Vaqif Nəsib: Əvvəllər kitab çıxarıb puluna iki maşın alırdın, indi bir manat da verən yoxdur – MÜSAHİBƏ
Far.Az xəbər saytı

Vaqif Nəsib: Əvvəllər kitab çıxarıb puluna iki maşın alırdın, indi bir manat da verən yoxdur – MÜSAHİBƏ


Dedilər, kəndə gəlir Omaroğlu...

Bu cümlə onun ədəbi pasportudur. Adını harada, necə çəksən, ilk ağla gələn cümlədir. Biz də elə bu cümlənin arxasınca düşüb vədələşdiyimiz ünvana çatırıq. Qarşımıza çıxan ilk adamdan soruşduğumuz sual da elə məhz bu cür olur:

Dedilər, Vaqif Nəsib bu ünvanda yaşayır...

"Far.Az" yazıçı, şair Vaqif Nəsiblə müsahibəni təqdim edir.

– Keçən il səhhətinizdə bir az problem vardı, indi yaxşı gördüm sizi... – görüşürük.

– Hə, şükür, indi pis deyiləm, özümə gəlmişəm, yaradıcılıqla məşğulam. Azca toparlanan kimi köhnə vərdişimə qayıtdım, başladım yazmağa.

– Nə yazırsınız hazırda?

– Qəribə bir mövzu gəlib ağlıma...

Bir qədər düşünür, başını astadan qaşıya-qaşıya:

...O vaxt Qazaxda yetimxana var idi, adamlar gəlib oradan uşaqları övladlığa götürürdülər. Vəzifəli bir rus elə o vaxtlarda belə bir çıxış eləmişdi ki, əslində, həmin yetimxanadan çıxıb, rus ad-soyadı daşısa da, əslən azərbaycanlıdır. Elə bu mövzu nəsə başıma batıb, indi onunla bağlı roman yazıram: "Adın yadı".

– Nə vaxt başlamısınız?

– Elə də çox deyil, təzəlikcə başlamışam, görək axırı hara gedib çıxır...

Masanın üstündəki kitabları göstərib davam edir.

– ...Ən son çıxan kitabım bunlardır. "Dimdikdən düşmüş adam" silsilə şəkildə "Azərbaycan" jurnalında nəşr olundu, sonra kitab kimi çıxdı. "Rəngli günlər" isə Xalq yazıçısı Elçinin layihəsi əsasında çıxıb. Özümə cəmi bir-iki dənə verildi, qalanı kitabxanalara paylanıb. Əvvəlki vaxtlar deyil indi. Onda bir kitabın puluna iki maşın almaq olardı, indi bir manat da verən yoxdur, haradadır elə şey?

– Hə, indi kitabda qazanc yoxdur, hamı şikayətçidir.

– Yoxdur, qəti yoxdur. İndi yazıçı əməyi ilə yaşamaq mümkün deyil.

– Dedik, keçən ilin bu günlərində səhhətinizdə problem var idi. Vaqif müəllim, kimlər axtardı sizi, zəng elədi, gəlib yoluxdu?

Dərin bir nəfəs alıb düşünür, saçını sığallayıb asta-asta:

– Şair Mübariz Məsimoğlu. Demək olar, hər gün yanımda idi, zəng edirdi, yanıma gəlirdi. Hətta o ərəfədə Azərbaycan Atatürk Mərkəzində mənimlə görüş də təşkil elədi. Belə dostlar adamın ömrünü uzadırlar.

– Başqa?

– Heç kim.

– Bəs Yazıçılar Birliyindən?

– Qətiyyən. Heç kim mənimlə maraqlanmadı.

– O vaxt mən sosial media hesabımda səhhətinizdə problem olduğunu yazmışdım. Amma məndən bir neçə adam nömrənizi almışdı.

Vaqif müəllim, sadəcə, əllərini yana açıb gözləyir. Mən də mövzunu dəyişirəm.

– Xalq yazıçısı Anarla aranız nəsə soyuqdur elə bil. Səbəbi nədir?

– Nə bilim, vallah? Mən bu soyuqluğun səbəbini bilmirəm. Anar hətta son kitablarının birində mənim haqqımda nankorluq başlığı ilə yazı da yazıb.

– Yazını sizə həsr edib?

– Hə, mənə həsr edib. Biz onunla "Qobustan" jurnalında bir yerdə işləmişik, neçə ilin qələm dostuyuq. Amma elə bir yazı yazıb, səbəbini bilmirəm.

– Axırıncı dəfə Anarla nə vaxt rastlaşmısınız?

– Sözün düzü, xatırlamıram. Onunla "Qobustan"da bir yerdə işləyəndə işin böyük qismini mən görürdüm, idarə edirdim, amma heç soruş gör bu əməyə qiymət verən oldu? Olmadı. Jurnalın yubileyi keçirildi, məni dəvət eləmədilər.

– Bəs belə başqa nəsildaşlarınızla aranız necədir? Kimlərlə zəngləşir, ya görüşürsünüz?

– Nəsildaş qalıb ki? Onda gərək gedəm o biri dünyaya... (gülür)

– Yox, niyə ki... Məsələn, Məmməd Oruc.

– Hə, Məmməd Oruc yaxşı, böyük kişidir. O vaxt mənim ssenarimi oxuyub demişdi ki, həyatımda oxuduğum ən yaxşı ssenaridir.

– Nə ssenarisi?

– "Oğul çiyni".

– Nə oldu axırı? Niyə çəkilmədi?

– Adil İsgəndərov "Azərbaycanfilm"in direktoru olanda təsdiqlənmişdi, çəkəcəkdilər, amma elə oldu ki, işdən çıxdı, sonra da vəfat elədi. Kinostudiyanın ondan sonra gələn direktoru Cəmil Əlibəyov isə ssenarini oxuyub dedi ki, bu, antisovet ssenaridir, bunu çəkmək olmaz. Beləcə çəkilmədi, qaldı.

– Mövzu nə idi ki?

– Ümumilikdə Azərbaycan analarına həsr olunmuşdu. Oğul qaçaqdır, anası vəsiyyət edir ki, oğlum dəfnimə gəlsin. Oğul bu vəsiyyətə əməl edir, qaçaq yolla gəlib dəfndə iştirak edir, sonra onu güllələyirlər. Əslində, burada antisovet heç nə yoxdur, sadəcə, nə bilim, mənim hər işim daşdan çıxır onsuz. Amma Adil İsgəndərovun vaxtında 6 min manat beh almışdım, bircə xeyrim o oldu.

– Vaqif müəllim, ailədə 6 uşaq olmusunuz. Atanız da məşhur Sarı Hüseyn... Yəqin, ədəbiyyata gəlməyinizdə böyük pay sahibi olub.

– Əlbəttə, atam nəinki mənim, o dövrdə bir çox uşağın, gəncin həyatına işıq tutub. Ədəbiyyat müəllimi idi, həm də məktəbin direktoru olub. Qazaxda onun dərs dediyi məktəbə Sarı Hüseynin məktəbi deyirdilər. Gedirdi uşaqları bazardan-zaddan yığıb gətirirdi məktəbə, tədrisə cəlb edirdi. Məktəb əvvəllər bir erməninin xüsusi mülkiyyəti olmuşdu, onu Qazaxıstana sürgün eləmişdilər. Elə oldu ki, sürgündən qayıdıb məktəbi gecə ikən yandırdı, onunla da məktəbin izi-tozu qalmadı.

– Niyə yandırdı ki?

– Nə bilim, əşi?..

– Bəs atanızın dostları, yoldaşları... Kifayət qədər hörmət sahibi olub, yəqin, tez-tez sizə gəlirdilər, onları necə xatırlayırsınız?

– Elədir, atam çox böyük hörmət-izzət sahibi idi, bizim ocaq həmişə qonaqlı-qaralı olurdu. İsmayıl Şıxlı da atamın şagirdi olub. Deməli, sonralar elə oldu ki, İsmayıl Şıxlını Yazıçılar İttifaqının sədri təyin elədilər. Elə o vaxtlar məni yanına çağırdı. Dedim, yəqin, iş üçün köməklik edər, işsiz idim, sevincək getdim yanına. Otağında düz bir saat mənə məsləhət verdi. Dedim, ay İsmayıl müəllim, vallah, məsləhət vermək asandır, atam sağ olsaydı, dəvət edərdim, gələrdin, o da sənə məsləhət verərdi... Mənə iş lazımdır, iş...

Amma mənə bir dəfə xeyri dəyib. Xəstələndiyi üçün Məhtimqulunun (Məhtimqulu Fəraqi, – XVIII əsr türkmən şairi, – N.P) yubileyinə gedə bilmədi. Süleyman Rüstəm, Nəbi Xəzri, bir də mən gedəsi oldum. Dedilər, qazaxlının biri xəstələnib, o birini aparaq. Getdik, bizə yaxşı pul mükafatı verdilər.

– Niyə?

– Nə bilim? Yubiley iştirakçılarının hamısına pul verdilər. Çox idi.

– Əməlli başlı xeyri dəyib də...

– Hə, elə bircə bunu nəzərə alsaq, dəyib. Həmişə mənə deyirdi ki, qazaxlı olmasaydın, sənə ad, ev verərdim, qabağa çəkərdim. Deyirdim, ay İsmayıl müəllim, mən Qazaxda yaşamıram, burada, Bakıda səninlə bərabər ədəbi prosesdə iştirak edirəm, kim sənə nə deyəcək buna görə... Nə deyə bilərlər axı. Ədəbiyyatla məşğulam, yazı-pozu adamıyam, niyə buna görə kiməsə söz deyilsin ki? Nə bilim, əşi.

– Vaqif müəllim, şair Şaiq Vəli ilə də qohumluğunuz olub, hə?

– Hə, Şaiq mənim xalam oğlu olub. Çox sakit adam idi, biz tərəfdə "mampax" deyirlər, bax elə biri olub. Neçə dəfə instituta sənəd vermişdi, kəsilmişdi, gəlib mənə dedi ki, Qorki adına Ədəbiyyat İnstitutuna sənəd vermək istəyirəm. Sənəd vermək üçün çox gecikmişdi, artıq qəbulun vaxtı bitmişdi. Nəysə, getdik, Moskvada institutun məsul katibi bizə dedi ki, bu dəqiqə Puşkin də qəbirdən durub gəlsə, indi qəbul mümkün deyil. Rektoru tanıyırdım, son ümid kimi onun yanına getdik, istirahətdə idi. Getdim, görüşdüm, Şaiqi bir xeyli təriflədim, özüm də zamin durdum, axırı razılaşdıq. Beləcə Şaiq Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldu, etimadımızı da doğrultdu.

Şaiqin ilk kitabını da mən çap elətdirmişdim. Ümumiyyətlə, istedadlı adam idi. Mən ona belə yaxşılıqlar edirdim deyə, gəlib bütün günü evimizi təmir edirdi. Başına kağızdan papaq keçirib gecə-gündüz evdə çalışırdı, istəyirdi, necəsə qarşılıq versin. Belə adam idi yəni.

– Siz çox məhsuldar yazıçısınız. Belə deyim var ki, məhsuldarlıq keyfiyyətə o qədər də yaxşı təsir eləmir. Siz necə düşünürsünüz, yazdıqlarınızın hamısı istədiyiniz şəkildə uğurlu alınıbmı?

– Bəli, mən deyərdim ki, hamısı uğurludur və həmişə də yüksək qiymətləndirilib. Tənqidçi Nadir Cabbarov yazmışdı ki, Vaqif Nəsibin "Omaroğlunun qayıtması" hekayəsi Mixail Şoloxovun "İnsanın taleyi" povestindən güclü mətndir. Yəni o vaxtlar qiymət verilirdi, dəyərləndirilirdi, amma, düzü, indi elə dəyər verən yoxdur.

– İndi ədəbiyyat özü ümumiyyətlə, əhəmiyyətli deyil elə bil.

– Elədir, indi hər şey dəyişib. Yazıçılar Birliyindəki mühit də o deyil. Əvvəlki münasibət başqa, indiki başqa. Bilirsən, mən həmişə demişəm ki, Anarın yaradıcılığı şəhərin bəzək ağacları kimidir, yəni təbii, dolğun atmosfer yoxdur.

– Sizin nəsildaşlar arasında, ümumiyyətlə, bölgü var idi də: şəhər nəsri, kənd nəsri.

– Biri var, təbii bulaq, biri var, krantdan gələn su. Fərqi hiss eləməyə nə var? Mənə də həmişə kənd nəsri yazan deyirdilər, hətta deyirdilər, yazdıqlarında dialektizm çoxdur. "Uzundərə", "Ceyrançöllü Qoç Kərəməli"... Hətta bir dəfə çağırıb demişdilər ki, əsərlərində o qədər dialektizm var ki, səni oxumaq üçün tərcüməçi tutmaq lazımdır.

– "Omaroğlunun qayıtması" hekayəsinin adı əvvəl "Cəfəroğlunun qayıtması" olub. Sonradan məcbur adını dəyişmisiniz. Cəfəroğlu kim idi ki?

– Əhməd Cəfəroğlu adında azərbaycanlı alim var idi, o vaxt Türkiyədə yaşayırdı. Elə-belə adam deyildi, böyük alim olmuşdu, hətta ona Türkiyə elminin vicdanı deyirdilər. Sonralar onu şərlədilər, həbs olundu, camaat arasında belə söz-söhbət gəzirdi ki, həbsdən çıxıb onu tutduran adamlara divan tutacaq. Mənim hekayəmdəki adı belə yozdular ki, Cəfəroğlunun qayıtması ilə demək istəmisən ki, o gəlib sovet hökumətinə divan tutacaq. Mən də məcbur olub dəyişdim.

