İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulacağına ümid edirəm - ƏLAVƏ OLUNUB
Far.Az xəbər saytı

İlham Əliyev: ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulacağına ümid edirəm - ƏLAVƏ OLUNUB


Azərbaycan ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulacağına ümid edir.

"Far.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan, demək olar, müharibənin mərkəzindədir:

"Hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir. Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Xüsusilə də, bu məsələdə Pakistanı, dostum Şahbaz Şərifin səylərini qeyd etmək istəyirəm. Onlar vasitəçilik baxımından ABŞ və İran arasında böyük iş görüblər. Təəssüf ki, bu, çox çəkmədi. Ancaq yenə də ümid edirəm ki, hazırkı münaqişənin yenidən başlanması uzunmüddətli olmayacaq. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir".

İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan bu məsələdə yalnız sülh istəyir:

"Bizim sərhədlərimizin hüdudları boyunca sabitlik var. Ancaq sərhədləriniz boyunca münaqişələr varsa, özünüzü təhlükəsiz hiss edə bilməzsiniz. Azərbaycan bir ildən azdır ki, sülh şəraitində yaşayır. Biz sərhədlərimizin şimalında da, cənubunda da sülh olmasını istəyirik. Təbii ki, sülh ədalətli olmalı, beynəlxalq hüquqa söykənməlidir. Çünki Azərbaycan Ermənistanla münaqişə dövründə də hər zaman beynəlxalq hüququn tərəfdarı olub. Biz özümüzü həm qoruyur, həm də müdafiə edirdik. Çünki Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindən işğala məruz qalmışdı. Hər zaman münaqişəni sülh yolu ilə həll etməyə çalışırdıq. Ancaq bu, baş vermədi və məsələni hərbi yolla həll etdik, lazım olduğundan daha irəli getmədik. Halbuki qəlbimizdə 30 ildir yara var idi. Yenə də lazım olan məqamda dayandıq. Təbii ki, başqa imkanlarımız da var idi. Ancaq biz müdrik məsuliyyətli tərəfdaş olduğumuzu sübut etdik".

Dövlət başçısı eyni zamanda qeyd edib ki, Pakistana beynəlxalq səviyyədə hörmət var:

"ABŞ və İran arasında vasitəçilik edə bilən yeganə ölkə oldu. Bu məsuliyyəti öz üzərinə götürə bildi. Son hadisələri və yeni gərginlikləri nəzərə alaraq bu mübarizədə atəşkəs çox vacibdir. Düşünürük ki, bunu Pakistandan yaxşı heç kim edə bilməz. Əminəm ki, Pakistan bundan sonra da səylərini davam etdirsə, yeni nailiyyət əldə edəcək və Orta Şərqə sülh gələcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər