Bakıdan dünyaya nümunəvi mesaj: Dünya Şəhərsalma Forumu hansı nəticələrlə yadda qaldı?
(WUF13) həm iştirakçı sayı, həm də siyasi və institusional çəkisi baxımından tədbirin tarixində yeni mərhələ kimi yadda qaldı. 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum bu günə qədər keçirilən ən genişmiqyaslı sessiya oldu.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu göstərici yalnız tədbirin miqyasını deyil, həm də Azərbaycanın beynəlxalq platforma kimi artan nüfuzunu ortaya qoydu. WUF13 eyni zamanda COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi yadda qaldı.
Forum çərçivəsində Bakı bir daha qlobal dialoq, çoxtərəfli əməkdaşlıq və beynəlxalq həmrəyliyin təşviq olunduğu mühüm mərkəz funksiyasını yerinə yetirdi. Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi ölkənin şəhərsalma və dayanıqlı inkişaf məsələlərində beynəlxalq proseslərə verdiyi töhfənin göstəricisidir.
WUF13-ün ən diqqətçəkən yeniliklərindən biri isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə forum tarixində ilk dəfə təşkil olunan Liderlərin Sammiti oldu. Mayın 18-də keçirilən sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Çıxışlarda Azərbaycanın qonaqpərvərliyi, forumun yüksək səviyyədə təşkili və beynəlxalq dialoq üçün yaradılan şərait xüsusi vurğulandı. Sessiya həm də Azərbaycanın yeni beynəlxalq siyasi dialoq formatları təşəbbüsü və müxtəlif tərəfləri ortaq platformada bir araya gətirmək imkanlarını nümayiş etdirdi.
Forum çərçivəsində keçirilən digər mühüm tədbirlərdən biri də Azərbaycanın sədrliyi ilə təşkil olunan nazirlər görüşü idi. Mayın 17-də baş tutan görüşdə 70-ə yaxın ölkəni təmsil edən nazirlər və nazir müavinləri iştirak etdilər. Görüşün yekununda qəbul olunan "Sədrin xülasəsi" sənədində bir sıra vacib məqamlar əksini tapdı. Sənəddə Prezident İlham Əliyevin liderliyi vurğulandı, WUF13-ün forum tarixinin ən böyük sessiyası olduğu qeyd edildi və Azərbaycan hökuməti ilə xalqına təşəkkür ifadə olundu. Bununla yanaşı, forum çərçivəsində tətbiq olunan innovativ yanaşmalar, xüsusilə Liderlərin Bəyanatları Sessiyasının təşkili və gələcək WUF sessiyaları üçün Bakı standartlarına əsaslanan əməliyyat təlimatlarının hazırlanması təşəbbüsü müsbət qiymətləndirildi. Sənəddə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma işləri də xüsusi qeyd olundu. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesinin oxşar vəziyyətlərlə üzləşən ölkələr üçün nümunə ola biləcəyi vurğulandı.
WUF13 Azərbaycan üçün yalnız ev sahibi statusu ilə deyil, həm də öz inkişaf modelini təqdim etmək baxımından əhəmiyyətli platforma oldu. Forum zamanı ölkənin bir neçə istiqamətdə topladığı təcrübə beynəlxalq auditoriyaya təqdim edildi.
Xüsusilə, qədim memarlıq irsinin qorunması ilə müasir şəhərsalmanın uzlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, həmçinin "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması diqqət mərkəzində oldu.
Azərbaycan tərəfi postmünaqişə dövründə 9 şəhər və 100-dən artıq kəndin yenidən qurulması istiqamətində görülən işləri şəhərsalma və dayanıqlı inkişaf kontekstində təqdim etdi. Eyni zamanda, bərpa prosesində ekoloji məsələlərə və yaşıl infrastruktura verilən önəm xüsusi vurğulandı.
Forumun əsas nəticələrindən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli forumun təşkil olunması oldu. Tədbirin yekununda qəbul edilən "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" adlı kommünikedə təmiz hava məsələsinin Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində daimi mövzu kimi təsbit olunmasına çağırış edildi. Sənəddə təmiz hava və yaşıl infrastruktur məsələlərinin gələcək Ümumdünya Şəhərsalma forumlarının daimi gündəlik mövzularından birinə çevrilməsi təklif olundu.
Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis edilməsi də ölkənin qlobal şəhərsalma gündəliyində daha fəal iştirak etmək niyyətinin göstəricisidir.
WUF13 çərçivəsində diqqət çəkən məqamlardan biri də forumun təşkili zamanı tətbiq olunan idarəetmə və koordinasiya modelinin beynəlxalq səviyyədə maraq doğurması oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanan Niyyət Məktubu gələcək forumların təşkili üçün "Bakı standartları" əsasında əməliyyat təlimatlarının hazırlanmasını nəzərdə tutur.
Bu isə Azərbaycanın artıq yalnız tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də beynəlxalq tədbirlərin təşkili üzrə yeni idarəetmə yanaşmaları təqdim edən platformaya çevrildiyini göstərir.
Oxşar xəbərlər
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