– Aydındır. Altmışıncılar nəsli şöhrət baxımından əməlli-başlı bəxti gətirmişlər nəslidir. Bir az kölgədə qaldınız amma, sizcə, səbəb nədir?

– Səbəb nədirsə, qətiyyən mən deyiləm, bunda mənim heç bir günahım yoxdur. Neçə dəfə müəyyən vəzifəyə də aparmaq istəyiblər, amma alınmayıb. Daşım ağırdır. Məni "Gənclik" nəşriyyatının baş direktoru qoyacaqdılar, olmadı. Əmim qaçaq olub, o vaxt da bir adamı vəzifəyə aparmaq istəyəndə bütün nəsil-nəcabətini yoxlayırdılar. Əmimim qaçaq olması da mənə xeyli mane olub. Əslində, hökumətə qarşı qaçaq deyildi, sadəcə, kəndlə bağlı məsələsi vardı, kim idi axı onu araşdıran, elə deyirdilər, əmisi qaçaqdır, vəssalam, kitabını bağlayın.

– Bəxtinizdən, dost-tanışınızdan bir xeyli gileyləndiniz, amma aralarında yaxşıları da olub. Məsələn, mən biləni, Elçinlə, Mövlud Süleymanlı ilə aranız yaxşı idi.

– Bəli, Allah hər ikisinə rəhmət eləsin. Elçin çox mərd, dost adam olub, kaş onun kimilər çox olaydı. Baş nazirin müavini olanda mənim kitabımın nəşr olunması ilə bağlı təşəbbüs göstərib, sonra mənə Qazaxda yaradıcılıq evi vermişdi... Nə bilim, belə adamlar çox olsa, yaxşı olardı.

Mövlud Süleymanlı isə... "Omaroğlunun qayıtması" hekayəsini ilk dəfə "Ulduz" jurnalında o çap elətdirib. Gətirib hekayəni ona verdim, həyəcanla gözləyirdim ki, görüm mənim nəsrimi necə qarşılayacaq... Oxudu, bir qəfil qayıtdı ki, bax mən belə nəsr istəyirəm!

Yusif Səmədoğlu "Azərbaycan" jurnalında baş redaktor olanda Mövludla orada işləmişik. Əsərlərimi həmişə birinci Mövluda verirdim, elə gecə ikən oxuyub qurtarırdı. Ümumiyyətlə, mətnə qarşı çox məsuliyyətli və zövqlü biri idi. Yusif Səmədoğluna əsər oxutdurmaq olmurdu. Bir dəfə bir povestimin sonluğunu oxuyub gəlmişdi ki, əla yazmısan. Dedim, vallah, axırını oxumusan, bilirəm. Oxumurdu, yola verirdi, tənbəl idi, yuxudan günorta 12-də dururdu. Rəhmətlik Vaqif Səmədoğlunun şeiri də var e, deyir, camaatı Allah öldürür, Vəkilovları yatmaq...

– Vaqif müəllim, belə bir fikriniz var ki, Azərbaycan şeirini ritoriklikdən Əli Kərim xilas edib, nəsrini isə İsa Hüseynov. Bəs indi vəziyyət necədir? Müasir ədəbi prosesi, imzaları izləyirsiniz?

– Bəli, o fikrimdə bu gün də qalıram. Əli Kərim poeziyamızda, İsa Hüseynov isə nəsrimizdə inqilabi dönüş edən imzalar olub. İsa Hüseynova qədər Azərbaycan nəsri taftalogiyadan ibarət olub. İsa "Yanar ürək" romanı ilə, "Kənddə toy idi" hekayəsi ilə dönüş nöqtəsi oldu.

İndiki ədəbi prosesləri o qədər də yaxından izləyə bilmirəm, düzü. Amma bir tək bildiyim odur ki, əgər istedad varsa, gec-tez üzə çıxacaq, parlayacaq. Amma qiymət verilmək baxımından ümidsizəm.

– Belə ümumiyyətlə, nə zaman yazırsınız?

– İndi yaydır, daha çox proses başımda gedir, orada düz-qoş edirəm. Əvvəllər yaradıcılıq evləri var idi, orada gedib yazmaq, ədəbiyyatla məşğul olmaq daha yaxşı olurdu, indi elə deyil. Ona görə əlimizdə-ovcumuzda nə varsa, onunla baş çıxarırıq.

Beləcə, Vaqif müəllimlə söhbətimizi yekunlaşdırıb son kitabını mənim üçün imzalamasını xahiş edirəm. Kitab imzalaya-imzalaya dodaqaltı pıçıldadığı bu sözlər isə müsahibə üçün ən yaxşı sonluqdur elə...

Sən məni yad eləyən nadir adamlardansan. Mənim ot basan yollarıma iz saldın... iz saldın...

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər