ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) "Elektron Auksion Portalı"nda fəallığı yüksəltmək məqsədilə birbaşa satış üsulunda həddin artırılması ilə bağlı dəyişikliklər gözlənilir.
"Report" xəbər verir ki, bunu ƏSF-in Hüquq departamentinin rəhbəri Azər Əmirov Milli Mətbuat Günü münasibətilə keçirilən Dialoq və Əməkdaşlıq Forumunda bildirib.
Onun sözlərinə görə, elektron portal dəyəri 1000 manatadək olan əmlakların, xüsusilə tez xarab olan və aşağı qiymətli əşyaların reallaşdırılması üçün yaradılıb, belə ki, qaydalarda birbaşa satış metodu həmin məbləğdən az olan əmlaklar üçün tətbiq edilir:
"Portalın potensialı genişdir, lakin bu günədək onun vasitəsilə satışdan ciddi bir nəticə əldə edə bilməmişik. Bunun da müəyyən səbəbləri mövcud olub - bankın ləğvi prosesi başlayarkən həmin əmlakların vaxtında, bazarın tələblərinə uyğun formada peşəkar fotoşəkillərinin çəkilərək portala yerləşdirilməsi və bu kimi digər imkanlar məhdud xarakter daşıyıb. Biz bu prosesə 2021–2022-ci illərdə start vermişik. Ancaq həmin əmlaklar daha əvvəlki bankların fəaliyyəti dövründə daha çox olub, kütləvi xarakter daşıyıb. Məcburiyyət qarşısında həmin vaxtlarda bu əmlaklar anbar şəraitində saxlanılıb ki, onların da portal vasitəsilə satışı gözlədiyimiz səviyyədə effektiv nəticə verməyib. Eyni zamanda ƏSF-də bu aktivlərin satışına yönəlmiş xüsusi bir struktur qurum mövcud deyildi. Biz məcburi qaydada bunu bir strukturumuz vasitəsilə, olduqca məhdud kadr heyəti ilə idarə etməyə cəhd göstərirdik. Həyata keçirilmiş müəyyən kadr islahatları və struktur dəyişiklikləri çərçivəsində əmlakların daha səmərəli idarə olunması məqsədilə artıq müvafiq şöbəmiz fəaliyyətə başlayıb. Ümid edirik ki, biz həmin portalımızı daha da təkmilləşdirəcəyik və orada müəyyən satışlara nail olmaq mümkün olacaq, nəzərə alsaq ki, həmin əsas vəsaitlər ləğv prosesində olan bankların əsas vəsaitlərinin həcm baxımından çox böyük hissəsini təşkil etmir".
A.Əmirov bildirib ki, daşınmaz əmlakların, avtomobillərin, həmçinin bank avadanlıqlarının bu sahədə payı daha böyükdür: "Onların da, bir qayda olaraq, dəyəri 1000 manatdan yuxarı olduğundan açıq hərrac yolu ilə reallaşdırılır ki, bu prosesi hərrac təşkilatları həyata keçirir. Hərrac təşkilatları isə bununla əlaqədar elanlarını kütləvi informasiya vasitələrində dərc etdirməlidir. Biz də həmin hərrac təşkilatları üzərində monitorinq işlərinə start vermişik ki, ƏSF tərəfindən onlara sifariş verilərkən elanları KİV-lərdə daha əlçatan formada potensial alıcıların nəzərinə çatdırsınlar".
Həmçinin, onun sözlərinə görə, birbaşa satış üsulundakı 1000 manatlıq həddin artırılmasını da nəzərdən keçirilir, çünki bu rəqəm indiki reallığı əks etdirmir.
"Ehtimal ki, həmin məbləğin aktuallığı yenidən dəyərləndirilməli və artırılmalıdır. Bu məsələ ilə bağlı bir dəfə təklifimiz olmuşdu, lakin o vaxt qəbul edilməmişdi. İndi yeni çağırışlar fonunda qaydalarda dəyişikliklər nəzərdə tuturuq. Təklif təsdiqləndiyi halda həmin məbləğlər artacaq. Məbləğ yüksəldildiyi təqdirdə oradakı fəallığın da artacağını hesab edirik. Yəni 1000 manat deyil, bəlkə 5000 manatadək dəyəri olan əmlaklar orada satışa çıxarılarsa və bunun düzgün marketinqi də birgə aparılarsa, satışların artmasına nail olmaq mümkün olacaq", - Fond rəsmisi deyib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb
-
Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"













