Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
Far.Az xəbər saytı

Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"


Azərbaycanda balıqçılıq və akvakultura sektorunun inkişafı həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin plenar iclasında "Balıqçılıq haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının digər sahələri kimi balıqçılıq da böyük potensiala malikdir. Deputat bildirib ki, son illər sektorda inkişaf imkanları genişlənsə də, balıq ehtiyatlarının qorunması, ekoloji tarazlığın saxlanılması, nəzarət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də normativ-hüquqi bazanın beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərə ehtiyac qalır.

T.Rzayev qeyd edib ki, hazırda qüvvədə olan "Balıqçılıq haqqında" qanun 1998-ci ildə qəbul edilib və son illərdə sahədə baş verən texnoloji yenilikləri, ekoloji çağırışları, eləcə də beynəlxalq idarəetmə prinsiplərini tam əhatə etmir. Bu səbəbdən balıqçılıq və akvakultura sahəsində hüquqi bazanın müasir tələblərə uyğun yenilənməsi zəruridir.

Deputatın sözlərinə görə, Xəzər dənizində və daxili su hövzələrində bioloji resursların qorunması, onların səmərəli və dayanıqlı idarə olunması, eyni zamanda bu ehtiyatların ölkənin ərzaq təhlükəsizliyinə, məşğulluğa və ixrac potensialına töhfəsinin artırılması sahənin hüquqi tənzimlənməsində yeni yanaşmalar tələb edir.

O bildirib ki, təqdim olunan "Balıqçılıq haqqında" yeni qanun layihəsi balıqçılıq və akvakultura sahəsinin dayanıqlı inkişafı üçün zəruri hüquqi baza formalaşdıracaq. Layihə hazırlanarkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa İttifaqının, həmçinin Qara dəniz və Xəzər hövzəsi ölkələrinin müvafiq qanunvericilik təcrübəsi və prinsipləri nəzərə alınıb.

T.Rzayev vurğulayıb ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində hüquqi tənzimlənmənin təkmilləşdirilməsinə, su bioresurslarından səmərəli istifadənin və onların mühafizəsinin təmin olunmasına, eləcə də nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Deputat hesab edir ki, əvvəlki qanundan fərqli olaraq, yeni layihədə anlayışlar sistemi əsaslı şəkildə yenilənib, idarəetmə və nəzarət mexanizmləri müasirləşdirilib. Sənəd balıqçılıq sahəsində idarəetmənin rəqəmsallaşdırılmasını, informasiya sistemləri vasitəsilə balıqçılıq subyektlərinin, istifadə olunan su bioresurslarının və dövriyyəyə buraxılan məhsulların uçotu və izlənilməsi mexanizmlərinin yaradılmasını da nəzərdə tutur.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər