Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
Far.Az xəbər saytı

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib


Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər