Alimlər bəzi insanların altshaymer xəstəliyinə dözümlülüyünü üzə çıxarıblar
Far.Az xəbər saytı

Alimlər bəzi insanların altshaymer xəstəliyinə dözümlülüyünü üzə çıxarıblar


Merdok Universitetinin (Avstraliya) və "AdventHealth" tibb mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər ki, beyin sağlamlığının qeydinə qalmaq altshaymer xəstəliyinin yaddaşa və koqnitiv qabiliyyətlərə təsirini əhəmiyyətli dərəcədə zəiflədə bilər.

"Far.Az" xəbər verir ki, işin nəticələri "Medical Xpress" nəşrində təqdim olunub.

Tədqiqat çərçivəsində müstəqil yaşayan və yaddaş pozğunluğu və ya demensiya ilə bağlı qoyulmuş diaqnozu olmayan 65-80 yaş arası 600-dən çox ABŞ sakini müayinə edilib. Qan analizləri və maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə mütəxəssislər altshaymer xəstəliyinə xas olan erkən patoloji əlamətləri qeydə alıb, həmçinin koqnitiv qabiliyyətləri - diqqəti, işçi yaddaşı, məlumatların emalı sürətini və icraedici funksiyaları test ediblər. Bundan əlavə, sosial parametrlər - iştirakçıların təhsil səviyyəsi, gəlirləri və maliyyə rifahı nəzərə alınıb.

"İşimizin əsas nəticəsi ondan ibarətdir ki, beynin ümumi sağlamlığının qorunması altshaymer xəstəliyinin səbəb olduğu dəyişikliklərin koqnitiv funksiyalara təsirini yumşalda bilər", - tədqiqatın aparıcı müəllifi, Merdok Universitetindən doktor Kelsi Syuell qeyd edib.

Bundan əlavə, nəticələr nümayiş etdirib ki, daha yüksək sosial-iqtisadi vəziyyətə malik insanlar xəstəliyin yaddaşa təsiri qarşısında daha az həssas ola bilərlər. Bununla belə, bu qarşılıqlı əlaqənin təsdiqlənməsi üçün gələcək elmi tədqiqatlara ehtiyac var.

"Bu qoruyucu mexanizmlərin dərk edilməsi xəstəliyin yaddaş və düşüncə prosesləri üçün fəsadlarını minimuma endirməyə yönəlmiş daha erkən və dəqiq strategiyalar yaratmağa imkan verəcək", - deyə Syuell vurğulayıb.

Onun sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün sistemli şəkildə fiziki hərəkətlər etmək, sağlam qidalanma prinsiplərinə riayət etmək, tam yuxunu təmin etmək və mütəmadi olaraq qarşıya yeni intellektual tapşırıqlar qoymaq kimi aktiv həyat tərzi sürmək vacibdir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər