Paşinyanın Yekaterinburq görüşünün pərdəarxası - Kremlin təzyiqi, İrəvanın həbs dalğası - ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyan gərgin keçən parlament seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya edib.
Uzun müddət Rusiyanın təşkil etdiyi sammit və tədbirlərdən, Moskvaya səfərlərdən imtina edən N.Paşinyanın birdən-birə Yektrinburqa səfər etməsi, rusiyalı həmkarı Mixail Mişustinlə görüş keçirməsi syasi ritorikanın artıq real şərtlərlə toqquşmasından xəbər verir.
Əslində, Nikol Paşinyan seçkilərdən əvvəl də qalib gələcəyi təqdirdə ilk səfərini Rusiyaya edəcəyini bildirmişdi. Bu, Baş nazirin Kreml ilə birbaşa təmas axtarışlarında olduğunu göstərirdi, çünki son aylar Moskvanın iqtisadi təzyiq rıçaqları Ermənistan iqtisadiyyatına ciddi şəkildə təsir etməyə başlayıb. Bununla belə, Paşinyanın Putin ilə bir masa arxasında oturmaq istəyi baş tutmayıb.
Onun Mişustin tərəfindən qəbul edilməsi Rusiyanın Ermənistana tətbiq etdiyi soyuq diplomatiyanın hələ də davam etdiyini, İrəvan-Moskva xəttindəki sərt siyasi ritorikanın iqtisadi təzyiq müstəvisinə keçdiyini göstərir. Qısa müddətə başa çatan bu görüş tərəfdaşlıq müzakirəsindən daha çox, Rusiyanın öz "qırmızı xətlərini" rəsmən təqdim etdiyi ultimativ məzmunlu danışıqları xatırladıb.
Paşinyanın səfəri zamanı diqqətçəkən məqamlardan biri də erməni diasporu tərəfindən keçirilən sönük etiraz aksiyası olub. Aksiyanın cəmi 1-2 nəfərlik piket və heç kəsin anlamadığı, əhəmiyyət vermədiyi şüarlarla başa çatması əslində İrəvandakı hakimiyyət dəyişikliyi iddiası ilə xaricdəki erməni diasporunun radikal qanadının gücü arasındakı uçurumu açıq şəkildə ortaya qoyur. Bu, eyni zamanda, göstərir ki, Paşinyanın qələbəsindən sonra erməni diasporunun İrəvandakı siyasi proseslərə təsir imkanları ciddi şəkildə zəifləyib.
Tərəflərin görüşü zamanı səsləndirilən fikirlərə əsasən, qənaətə gəlmək olar ki, Paşinyan Kreml ilə iqtisadi körpüləri tam yandırmaq niyyətində olmadığını dilə gətirib. Çünki Aİ ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri hələ uzun illər üzərində iş vəd edir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ermənistana səfəri zamanı verdiyi bəyanatlar da bunu təsdiqləmiş oldu. Buna görə də birdən-birə bu körpüləri yandırmaq İrəvana baha başa gələ bilər. Bu mənada, Paşinyanın hazırda Avrasiya İqtisadi İttifaqı (Aİİ) formatının imkanlarından yararlanmağa davam etmək istədiyini də dilə gətirməsi təsadüfi deyil.
İrəvanın məqsədi Qərbə doğru strateji meyillənmənin Moskva tərəfindən dərhal sərt cəza mexanizmləri ilə qarşılanmamasını təmin etmək, bir növ Kremlin iqtisadi qəzəbini neytrallaşdırmaqdır. Səfərdən əvvəl də rəsmi İrəvan heç bir iddialı siyasi bəyanat səsləndirməyib və bu səfəri hökumətin işgüzar səfəri kimi xarakterizə edib. Amma səfərdən üç gün əvvəl Rusiya tərəfinin Baş nazir Nikol Paşinyanın adını "İNNOPROM 2026" sərgisinin əsas spikerlər siyahısından çıxarması Kreml tərəfindən verilən sərt mesaj kimi oxunmalıdır. Yəni Moskva açıq şəkildə bildirir ki, Paşinyan artıq bu platformada bərabərhüquqlu spiker deyil, sadəcə Moskvanın iqtisadi şərtlərini dinləməyə gələn bir tərəfdir. Bu səbəbdən Paşinyan Yekaterinburqda ancaq rəqəmsallaşma və süni intellekt kimi qeyri-siyasi, ümumi iqtisadi tezislərlə çıxış etməyə məcbur qaldı və bununla da Kremlin onun üçün cızdığı dar çərçivədən kənara çıxmaqda çətinlik çəkdiyini nümayiş etdirdi.
Eyni zamanda, Rusiya Baş nazirinin açıqlamaları daha çox ultimatum xarakterli, konkret şərtlər üzərində qurulmuş iqtisadi direktiv sayıla bilər. Məsələn, Mişustinin "rusiyalı investorların hüquqlarının, qanuni maraqlarının və investisiya mühitinin sabitliyinin təmin olunması" tələbi əslində birbaşa sərt reaksiya kimi xarakterizə olunmalıdır. Çünki Moskvanın Ermənistandakı ən böyük iqtisadi dayaqlarından biri "Tashir Group"un rəhbəri Samvel Karapetyana qarşı atılan addımlar Kremldə birmənalı qarşılanmayıb. Rusiya Mişustin vasitəsilə İrəvana başa salır ki, Ermənistandakı iqtisadi mövcudluğuna toxunmaq Moskva üçün yolverilməzdir.
Moskvanın İrəvana yönəlik əsl niyyəti və real təzyiq mexanizmləri danışıqlar masasına əyləşdirilən nümayəndə heyətinin tərkibində də özünü aydın büruzə verirdi. Məsələn, Ermənistan mallarının Rusiyaya idxalına qadağa qoyan "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin danışıqlarda iştirakı Ermənistanın iqtisadi asılılığının vizual nümayişi idi.
"Rosatom"un rəhbərinin də görüşdə iştirakı son illər Ermənistanın nüvə enerjisi məsələsində Qərbə, xüsusən də ABŞ-yə meyillənməsi, alternativlər axtarmasına bir cavab kimi sayılmalıdır. Moskva Paşinyana açıq şəkildə bildirir ki, Ermənistanın enerji təhlükəsizliyi, nüvə energetikası kimi strateji sahələr birbaşa Rusiyanın inhisarındadır. Başqa nüvə partnyorları axtarışına çıxan Paşinyana açıq mesaj ötürülür ki, Rusiyanın razılığı və iştirakı olmadan Ermənistan energetika sektorunda ciddi addımlar ata bilməz.
Paralel olaraq da "Rusiya Dəmir Yolları"nın rəhbərinin də iştirakına Paşinyanın son dövrlər Ermənistandakı dəmir yollarının taleyi ilə bağlı açıqlamaları prizmasından baxa bilərik. Səfərdən cəmi dörd gün əvvəl keçirdiyi brifinqdə Paşinyan xatırladıb ki, dəmir yolları Rusiya tərəfindən idarə olunmasa da, mülkiyyət hüquqları Ermənistana aiddir.
Moskva isə Paşinyana açıq şəkildə bildirir ki, Ermənistanın dəmir yollarının açarı Rusiyanın əlindədir və onu milliləşdirmək, üçüncü tərəfə ötürmək tipli açıqlamalar maraq toqquşması deməkdir. Bir sözlə, Kreml bu heyətlə İrəvana başa saldı ki, Ermənistanın iqtisadi rıçaqları hələ Moskvanın əlindədir və istədiyi vaxt istədiyi rıçaqı işə salaraq, Paşinyanın qərbyönlü hökumətini çıxılmaz vəziyyətə sala bilər.
Maraqlıdır, Paşinyanın Yekatrinburqa səfəri ilə paralel İrəvanda bir sıra maraqlı proseslər cərəyan etdi ki, bunların da birbaşa səfər ilə əlaqəsi olduğunu söyləmək olar. Məsələn, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın həbsi "beşinci kolon"un onurğa sütununun qırılması deməkdir. Çünki Tasurkyan ən böyük oliqarxlardan və Kremlin Ermənistanın daxili siyasətindəki güclü fiqurlarından biridir. Bu həbsə həm də Mişustinin ultimatumlarına qarşı Paşinyanın cavabı kimi də baxa bilərik. Rusiya Baş nazirinin rusiyalı investorlara şərait yaratmağı tələb etdiyi bir vaxtda Moskvanın ən böyük rıçaqlarından birinin həbsi ilə Paşinyan göstərir ki, əgər Kreml iqtisadi qadağalar və "Rosatom", "Rosselxodnadzor" kimi nəhənglərlə onu dalana dirəməyə çalışmağa davam etsə, erməni hökuməti də Rusiyanın siyasi proksilərini, oliqarxlarını və təsir agentlərini sıradan çıxaracaq. Bir sözlə, Tsarukyanın həbsinə danışıqlar masasında Paşinyanın əlini gücləndirmək üçün atılmış addım kimi baxmaq lazımdır
Paralel olaraq isə eyni gün eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku da mandatları qəbul etmək qərarını açıqladı. Bu, əslində Köçəryanın strateji çarəsizliyinin tablosudur. Bir müddət əvvəl küçə mübarizəsi ilə Paşinyanı devirəcəyini, revanşizmi dəstəkləyəcəyini bildirən Köçəryan artıq anlayıb ki, Rusiya onu birbaşa hakimiyyətə gətirmək gücündə deyil. Bu səbəbdən də Moskvaya olan ümidləri sarsılmış, küçə mübarizəsinin isə əsaslı nəticə verməyəcəyini dərk etmiş eks-prezident üçün parlament artıq mübarizə məkanı yox, siyasi sığınacaq yerinə çevrilib.
Yekun olaraq söyləyə bilərik ki, Paşinyanın səfəri və paralel olaraq İrəvanda baş verən hadisələr göstərir ki, İrəvan-Moskva xəttində artıq söz və ritorika dövrü bitib. Erməni Baş nazir Rusiyanın təqdim etdiyi iqtisadi üstünlüklərdən, Aİİ qazanclarından faydalanmağa çalışsa da, Kreml ilə dialoqa açıq olduğunu bəyan etsə də, Şimaldan əsən sərt və soyuq külək artıq iqtisadi rıçaqların daha sərt olacağına işarə edir...
Kamil Məmmədov
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı
-
"Qarabağ" Dani Boltla yolları ayırıb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
ABŞ İslandiyanın NATO-da qalmasını istəyir
-
"Prius" manevr edərkən hadisə törədib, qaçdı













