Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş etdirilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dövlət xadimi, dramaturq Elçin Əfəndiyevin anadan olmasının 83 illiyinə həsr olunmuş "Baş" tamaşası nümayiş etdirilib.
"Report" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə tamaşadan əvvəl çıxış edərək görkəmli yazıçının Azərbaycanın ictimai-siyasi həyatında, milli mədəniyyəti və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs edib. Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin ənənələrini davam etdirən Elçinin müxtəlif illərdə yazdığı əsərlərin həm yerli, həm də ölkə xaricində teatrlarda uğurlu nümayişlərindən danışaraq onların bütün dövrlərdə aktual olduğunu qeyd edib: "90-cı illərdə onun yazdığı trilogiya "Ah, Paris, Paris", "Mənim ərim dəlidir", "Diaqnoz D" möhtəşəm komediyalar idi. Elçinin komediyalarındakı gülüş dramaturgiyanın inkişafına yol açdı, Azərbaycan dramaturgiyası tamamilə yeni mərhələyə qədəm qoydu".
Görkəmli yazıçının bir sıra tamaşalarına quruluş verən rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Elçinin milli teatr prosesində əvəzsiz xidmətlərindən danışaraq, müəlliflə son yaradıcılıq işləri olan "Baş" tamaşasının ərsəyə gəlməsindən bəhs edib.
Sonra tamaşa təqdim edilib.
Nümayiş olunan "Baş" tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Tamaşada Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Cavidan Novruz, Tural İbrahimov, Nəzrin Abdullayeva, Günəş Təkin, Vüsal Mustafayev, Lalə Süleymanova, Ləman İmanova, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Kənan Hüseynov, Muhuma Sahov, Rəvan Səmədov və Rüfət Əhmədov çıxış ediblər.
"Baş" XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının "səyahəti" geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.
Qeyd edilməlidir ki, yazıçının "Baş" romanı rus, ingilis, türk, Ukrayna, italyan, rumın, ərəb, alman dillərinə tərcümə edilmiş, dünyanın müxtəlif ölkələrində nəşr olunmuşdur.
"Baş" tamaşasının premyerası 2025-ci il sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.
Oxşar xəbərlər
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













