Növrəs Cəfərov: Soltanlı kəndində yaşayış evlərinin inşasında işlərin 50 %-i görülüb
Far.Az xəbər saytı

Növrəs Cəfərov: Soltanlı kəndində yaşayış evlərinin inşasında işlərin 50 %-i görülüb


Cəbrayıl rayonunun Soltanlı kəndində bəzi evlərdə son tamamlama işləri aparılır.

"Far.Az"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.

Kəndin təməli 2023-cü il noyabrın 24-də qoyulub.

N. Cəfərov qeyd edib ki, Soltanlı kəndində yaşayış evlərinin inşasında ümumi işlərin 50 %-i görülüb. Onun sözlərinə görə, kənddə sosial obyektlər üzrə ümumi icra səviyyəsi təxminən 30 % təşkil edir.

Tikinti işləri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində icra olunur.

O bildirib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın "KESZ" Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Kəndin ümumi ərazisi 108 hektar təşkil edir. Burada hər biri 12 sot həyətyanı sahəsi və bu sahədə köməkçi tikilisi də olmaqla 420 fərdi yaşayış evinin tikintisi aparılır. Bunlardan 80-i iki otaqlı, 200-ü üç otaqlı, 110-u dörd otaqlı, 30-u da beş otaqlı fərdi evlərdir.

420 fərdi yaşayış evindən başqa, burada inzibati bina, çoxfunksiyalı bina, 140 yerlik uşaq bağçası, həkim-tibb məntəqəsində inşa edilir, bayraq meydanı və digər sosial infrastruktur yaradılır. Hazırda 420 evdən 336-da qaba tikinti işləri başa çatdırılıb, 73 evdə dam örtüyü tamamlanıb, daxili mühəndis–kommunikasiya xətləri çəkilir və daxili bəzək işləri aparılır.

"Belə ki, inzibati binalardan çoxfunksiyalı binanın qaba tikintisi yekunlaşıb, dam və fasad işləri davam edir. Həkim-tibb məntəqəsinin qaba tikinti işləri davam etdirilir", - o deyib.

N. Cəfərov bildirib ki, 140 yerlik uşaq bağçasının qaba tikinti işləri tamamlanıb, dam və fasad işləri aparılır.

"Kəndin inşasında müasir şəhərsalma prinsiplərinə uyğun işlər aparılır. Həmçinin Soltanlı kəndi təkcə evlərin deyil, müasir sosial - iqtisadi imkanlar yaradılarkən, əhalinin rahat yaşayışı üçün bütün infrastruktur layihələrin ən yüksək səviyyədə inşa edildiyi müasir yaşayış məntəqələrindən biri olacaq".

Qeyd edək ki, Soltanlı kəndi Horadiz – Ağbənd magistral yolu və Horadiz – Ağbənd dəmir yolunun sol hissəsində yerləşir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər