Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ


Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:

"Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər