BMT-nin Baş katibi: COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm - MÜSAHİBƏ
BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfərə hazırlaşır. Səfər öncəsi o, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Far.Az”un ABŞ bürosunun suallarını cavablandırıb.
- Cənab Baş katib, ilk azərbaycanlı jurnalist kimi BMT Baş katibindən müsahibə almaq mənim üçün tarixi şansdır. Mən həm də Qarabağdan olan keçmiş məcburi köçkünəm və bu mənada BMT mənim üçün dərin məna kəsb edir. Bir daha bu an üçün sizə çox minnətdaram.
- Sizinlə bu statusda biri olaraq tanış olmaqdan çox məmnunam. Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində işlədiyim müddətdə Azərbaycanda dəfələrlə olmuşam və hökumətin Dağlıq Qarabağdan və ətraf rayonlardan olan məcburi köçkünlərə dəstək siyasətinə dəstək vermişəm. Sizin kimi məcburi köçkünlərin cəmiyyətə tam inteqrasiyası, ölkənin inkişafının bütün istiqamətlərindən bəhrələnmələri üçün Azərbaycan hökumətinin nə qədər sərmayə qoyduğunun şahidi olmuşam. Ona görə də Azərbaycana səfərlərim və hökumətlə işbirliyimə dair çox yaxşı xatirələrim var.
- Cənab Baş katib, bu sizin BMT Baş katibi olaraq BMT-nin İqlim Sammiti - COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycana ilk rəsmi səfəriniz olacaq. Azərbaycan hökuməti sammit çərçivəsində uğurlu nəticələrin əldə olunması üçün 14 təşəbbüslə çıxış edir. Azərbaycanın əsas təşəbbüslərdən biri inkişaf etməkdə olan ölkələrə dəstək məqsədi ilə COP29 zamanı bir milyard dollar dəyərində İqlim Maliyyəsi Fəaliyyəti Fondunun (CFAF) yaradılması təklifidir. Öz müşahidələrimizə əsasən, deyə bilərik ki, cəmi 10 ay ərzində Azərbaycan COP29-a hazırlıq məsələlərində böyük əzmkarlıq və həvəs nümayiş etdirdi. Bəs siz bu hazırlıqlar barədə nə düşünürsüz? Azərbaycanın COP29-un keçirilməsi üçün təşkilati işlərini necə qiymətləndirirsiniz, hökumətdən gözləntiniz nədir?
- Mühüm olan odur ki, Azərbaycan öz təşəbbüslərini həyata keçirə bilməkdə ambisiyalıdır. BMT-yə üzv dövlətlərin nümayəndələri COP-un uğurlu olması üçün tədbirə gəlməli və bu proses uğurlu olmalıdır. Çünki iqlim dəyişikliyi bütün dünyaya təsir edir. Bu il yaşadığımız ən isti il oldu. Biz quraqlıqlar, qasırğalar, dünyanın böyük hissələrini məhv edən daşqınlar yaşayırıq. Qlobal temperaturu sənaye inqilabından əvvəlki səviyyə olan 1,5 dərəcədən aşağı saxlamaq üçün emissiyalar ildə 9% azaldılmalıdır. Həqiqət ondan ibarətdir ki, emissiyalar hələ də artır və biz 1,5 dərəcəni itirmək təhlükəsi ilə üzləşirik.
Beləliklə, vəziyyəti dəyişmək üçün bizə ambisiyalı lazımdır və bu, Azərbaycanda çox vacibdir.
Deməli, hər şeyi dəyişdirmək, kursu geri qaytarmaq üçün Azərbaycanda ambisiyalı, yüksək hədəflərə ehtiyacımız var. Gəlin unutmayaq ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində əzmkarca öz töhfələrini verir, milli fəaliyyət planını təqdim edir. Bu, çox mühüm bir siqnal olacaq və digər ölkələrə eyni şeyi etməli olduqlarını nümayiş etdirmək üçün bir nümunə ola bilər.
- Cənab Baş katib, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-ə yaxın mülki şəxs və hərbi qulluqçu mina partlayışlarının qurbanı olub. Onlardan ikisi mənim jurnalist həmkarım idi. Ermənistan hələ də minalanmış ərazilərin bütöv və dəqiq xəritələrini təhvil verməkdən boyun qaçırır. Azərbaycanın milli səviyyədə minalarla mübarizə səylərini dəstəkləmək BMT-nin Azərbaycanda əsas prioriteti olmasına baxmayaraq, BMT-nin İnkişaf Proqramı (UNDP) Qarabağın minalardan təmizləmə səyləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmır. BMT-nin Ukraynada, eləcə də dünyanın digər ölkələrindəki mina problemi ilə bağlı bəyanatlar verdiyini görsək də, Azərbaycanla bağlı buna bənzər qınaq və ya bəyanatlar yoxdur. Maraqlıdır, niyə?
- Amma siz fəaliyyəti görürsünüz və bu, çox vacibdir. Bununla bağlı işlərin aparıldığını da görürsünüz. UNDP aktiv şəkildə Azərbaycan hökumətini dəstəkləyir. Artıq 350 min insan bölgəni minalardan təmizləmək üçün göstərilən birgə səydən faydalanıb. Bundan əlavə, iki ölkə (Ermənistan və Azərbaycan – red.) arasında bütün dünyaya nümunə ola biləcək saziş imzalanıb. Mən buna İstinad Mərkəzi deyərdim. Minalar, əlbəttə ki, mövcud olmamalıdır. Bunu açıq şəkildə söyləməkdə heç bir şübhəmiz yoxdur. Lakin biz ərazilərinin minalardan təmizlənməsi üçün Azərbaycan hökumətini var gücümüzlə dəstəkləyirik. Çünki ərazisindəki minaları zərərsizləşdirmək, həmin ərazilərin təmizlənməsi insanların öz köklərinin olduğu yerlərə qayıtması və hökumətin əhalinin rifahı naminə layihələrin reallaşdırılması üçün vacibdir.
- Cənab Quterreş, Azərbaycan tarixi torpaqlarını 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla sülh quruculuğu istiqamətində fəal iş aparır. Düzdür, Ermənistan tez-tez müqavilələri pozsa da və hələ də sülh sazişi ilə bağlı qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan hökuməti regional diplomatiyada əldə edilən irəliləyişlərə görə COP29-u “Sülh COP-u” adlandırır. Siz iki ölkə arasında sülh quruculuğu prosesini necə qiymətləndirirsiniz?
- Siyasi mövzuda danışmaq istəməzdim. COP-un uğur qazanması üçün vacib olan fəaliyyətləri dəstəkləmək çox iddialı maliyyə məqsədinə nail olmaq deməkdir. Çünki bu maliyyə məqsədi trilyonlarla dolların inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün səfərbər olmasına, 1,5 dərəcəni həmin səviyyədə saxlamağa, qarşılaşdıqları iqlim dəyişikliyinin dramatik nəticələrindən təsirlənən insanlara dəstək olmağa imkan verəcək. İkincisi, karbon bazarlarına sahib olmaq üçün baş tutacaq danışıqlarda əlimdən gələni edəcəyəm. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 6-cı maddə adlanan karbon bazarlarının şəffaf, təsirli olmasını müəyyən edir və bu yalnız bir “Greenwashing” (məhsulun və ya praktikanın ətraf mühitə faydaları haqqında yanlış və ya aldadıcı bəyanatlar vermək aktı) üçün karbon bazarlarına sahib olmaqdır.
Bundan başqa mən Azərbaycan hökumətini dəstəkləmək üçün COP-un bütün digər aspektləri ilə bağlı danışıqlarda əlimdən gələn hər şeyi edəcəyəm. Əlbəttə ki, digər əhəmiyyətli bir mövzu isə odur ki, COP-da təkcə iqlim dəyişikliyi ilə bağlı problemlərə toxunulmasa da, iqlim dəyişikliyinin nəticələrinin vurğulanması vacibdir. Bunun nəticələrindən biri münaqişələrin təhrikçisi olmaqdır. Bu, Qəzzadan Ukraynaya, Sudana və dünyanın bir çox başqa yerlərində münaqişələrin olduğu bir anda qorumalı olduğumuz çox vacib bir şeydir. Biz bunu etdik, bir-birimizlə sülh içində və təbiətlə hüzur içincə olmağı seçdik və mənim yaya biləcəyim mesaj budur. Amma dediyim kimi, heç bir siyasi müzakirəyə qarışmaq fikrində deyiləm.
- Azərbaycan BMT-nin geniş spektrli ixtisaslaşmış agentlikləri və qurumları ilə fəal və səmərəli əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatının Sədri kimi dörd illik fəaliyyəti dövründə COVID-19-a qarşı mübarizədə mühüm səylərə rəhbərlik etdi və Qoşulmama Hərəkatının institusional inkişafına təkan verdi. Bundan əlavə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq öhdəliyinə ən sadiq ölkələr sırasında yer alır. COP29-dan sonra Azərbaycan 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan 13-cü Ümumdünya Şəhər Forumuna (WUF13) hazırlaşmağa başlayacaq. Ümumiyyətlə, Azərbaycanın BMT-yə töhfəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan BMT ilə əməkdaşlığa mükəmməl töhfə verir. Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı işlədiyim müddətdə özüm bunun şahidi oldum, əməkdaşlığımız sözün əsl mənasında mükəmməl idi və bizim ölkə üzrə komandamız Azərbaycanın davamlı inkişaf strategiyasının dəstəklənməsi və bir çox başqa aspektlərdə hökumətlə çox uğurlu işbirliyi içində idi. Bundan başqa, Azərbaycan ötən illər ərzində BMT-nin müxtəlif qurumları ilə fəal şəkildə işləməkdə davam edir və BMT-nin “Gələcəyin Sammiti”ndə də biz bunu gördük. Biz, söylədiyim kimi, Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıqdan çox məmnunuq.
- BRICS sammitində prezident Putinlə görüşünüz beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu. Bununla yanaşı bir necə gün öncə siz, Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilməsindən dərin narahatlıq keçirdiyinizi dilə gətirdiniz. Digər tərəfdən Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün bu ölkəyə getməyə hazırlaşdığınız barədə məlumat var. Bu görüşdən regionda davam edən münaqişə ilə bağlı müsbət nəticələrin əldə olunmasına dair ümidiniz varmı?
- Düşünürəm ki, bu son eskalasiya zamanı ən vacibi olanı Şimali Koreyanın iştirakı ilə münaqişənin beynəlmiləlləşməsinin qarşısını almaq idi. Münaqişə beynəlmiləlləşdirəndə, iki ölkə arasında olan münaqişə daha da ümumiləşir. Təhlükədə olan dünyada sülhdür və mənim müdaxiləmin səbəbi də budur.
- Cənab Baş katib, Azərbaycan hökumətinin məlumatına görə, Ermənistanın təcavüzü nəticəsində son 30 il ərzində 4000-dən çox azərbaycanlı itkin düşüb. Ötən illər ərzində bu insanların taleyinə aydınlıq gətirmək üçün BMT çərçivəsində konkret addımlar atılmayıb. Bu insani problemin həllində BMT hansı fəaliyyətə üstünlük verməlidir?
- BMT istənilən yerdə, hər yerdə və hər hansı səbəbdən itkin düşmüş insanların tapılması üçün tamamilə hökumətlərin ixtiyarındadır. İnsanların itkin düşməsi, ailələrin əziyyət çəkməsi bizi narahat edir. Odur ki, biz əməkdaşlığa uyğun olaraq, hər hansı bir səbəbdən itkin düşən insanların tapılması və ya onların taleyinə aydınlıq gətirilməsi ilə əlaqəli olan bütün məsələlərdə əməkdaşlıq etməyə hazırıq.
- Cənab Baş katib, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlı uzun müddətdir ki, təkidli tələblər səslənir. Sizcə, Birləşmiş Millətlər Təşkilatının daha səmərəli fəaliyyət göstərməsi üçün nə lazımdır?
- Hesab edirəm ki, Təhlükəsizlik Şurası (TŞ) 1945-ci ilin dünyasını əks etdirir, ancaq dünya dəyişib. TŞ-nın beş daimi üzvündən üçü fərqli mövqelərə malik Avropa ölkəsidir - Fransa, Böyük Britaniya və Rusiya Federasiyası. Bu gün dünya daha böyük bir dünyadır. Deməli, bizə bugünkü dünyanı əks etdirən və geosiyasi qərarlar qarşısında iflic olmayan Təhlükəsizlik Şurası lazımdır. Bu, beynəlxalq birliyin tələb etdiyi ən mühüm islahatdır. Çünki bu, beynəlxalq maliyyə arxitekturasında və qlobal idarəçiliyin digər aspektlərində İkinci Dünya Müharibəsindən sonra müəyyən edilmiş islahatlar kimi köklü islahatın aparılmasını tələb edir. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi, bu gün isə Azərbaycan burdadır, beynəlxalq aləmdə özünü təsdiq edir. Nəzərə almalıyıq ki, qlobal idarəçilik qurulanda orada olmayan ancaq bu gün bu dünya yaşayan azərbaycanlılar var, ona görə də ədalətli yanaşmalıyıq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə vətəndaşı Azərbaycanda yaratdığı yeni şirkəti 16 gündən sonra satıb
-
Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
-
İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir
-
Bu il Azərbaycanda KOB inkişafı mərkəzlərinin xidmətlərindən faydalanlarının sayı açıqlanıb
-
Litva XİN: NATO Ukraynada sülhün təminatına zəmanət verməli olacaq
-
Ceyhun Bayramov AK-nın vitse-prezidenti ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib - YENİLƏNİB