Bakı Beynəlxalq Kitab Festivalını keçirərkən izdiham görürük. Beləliklə, artıq pessimist yox, daha optimist yanaşırıq ki, bəli, uşaqlarımızda, gənclərimizdə kitaba bir həvəs var. Bu həvəsi qorumaq bütün cəmiyyət olaraq bizim üçün bir vəzifədir, həm də mənəvi bir öhdəlikdir.
- Cənab nazir, kitab oxunması ilə bağlı vəziyyətə optimist yanaşdığınızı bildirdiniz. Bəs kino sənayesi ilə bağlı vəziyyət necədir? Kinolar, cizgi filmləri çəkilir. Tənqidlər də olur, təriflər olur də. Siz özünüz kinolarımızla, cizgi filmlərimizlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Kino iki tərəfə malikdir: həm sənətdir, həm sənayenin bir növüdür. Biz kinonu sənət kimi qorumalıyıq ki, o, inkişaf etsin. Sənət inkişaf etdiyi halda sənayeyə təsir edəcək, onun məzmununa, baxımlılığına, dəyərinin artmasına imkan yaradacaq.
Bu gün Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində kifayət qədər ciddi layihələr icra olunur. Cənab Prezidentin 2022-ci ildə imzaladığı Fərmanla Azərbaycan Respublikasının Kino Agentliyi yaradılıb. Kino Agentliyinin yaradılması əslində kino sahəsində dövlət tənzimlənməsini daha səmərəli şəkildə həyata keçirmək üçün bir imkan yaratdı.
Bu gün Mədəniyyət Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin əsas siyasəti ondan ibarətdir ki, dövlət kino istehsalatında iştirak etmir. Daha doğrusu, dövlət kino istehsal etmir. Dövlət bu prosesin icraçı tərəfində deyil, bu prosesin tənzimləyicisi, bu prosesin siyasətini müəyyən edən, şərait yaradan, ekosistemi formalaşdıran bir tərəfidir. Çünki əks təqdirdə, yəni dövlət kino istehsalına qoşulduğu, özü bu sahədə icraçılığa başladığı halda, rəqabət mühiti pozulmuş olar, kino sənayesi deyilən bir anlayış formalaşa bilməz. Çünki dövlət özü vəsait ayırırsa və özü də istehsal edərsə, bu, artıq kinonun dayanıqlı və sistemli şəkildə inkişafı üçün heç də əlverişli şərait yaratmaz.
Azərbaycan kinosunun böyük ənənələri var. Böyük ənənə üzərində yeni fəaliyyət qurulur, təmin olunur.
Cəmiyyət bu gün Azərbaycan kinosunu, Azərbaycan filmini ekranlarda, kinoteatrlarda rahatlıqla görə bilir. Son üç il ərzində 71 film istehsalata gedib. Bu da öz növbəsində dövr ərzində təxminən 2 minə yaxın daimi və müvəqqəti iş yerinin açılmasına səbəb olub. Bu, bizim üçün vacib və qürurverici bir göstəricidir. Qeyd edilən filmlərin arasında 20 tammetrajlı bədii film mövcuddur. Həmin filmlərin bir çoxunun istehsalı başa çatıb, artıq Azərbaycan filmləri kinoteatrlara verilir və kinoteatrlarda o filmlərə baxmaq üçün tamaşaçılarımız növbəyə düzülür.
Animasiya filmləri ilə bağlı da uğurlar var. Altı animasiya filmi istehsalata verilib, onlardan bir neçəsi üzrə iş yekunlaşıb.
Sənayenin inkişaf etdirilməsi üçün təşviq mexanizmlərindən istifadə olunur. Kino sahəsində tətbiq olunan "cash rebate" - (qismən geri ödəniş) mexanizmi bu baxımdan mühüm alətdir. Qaydalara əsasən Azərbaycan Respublikasında filmin istehsalı üçün mal, iş və xidmətlərin alınmasına istehsalçı tərəfindən çəkilmiş xərclərin 25 faizi geri qaytarılır. Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə əlavə olaraq çəkilmiş xərclərin 15 faizi məbləğində vəsait istehsalçıya geri qaytarılır. Bu mexanizm film istehsalını stimullaşdırmaqla yanaşı, xarici istehsalçıları da ölkəyə cəlb edir. Son 3 il ərzində xarici istehsalçılar Azərbaycan ərazisində film istehsalına 12 milyon ABŞ dolları vəsait xərcləyiblər.
Kino həm də Azərbaycanın mədəniyyət diplomatiyasında ana xətlərdən və alətlərdən biridir. Ona görə kinonun, kino məhsullarının ölkə xaricinə, dünya bazarına çıxarılması üçün bir çox işlər həyata keçirilməkdədir.
- Kinodan danışmışkən, yeni kinoteatrlar tikilirmi?
- Təbii ki, mədəniyyət infrastrukturunun özünün səmərəliliyi olmalıdır. Bu gün kinoteatrlardan danışırıqsa, "kinoteatrlar tikilmir" demək bir az düzgün olmaz. Çünki kinoteatrlar şəbəkə kimi tək binadan ibarət olmamalıdır. Bu, hansısa bir binanın, hansısa digər əyləncə mərkəzinin içində kinozallar kimi formalaşa bilər.
Klassik mənada kinoteatr şəbəkəsini formalaşdırmaq ənənəsi artıq əvvəlki kimi deyil. Bu gün, məsələn İngiltərədə - ən çox kinoteatr şəbəkəsinin olduğu ölkələrdən sayılır - bu istiqamətdə pandemiyadan sonrakı dövrdə ciddi eniş xətti var. Klassik mənada kinonun yayımını təşkil etmək üçün artıq yeni, kifayət qədər fərqli platformalar, yeni yanaşmalar mövcuddur. Ona görə klassik mənada kinoteatrların artım meylləri, özəl sektorun bura marağı getdikcə azalır.
Bu gün Azərbaycanda əsasən iki özəl kinoteatr şəbəkəsi və dövlət kinoteatr şəbəkəsi fəaliyyət göstərir. Bu, Nizami kinoteatrlar şəbəkəsidir. Biz Nizami kinoteatrlar şəbəkəsinin genişləndirilməsi niyyətindəyik. Özəl investisiyaları, sahibkarların diqqətini cəlb etmək üçün, onları bu sahəyə sərmayə qoymağa çağırırıq və həvəsləndiririk.
- Adil müəllim, Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə çalışan işçilərin attestasiyası nələri ortaya çıxardı?
- Azərbaycan musiqisi bu gün də dünya musiqisi içərisində öz yerini, öz çəkisini, öz məzmun yaratmaq, təsir etmək funksiyasını daşımaqdadır və biz bununla fəxr edirik. Çünki Azərbaycan mədəniyyətində, Azərbaycan incəsənətində musiqi xüsusi bir çəkiyə malik istiqamətdir. Bu, bizim millətimizin genetik kodlarına oturmuş yaradıcılığın ifadə formasıdır və bu gün də o peşəkarlıq var, davam edir və bunun əsasında da əsərlər yaradılır.
Bu gün incəsənət məktəblərində həyata keçirilən təhsil bizim üçün önəmlidir, Azərbaycan dövlətinin bu sahəyə qayğısının bariz təcəssümüdür. Dövlət bu sahəyə hər il külli miqdarda maliyyə vəsaiti sərf edir. Həmin vəsait hansı istiqamətə gedir və hansı faydanı verir? Biz bu prosesin ölçülməsini, qiymətləndirilməsini aparmalı idik və apardıq.
Rəqəmlərə nəzər yetirsək, hazırda Azərbaycanda 240-dək musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir və bu müəssisələrdə minlərlə şagird təhsil alır.
