Seneqal səfiri: Azərbaycanın təcrübəsindən faydalanmaq, münasibətləri yeni səviyyəyə yüksəltmək istəyirik - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Seneqal səfiri: Azərbaycanın təcrübəsindən faydalanmaq, münasibətləri yeni səviyyəyə yüksəltmək istəyirik - MÜSAHİBƏ


Seneqalın Ankarada iqamət edən Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop "Report"un yerli bürosuna müsahibə verib.

Diplomat müsahibəsində Azərbaycan–Seneqal münasibətlərinin inkişaf perspektivləri, vaxtilə Fransanın müstəmləkə idarəçiliyi altında olan ölkənin yaşantıları, neokolonializmə qarşı mübarizə, Seneqalda keçiriləcək "Dakar 2026 Yay Yeniyetmələr Olimpiya Oyunları", ölkənin futbol akademiyaları və tanınmış futbolçularının ölkə iqtisadiyyatına yatırımları, həmçinin Seneqal cəmiyyətinin sülhə bağlılığının formalaşmasında sufizmin rolu barədə danışıb.

- Cənab səfir, Azərbaycan–Seneqal münasibətlərini necə qiymətləndirirsiniz?

- Həmişə qeyd etdiyim kimi, iki ölkə arasında həm iqtisadi, həm də siyasi sahələrdə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Bunun əsas səbəblərindən biri müstəmləkəçiliklə bağlı ortaq tarixi təcrübəyə malik olmağımızdır. Ümumilikdə, neft-qaz sektoru ilə yanaşı, informasiya texnologiyaları (İT) sahəsində də geniş əməkdaşlıq imkanları görürük. Çünki Azərbaycan bu sahədə nüfuzlu və qabaqcıl ölkələrdən biridir.

Lakin hesab edirik ki, bu potensialı tam həyata keçirmək üçün mövcud əməkdaşlıq səviyyəsi daha da yüksəldilməlidir. Hazırda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə yüksəksəviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını planlaşdırırıq. Məlum olduğu kimi, son illərdə Seneqalda da əhəmiyyətli neft və qaz ehtiyatları aşkar edilib. Biz Azərbaycanın, xüsusilə də SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı, idarə olunması və emalı sahəsində geniş təcrübəsindən faydalanmaq istərdik.

- Müstəmləkədən bəhs etdiniz. Seneqal uzun illər Fransa müstəmləkəçiliyi altında olub. Azərbaycan da neokolonializmə qarşı qəti mövqe nümayiş etdirir. Qlobal miqyasda müstəmləkəçiliyə qarşı mübarizəni necə qiymətləndirirsiniz?

- Biz suverenliyimizi əldə etmək üçün ciddi mübarizə apardıq və sizin kimi, buna nail olduq. Müstəqillik əldə etdikdən sonra digər xalqların da müstəmləkəçiliyin zəncirlərindən qurtulmasına dəstək verdik. Bu baxımdan, Azərbaycanın özünün zəngin təcrübəsinə əsaslanaraq neokolonializmdən əziyyət çəkən digər ölkələrə yardım göstərməsi ilə oxşarlıq var.

Müstəmləkəçiliyə qarşı qlobal mübarizə 1955-ci ildə İndoneziyada keçirilmiş Bandunq Konfransından sonra daha da geniş vüsət aldı. Antimüstəmləkəçilik həmrəyliyinin gücləndirilməsi məqsədilə Seneqalda və Afrikanın müxtəlif ölkələrində çoxsaylı konfranslar təşkil edildi.

Hesab edirəm ki, Azərbaycan da müstəmləkəçiliyə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib. Təxminən bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzu ilə bağlı son çıxışını izlədim. O, Fransanın dənizaşırı ərazilərindəki müstəmləkəçilik vəziyyətindən geniş bəhs etdi. Məncə, bu, mühüm bir çıxış idi.

Bütün dünya anlamalıdır ki, biz artıq qloballaşma dövründə yaşayırıq və müasir dünyada müstəmləkəçiliyə yer olmamalıdır. Bu, prinsipial məsələdir.

- Yeri gəlmişkən, ötən il Seneqal hökuməti İkinci Dünya Müharibəsi zamanı baş vermiş məşhur tarixi hadisənin araşdırılması ilə bağlı təşəbbüs irəli sürdü. 1944-cü ilin dekabrında müharibədə iştirak etmiş seneqallı əsgərlər haqq etdikləri ödənişləri tələb ediblər, lakin Fransa ordusu tərəfindən güllələniblər. Sizcə, bu araşdırmalar tarixi həqiqətin bərpası baxımından əhəmiyyətli nəticələr verə bilərmi?

- Bəli. Hazırda bu faciə ilə bağlı tarixi həqiqətin üzə çıxarılması istiqamətində iş aparılır. Qətliamın baş verdiyi Dakara yaxın Tiaroye hərbi qəbiristanlığında bəzi məzarların açılması da bu işlərin bir hissəsidir. Keçmiş Fransa müstəmləkələrinə aid arxivlər hələ də bağlı olduğundan, belə cinayətlərin həqiqətini üzə çıxarmağın yeganə yolu arxeoloji qazıntıların aparılması və DNT analizlərinin keçirilməsidir.

Qazıntılar zamanı bir neçə kütləvi məzarlıq aşkar edildi və orada çox sayda əsgərin dəfn olunduğu müəyyənləşdirildi. Babalarımız və atalarımız Fransanı azad etmək və bizə daha yaxşı gələcək bəxş etmək üçün müharibəyə getmişdilər. Lakin onlar minnətdarlıq və hörmət əvəzinə, qətlə yetirildilər. Bu, milli tariximizdə son dərəcə ağrılı bir faciədir. Hesab edirəm ki, hərbi qəbiristanlıqda qazıntıların aparılması ilə bu istiqamətdə ən mühüm iş artıq görülüb.

- Bəs siz baş verənlərlə bağlı indi Fransa hökumətinin mövqeyi nədir?

- Onlar artıq bununla bağlı üzr istəyiblər. Arxeoloqlar və tarixçilər tərəfindən əlavə araşdırmalar da aparıla bilər. Əgər gələcəyə inamla addımlamaq istəyiriksə, ilk növbədə, tariximizi və bütün bu həqiqətləri gələcək nəsillərə çatdırmaq borcumuzdur. Onlar babalarının kim olduğunu, vətənləri və ədalət uğrunda nələr etdiklərini bilməlidirlər.

- Seneqal uzun illər daxili münaqişədən əziyyət çəkib və ölkənin xarici borcu da var. Hazırda vəziyyət necədir?

- Şübhəsiz ki, siz Kasamans münaqişəsini nəzərdə tutursunuz. Deyə bilərəm ki, bu məsələ artıq, demək olar ki, tamamilə geridə qalıb. Bu separatçı üsyan 1982-ci ildən davam edirdi. Lakin son illərdə bölgədə vəziyyət sabitləşib. Buna görə də tam əminliklə deyə bilərik ki, münaqişə 99 faiz başa çatıb.

Milli iqtisadiyyatın inkişaf etdirilməsi və iri layihələrin reallaşdırılması üçün xarici kreditlərin cəlb edilməsinə ehtiyac var.

Məsələn, avqustun 6-da Dünya Bankının nümayəndələri ilə çox məhsuldar görüş keçirdik. Görüşün nəticəsi olaraq Dünya Bankı Seneqala təxminən 600 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi paketi təqdim edəcək. Bu vəsait ölkəmizin iqtisadi sabitliyinin və inkişafının dəstəklənməsinə yönəldiləcək.

- Seneqal bu il böyük bir idman tədbirinə – ilk dəfə Afrikada keçiriləcək "Dakar 2026 Yay Yeniyetmələr Olimpiya Oyunları"na ev sahibliyi edəcək. Yəqin ki, Azərbaycan da bu möhtəşəm tədbirə dəvət olunacaq. Ümumiyyətlə, bu Oyunların Afrika qitəsi və ölkəniz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bəli, Yay Yeniyetmələr Olimpiya Oyunları bu ilin noyabrında Seneqalda keçiriləcək. Azərbaycan da daxil olmaqla bütün ölkələr bu mötəbər tədbirə dəvət olunub. Artıq ölkələr hansı idman növlərində təmsil olunacaqlarını müəyyənləşdirirlər, çünki oyunların proqramına çoxsaylı idman növləri üzrə müxtəlif yarışlar daxildir.

Əminəm ki, bəzi azərbaycanlı gənc idmançılar və nümayəndə heyətinin üzvləri bu yarışda iştirak etmək üçün artıq qeydiyyat prosesini tamamlayıblar. Azərbaycanlı idmançıların Seneqaldan zəngin medal kolleksiyası ilə vətənə qayıdacaqlarına ümid edirəm.

Eyni zamanda, biz də öz idmançılarımızı təcrübə mübadiləsi məqsədilə Azərbaycana göndərə bilərik. Beləliklə, onlar sizin məşq metodlarınız və gənc idmançıların hazırlığı ilə tanış olmaq imkanı əldə edərlər.

- Seneqal dünyanın ən yaxşı futbolçularından bəzilərini yetişdirən ölkələrdən biridir. Zamanla seneqallı futbolçular Azərbaycan klublarının heyətində də çıxış edirlər. Sizcə, seneqallı futbolçuların uğurunun sirri nədədir?

- Bilirsiniz, həm paytaxtımız Dakarda, həm də ölkənin digər bölgələrində çoxsaylı futbol məktəbləri və akademiyalar fəaliyyət göstərir. Biz futbolu bütün qəlbimizlə sevirik və kiçik yaşlarımızdan futbol oynayaraq böyüyürük. Təxminən 9-10 yaşlarından etibarən uşaqlar bu məktəblərə getməyə və peşəkar məşqlərə başlayırlar. Onların arasında ən istedadlıları seçilərək ixtisaslaşmış təlim mərkəzlərinə yönləndirilirlər. Bu gün bəzi böyük Fransa klublarının da Seneqalda təlim mərkəzləri fəaliyyət göstərir. Məsələn, "Paris Saint-Germain" kimi klubların burada strateji tərəfdaşlıqları var.

Məhz bu sistem sayəsində istedadlı gənc futbolçularımız beynəlxalq səviyyəyə yüksələ bilirlər. Məsələn, seneqallı futbolçular Türkiyə, Fransa, İngiltərə, İtaliya – demək olar ki, Avropanın bütün ölkələrində uğurla çıxış edirlər.

- Bu futbolçular Seneqal iqtisadiyyatına da fayda gətirirmi?

– Əlbəttə! Müəyyən müddətdən sonra bu peşəkar futbolçular özləri də investor kimi ölkəmizə qayıdırlar. Xaricdə qazandıqları vəsaiti Seneqala yatırırlar. Məsələn, elə dünyaşöhrətli futbolçumuz Sadio Maneni doğulub böyüdüyü kənddə böyük və müasir xəstəxananın, məktəblərin, doğum mərkəzinin və idman stadionunun tikilməsinə nail olmaqla bölgəsinin inkişafına misilsiz xidmət göstərib.

- Ölkənizin turizm və regional iqtisadi potensialı, məsələn, kakao və şokolad sənayesi barədə nə deyə bilərsiniz?

- Dünyanın aparıcı kakao istehsalçısı olan ölkələrin bir çoxu bizim regionda yerləşir. Seneqalda kakao istehsalı geniş yayılmasa da, qonşumuz Qanada böyük həcmdə kakao istehsal olunur. Əvvəllər onlar əsasən xam kakaonu İsveçrəyə ixrac edirdilər və orada dünyanın ən keyfiyyətli şokoladlarından bəziləri istehsal olunurdu. Lakin bu gün regionumuzdakı ölkələr artıq yalnız xammal ixracatçısı deyillər, həm də özləri şokolad istehsal edirlər. Hazırda həm xammala birbaşa çıxışımız, həm də yerli emal imkanlarımız var.

Turizm potensialımıza gəldikdə isə Seneqalın Atlantik okeanı boyunca təxminən 700 kilometrlik sahil xətti var. Burada çoxsaylı çimərliklər və turizm zonaları yerləşir. Eyni zamanda, ölkəmizdə çoxlu tarixi məkan var. Onlardan biri də Atlantik okeanının sahilindəki Qore adasıdır. Bu ada milyonlarla insanın zorla öz yurdlarından köçürülməsində və mədəniyyətlərin Amerikaya daşınmasında mühüm rol oynayıb. Həmin dövrün şahidi olan qaranlıq və faciəvi zindanlarda, adadakı "Qayıdışsız qapı" transatlantik qul ticarəti və "üçbucaq ticarəti" kimi tanınan sistemdə ən acınacaqlı xatirələr cəmlənib.

- Gələcəkdə, xüsusilə turizm sektorunda Seneqal-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi üçün imkanlar varmı? Seneqal dünyada daha çox nə ilə tanınır?

- Təbii ki, qonaqpərvərliyimizlə! Bizim dilimizdə və mədəniyyətimizdə qonaqpərvərlik "Teranqa" adlanır. "Teranqa" o deməkdir ki, qapılarımız, evlərimiz və qəlblərimiz hər zaman sizin üzünüzə açıqdır.

Azərbaycanla turizm əlaqələrinə gəldikdə, cəmi iki həftə əvvəl Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə çox məhsuldar onlayn görüş keçirdik. Agentliyin rəhbərliyi ilə danışıqlar zamanı qarşılıqlı biznes və tanışlıq səfərlərinin təşkil olunması barədə razılığa gəldik.

Bu səfərlər çərçivəsində Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli saziş imzalamağı planlaşdırırıq. Məqsədimiz iki ölkə arasında səyahətləri mümkün qədər asanlaşdırmaq, azərbaycanlıları Seneqala, seneqallıları isə Azərbaycana səfər etməyə təşviq etməklə qarşılıqlı turizm mübadiləsini inkişaf etdirməkdir.

Onu da deyim ki, balıq və düyüdən hazırlanan milli yeməyimiz "Thieboudienne" (Tebudiyen) artıq UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınıb və təşkilatın siyahısına daxil edilib.

- Seneqal Afrikanın dinc ölkələrindən biri kimi tanınır. Sizcə, Seneqaldakı sufi ənənələrinin sülhpərvər və tolerant mədəniyyətinin formalaşmasında rolu olubmu?

- Bəli, bunun son dərəcə böyük təsiri olub. Əhalimizin təxminən 97 faizi müsəlmandır. Seneqalın Afrikanın ən dinc ölkələrindən biri olmasının sirri məhz sufizmdədir.

Sufizm hər şeydən əvvəl bütün zorakılıq formalarını rədd edən, sülhə və tolerantlığa çağıran mənəvi fəlsəfədir. Bunu çox aydın şəkildə göstərən tarixi bir nümunə çəkə bilərəm. Seneqalda Şeyx Amadu Bamba adlı böyük sufi alimi və mənəvi lider yaşayıb. Fransanın müstəmləkə hakimiyyətinin onun nüfuzunun miqyasını anlaması çətin idi. Fransızlar hesab edirdilər ki, Şeyx Amadu Bamba milyonlarla tərəfdarından ibarət böyük bir ordu toplayır və nəticədə Fransaya qarşı silahlı üsyan qaldıracaq. Bu qorxu səbəbindən onlar əvvəlcə Şeyxi Mavritaniyaya, daha sonra isə ölkədən uzaqlaşdırmaq məqsədilə Qabondakı Mayumbe (Mayumba) meşələrinə sürgün etdilər. Sürgündə olduğu illərdə onun fiziki olaraq aradan götürülməsi üçün bir neçə cəhd göstərildi, lakin bunların heç biri uğurlu olmadı.

Şeyx Amadu Bamba vətəninə qayıtdıqdan sonra belə fransızlara qarşı zorakılığa və silaha əl atmadı. O, mübarizəsini hər zaman sülh və mənəvi dəyərlər üzərindən apararaq insanlara bağışlamağı və sülh şəraitində birgə yaşamağı öyrədirdi.

Məhz sülh yolu ilə müqavimət göstərməkdən ibarət bu irs Seneqal cəmiyyətinin dinc xarakterinin formalaşmasına böyük təsir göstərdi. Şeyx Amadu Bamba 1927-ci ildə vəfat etsə də, onun geridə qoyduğu mənəvi irs bu gün də Seneqalda təhlükəsizliyin və sabitliyin əsaslarından biri olaraq qalır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər