"Neftçi"nin 99 yaşlı rəqibi: SSRİ çempionu olmuş "Dinamo" - TANITMA
Far.Az xəbər saytı

"Neftçi"nin 99 yaşlı rəqibi: SSRİ çempionu olmuş "Dinamo" - TANITMA


"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan "Dinamo" (Minsk) Belarusun ən titullu və ənənəsi olan klublarından biridir.

"Far.Az"un məlumatına görə, 1927-ci ildə təsis edilən paytaxt təmsilçisi həm SSRİ dövründə, həm də Belarus müstəqillik qazandıqdan sonra ölkə futbolunun aparıcı komandalarından sayılıb.

"Dinamo" həm də uzun illər Belarus futbolunun siması olub və müntəzəm olaraq avrokuboklarda iştirak edir. Lakin son illərdə ölkə klublarına tətbiq olunan UEFA məhdudiyyətləri səbəbindən ev oyunlarını neytral meydanlarda keçirirlər. Minsk təmsilçisi cari mövsümdə rəqiblərini Bolqarıstanın Stara Zaqora şəhərindəki Beroe stadionunda qəbul edir.

Klub sovet dövründə "Dinamo" İdman Cəmiyyətinin tərkibində yaradılıb. Minsk komandası ölkəni SSRİ yüksək liqasında təmsil etmiş yeganə klubdur. "Dinamo"nun ən yaddaqalan uğuru 1982-ci ilə təsadüf edir. Həmin vaxt paytaxt təmsilçisi SSRİ çempionu olub. 1954, 1963, 1983-cü illərdə isə bürünc mükafata sahib çıxıblar.

Komanda hazırda ev oyunlarını 22 min azarkeş tutumuna malik "Dinamo" Milli Olimpiya Stadionunda keçirir. Klubun prezidenti Andrey Tolmaç, baş məşqçisi Alyaksandr Şaqoykodur. Minsk təmsilçisi ötən il çempionatı ikinci sırada bitirib. "Ağ-göylər" hazırda davam edən liqada 14 turdan sonra 33 xalla liderdir.

"Dinamo" doqquz (1992, 1992/1993, 1993/1994, 1994/1995, 1995, 1997, 2004, 2023, 2024) dəfə Belarus çempionluğu sevincini yaşayıb. Komanda 1992-ci il, 1993/1994 və 2002/2003 mövsümündə Belarus Kubokunu qazanıb.

Minsk klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan "Dinamo" cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq qarşılaşmanı əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə rəqibini 6:5 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

Komandanın heyətində yerli futbolçular üstünlük təşkil edir. Lakin Fildişi Sahili, Nigeriya, Mərkəzi Afrika Respublikası və Kamerundan olan legionerlər də "Dinamo"nun uğurları üçün çalışır.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab qarşılaşmaları 30-da baş tutacaq. "Neftçi" ilk oyunu evdə keçirəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər