Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: sahibkarlar üçün hansı imkanlar yaranır?
Prezident İlham Əliyev tərəfindən imzalanmış "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ixracın stimullaşdırılması istiqamətində tətbiq olunan mühüm iqtisadi təşviq mexanizmidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, sənəd ilk növbədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac xərclərinin azaldılmasına, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Fərmanla sahibkarların ixrac xərclərinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi mexanizmi müəyyənləşdirilib.
Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımlar dövlət tərəfindən kompensasiya ediləcək. Kompensasiyanın məbləği ixrac olunan məhsulun növünə, göndərildiyi ölkəyə və hər ixrac gömrük bəyannaməsi üzrə müəyyən ediləcək yuxarı həddə uyğun hesablanacaq. Malların Azərbaycan mənşəli olması isə qanunvericiliyə uyğun olaraq mənşə sertifikatı ilə müəyyən olunacaq.
Kompensasiya hər rüb ərzində ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş ölkə mənşəli qeyri-neft-qaz mallarına görə həmin rüb başa çatdıqdan sonra ixracatçının müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək. Bu dəstək aləti 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac əməliyyatlarına tətbiq olunacaq.
Bu yanaşma kompensasiyanın faktiki, yəni həyata keçirilmiş ixrac əməliyyatları əsasında ödənilməsini təmin edir, dövlət dəstəyinin daha məqsədyönlü tətbiqinə şərait yaradır. Həmçinin, bununla sahibkarlar real ixrac fəaliyyətini genişləndirməyə təşviq olunur.
Mühüm üstünlüklərdən biri ixrac əməliyyatlarının maya dəyərinin azalmasıdır. Xüsusilə kiçik və orta sahibkarlar üçün gömrük rəsmiləşdirilməsi xərcləri bəzən xarici bazarlara çıxışda ciddi maneəyə çevrilirdi. Yeni mexanizm maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə müəssisələrin dövriyyə vəsaitlərinə qənaət etməsinə, əldə olunan vəsaiti istehsalın genişləndirilməsinə yönəltməsinə şərait yaradacaq.
Rüblük kompensasiya mexanizmi isə müəssisələrin pul vəsaitlərinin idarə olunmasını asanlaşdırır və onların maliyyə dayanıqlılığını gücləndirir.
Fərmanda nəzərdə tutulan digər əhəmiyyətli yenilik isə dəstək müddətində gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanılmasına görə tətbiq edilən gömrük yığımlarının artırılmasının qadağan edilməsidir. Bu, sahibkarların gözlənilməz əlavə xərclərlə üzləşməsinin qarşısını almaqla biznes mühitini daha sabit və proqnozlaşdırıla bilən edir. Xərclərin əvvəlcədən dəqiq hesablanması isə ixrac planlamasının daha səmərəli aparılmasına imkan verir. Beləliklə, nəzərdə tutulan tədbirlər yalnız ayrı-ayrı ixrac əməliyyatlarını deyil, bütövlükdə ixrac fəaliyyətinin genişlənməsini stimullaşdırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