Modernləşmənin mühüm istiqaməti pedaqoji heyətin keyfiyyətinin artırılmasıdır. Son illərdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində ciddi addımlar atılıb. İndiyədək 10 mindən çox müəllim, yəni ümumi pedaqoji heyətin təxminən 80 faizi attestasiya prosesində iştirak edib. Bizim siyasətdə məqsəd kimisə işdən çıxartmaq, kimisə uzaqlaşdırmaq deyil. Məqsəd biliyi qiymətləndirmək və əldə edilmiş nəticəyə uyğun olaraq onları peşə vərdişlərinin, biliklərinin inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb etməkdir. Musiqi zövqünün formalaşması, musiqi duyumunun formalaşması, peşəkar sənətə münasibət, dəyərlərə münasibət məhz həmin incəsənət məktəblərindən başlayır. Əgər o proses zərərli həyata keçiriləcəksə, bu halda biz onun nəticələrini cəmiyyətdə görəcəyik və görürük də.
Növbəti mühüm addım təhsilin məzmununun yenilənməsidir. Bütün ixtisas proqramları yenilənib. İlk dəfə olaraq Fortepiano ixtisası üzrə yeni dərslik hazırlanıb. Qeyd etmək lazımdır ki, bu sahədə sonuncu belə dərslik ötən əsrin 50-ci illərində nəşr olunmuşdu.
Digər istiqamət qiymətləndirmə və nəticəyönümlü idarəetmə mexanizmlərinin tətbiqidir. İlk dəfə olaraq musiqi və incəsənət məktəblərinin məzunları üçün buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulur.
Bu sahədə idarəetmənin rəqəmsallaşdırılması ən vacib addımlardandır. Artıq direktor, müəllim və şagird qəbulu tam elektronlaşdırılıb. Təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsal idarəetmə sistemi yaradılıb. Bu, həm şəffaflığı artırır, həm inzibati prosesləri sadələşdirir, həm də qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə imkan verir. Bu ildən etibarən məzunlara "e-şəhadətnamə"nin verilməsi də bu rəqəmsal transformasiyanın mühüm tərkib hissəsidir.
Biz Elm və Təhsil Nazirliyindən olan həmkarlarımızla birlikdə Uşaq İncəsənət olimpiadasının keçirilməsi mövzusunda müzakirələr aparırıq. Bu, istedadlı uşaqların daha erkən mərhələdə üzə çıxarılması, onların stimullaşdırılması və gələcək peşəkar inkişafının dəstəklənməsi baxımından əhəmiyyətlidir.
- Təxminən ilyarım əvvəl Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi fəaliyyətə başladı. Mədəni və yaradıcılıq sənayelərinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bu gün təbii ki, mədəniyyətə yeni bir baxış mövcuddur. Bu yeni yanaşmalar içərisində ən vacib istiqamət mədəni və yaradıcı sənayelərdir. Mədəni və yaradıcı sənayelər mədəniyyət məhsullarının, mədəniyyət sahəsinə xidmətlərin kommersiyalaşan, onun maddi dəyər yaradan bir tərəfidir. Bu gün dünya iqtisadiyyatında, dünya ÜDM-ində və dünya məşğulluğunda mədəni yaradıcı sənayelərin payı artmaqdadır. Azərbaycanda da mədəni və yaradıcı sənayelərə ciddi diqqət yetirilir.
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Mədəni və Yaradıcı Sənayelərin (MYS) inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Biz Dövlət Proqramının hazırlanması istiqamətində biznes subyektləri ilə görüşlər keçiririk. Ölkədə MYS sahəsində sahibkarlıq subyektlərinin sayı sabit artım nümayiş etdirib və hazırda 25 minə yaxın belə subyekt var. Sektorun ölkə iqtisadiyyatındakı çəkisi də artmaqdadır. 2025-ci ildə MYS sahəsinin ÜDM-də payı 1 faizə çatıb. Bu sahədə xidmət ixracı da çoxalıb. 2025-ci ildə 265 milyon 487 min ABŞ dolları məbləğində MYS xidmət ixracı olub, bu da 2024-cü illə müqayisədə 23,3 faiz çoxdur. Bütün bunlar həm də yeni iş yerləri və yaradıcı məşğulluğun artması deməkdir.
Bu gün yeni mədəniyyət modelində mədəniyyətin funksionallığının artırılmasına xidmət edən ən vacib, əsas alət məhz mədəni və yaradıcı sənayelərdir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin ən görünən uğurlarından biri Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin təşkil edilməsi idi. Həmin mərkəz 2024-cü ilin dekabr ayında fəaliyyətə başladı.
Mərkəzin fəaliyyəti çərçivəsində 9 inkubasiya proqramı həyata keçirilib, 52 startap yaradılıb. Bu startaplardan 5-i KOBİA-dan "Startap şəhadətnaməsi", 2-si isə qrant əldə edib. Müxtəlif proqramlar çərçivəsində 100-dən çox rezident tədris proqramlarından yararlanıb. Sertifikat təlimlərində isə 700-dən çox gənc iştirak edib.
Mərkəzdə çox qısa zamanda geniş bir potensial formalaşıb, yəni gənclərdən ibarət yaradıcı şəxsləri bir araya toplayaraq onların yaradıcı imkanlarını biznesə çevirmək istiqamətində ciddi işlər görülüb. Gənclər Yaradıcı Mərkəzə toplaşaraq öz bizneslərini formalaşdırıb. Hətta bir neçə biznesin adını da çəkə bilərəm. Məsələn, "Kinobox" adlı layihə bu gün fəaliyyətdədir. Bu, bir növ kino yayım şəbəkəsi platformasıdır, rəqəmsal yayım şəbəkəsidir. Bu məhsul Yaradıcı Mərkəzdə formalaşıb, artıq o, maddi dəyər yaradan bir formaya malikdir.
Bundan başqa, gənclər "ByQR" adlı elektron rəqəmsal menyu, rəqəmsal menyu ilə bərabər Azərbaycan mədəniyyətini, incəsənətini, milli mətbəxi xüsusi tərzdə təqdim etməkdən ibarət olan bir elektron resurs formalaşdırıblar. Bu da artıq gəlirlə işləyən bir şirkət formasını alıb. Yəni onlar sıfırdan başlayaraq, startap formalaşdıraraq, sonradan biznes subyekti kimi təşkilatlanmış MMC yaradıblar və bu gün artıq o, 700 min dollardan çox dəyərə malik bir təşkilat kimi fəaliyyət göstərir. Hətta öz xidmətlərini xarici ölkələrə də satır.
Bunlardan başqa, "KəndəGet" startapı qrant əldə edib, Casting.az və "Biyer" startapları artıq gəlir əldə edən biznes subyektlərinə çevrilib.
- Cənab nazir, son dövrlər üçün Mədəniyyət Nazirliyinin əsas uğuru sizcə nə olub?
- Mədəniyyət Nazirliyi üçün son dövrün ən böyük uğuru, uğurlu hadisəsi kimi müsahibənin əvvəlində bəhs etdiyim "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qəbulu hesab olunur. Çünki bu, mədəniyyət sahəsində sistemli, dayanıqlı fəaliyyətin həyata keçirilməsi ilə bağlı 2040-cı ilə qədər olan yol xəritəsini müəyyənləşdirir. Bununla Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinə tamamilə yeni baxış və yeni fərqli bir forma müəyyən edilib.
Mədəniyyət konsepsiyası onu hər birimizin həyat tərzinin tərkib hissəsi, hər birimizin həyat tərzi kimi müəyyən edir. Fərqli bir baxışdır. Bunun əsasında xüsusilə də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən, milli-mənəvi dəyərlərin qorunmasına təminat verən yeni mədəniyyət modelinin formalaşdırılmasını ortaya qoyur ki, bu bir sıra istiqamətlərdə fəaliyyəti və mədəniyyətin funksionallığını təmin etməlidir.
Dövlət səviyyəsində, sosial, siyasi, iqtisadi vəzifələrin, "yumşaq güc" elementinin təsirinin və onun möhkəmləndirilməsi kimi ən vacib fəaliyyətin həyata keçirilməsinə təminat verən yeni model müəyyənləşdirilib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlatdığımız Uşaq İncəsənət Festivalını uğurlu bir layihə kimi qeyd etmək istərdim. Layihə 2023-cü ildə başlandı və üç il ərzində iki Uşaq İncəsənət Festivalı keçirildi.
Festivallarda 25 mindən artıq uşaq iştirak etdi, sonda 512 qalib elan olundu. Kifayət qədər yeni istedadlar aşkar etdik.
Uğurlardan biri də bizim ən vacib missiyamız olan Azərbaycan mədəni məzmunlarının ixrac edilməsi, Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi istiqamətində keçən il Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində Avstriyada, Vyana şəhərində "Theater Akzent"də "Arşın mal alan" operettasının ilk dəfə olaraq almanca səhnələşdirilməsi, teatrın özünün truppasının vasitəsilə tamaşaya qoyulması oldu. Tamaşa onların repertuarına daxil edildi. Bu, təbii ki, mədəniyyət diplomatiyamızda qeyd olunacaq uğurlardan biridir. Təbii ki, bu istiqamətdə işlərimiz hələ çoxdur, amma mən bunları xüsusi olaraq vurğulamaq istərdim.
- Adil müəllim, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı çağırışını xatırlatmaq istərdim. Bu məsələ "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyasında da yer alıb. Dilimizin qorunması ilə bağlı nazirlik hansı işləri həyata keçirir?
- Azərbaycan dili milli kimliyimizin əsas atributudur. Cənab Prezidentin bu çağırışı və cəmiyyət qarşısında qoyduğu bu mühüm tapşırıqlar düşünürəm ki, çox vacibdir və günümüz üçün çox böyük əhəmiyyət daşıyır. Məhz ona görə də Azərbaycan dili Prezident İlham Əliyevin təsdiqlədiyi mədəniyyət konsepsiyasında mədəniyyətin müstəqil sahəsi kimi müəyyən edilib. Əslində bu, mədəniyyətin müstəqil sahəsi kimi ilk dəfədir təqdim olunur, formalaşır və Mədəniyyət Nazirliyi qarşısında bu sahədə geniş bir fəaliyyətin həyata keçirilməsini müəyyən edir.
Təbii ki, Azərbaycan dili hər birimiz üçün əzizdir, doğmadır, milli kimliyimizin ana atributudur. Biz onu qorumalıyıq. Qorumaqla bərabər inkişaf etdirməliyik. Burada hər bir Azərbaycan vətəndaşının, xüsusilə də bu sahəyə cavabdeh olan Mədəniyyət Nazirliyinin vəzifəsi və öhdəliyi var.
Azərbaycan dilinin həm ölkə daxilində, həm regionda əsas ünsiyyət vasitəsi kimi təsir gücünü artırmaq, onun beynəlxalq dillər içərisində özünəməxsus yerini müəyyənləşdirmək və inkişafını təmin etmək bizim əsas vəzifələrimizdən biridir. Fəaliyyətimizi bu istiqamətdə qururuq və artıq Azərbaycan dili, onun inkişaf istiqamətləri ilə bağlı işçi qrupu formalaşdırılıb. Çünki "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyasında nazirliyin üzərində məhz Azərbaycan dili və Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi öhdəliyi var. Biz artıq bu istiqamətdə işə başlamışıq. Düşünürəm ki, konkret görüləcək işlər məhz həmin dövlət proqramı ilə birlikdə cəmiyyətimizə təqdim olunacaq. Dilimiz və onun qorunması hər zaman hər birimiz üçün müqəddəs bir vəzifədir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Azərbaycanda minimum saatlıq əməkhaqqı ilə bağlı YENİ XƏBƏR
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur













