Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY
Far.Az xəbər saytı

Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY


Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə maaşların artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir.

Far.Az xəbər verir ki, bunu "Report"a Quba Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin baş tibb bacısı Günay Qafarova Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılması ilə bağlı qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, hər zaman olduğu kimi, tibb işçilərinə göstərilən dövlət qayğısı qürurvericidir:

"Bu addım tibb işçilərinin sosial rifahının və iş motivasiyasının artırılmasına, xüsusilə də regionlara ixtisaslı həkimlərin cəlb edilməsinə müsbət təsir göstərəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyətinin və pasiyent məmnunluğunun daha da yüksələcəyinə inanırıq. Bu, mənimlə yanaşı, digər həmkarlarım üçün də sevindirici və qürurverici xəbərdir".

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Ramilə Əhmədova isə səhiyyə sahəsində çalışanlarının əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərarı böyük məmnunluqla qarşıladığını ifadə edib:

Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY

"Bu artım tibb işçilərinin əməyinə verilən yüksək qiymətin və dövlət qayğısının bariz nümunəsidir. Bu xüsusda Prezident İlham Əliyevə səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildirir, Birinci vitse-prezident Mehriban Əliyevanın da səhiyyə sahəsinə və tibb işçilərinə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndiririk".

Onun sözlərinə görə, əməkhaqlarının artırılması həkim və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addımdır:

"Bu qərar eyni zamanda tibb işçilərinə öz peşə fəaliyyətlərini daha böyük məsuliyyət və ruh yüksəkliyi ilə davam etdirmək üçün əlavə stimul verir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından dövlət rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk. Biz də öz növbəmizdə vətəndaşlara keyfiyyətli və peşəkar tibbi xidmət göstərmək üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik".

Həkim-nevroloq Yaqub Allahverdiyev öz növbəsində hesab edir ki, TƏBİB müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması gözəl təşəbbüsdür:

"Çünki səhiyyə sisteminin əsas və ən vacib resursu insan resursudur. Müasir tibbi avadanlıqlar, yeni texnologiyalar və müasir xəstəxanalar nə qədər vacibdirsə, onların arxasında dayanan peşəkar və motivasiyalı tibb işçisi də bir o qədər önəmlidir. İlk növbədə, bu artım həkimlərin və digər tibb işçilərinin əməyinə verilən dəyərin göstəricisidir. Əməkhaqqının yaxşılaşdırılması tibb işçilərinin motivasiyasını artıracaq, onların öz peşəsinə və işinə daha böyük həvəslə yanaşmasına şərait yaradacaq".

Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY

Həkimin fikrincə, digər mühüm məqam kadrların dövlət səhiyyə sistemində saxlanılması və yeni mütəxəssislərin bu sahəyə cəlb olunmasıdır:

"Xüsusilə, müəyyən ixtisaslar üzrə kadr çatışmazlığı olan regionlarda əməkhaqqının və stimullaşdırıcı mexanizmlərin yaxşılaşdırılması həkimlərin həmin ərazilərdə işləməyə marağını artıra bilər. Bu isə regionlarda tibbi xidmətlərin əlçatanlığının yaxşılaşmasına və şəhərlərlə regionlar arasında tibbi xidmət imkanlarının fərqinin azalmasına kömək edə bilər.

Məncə, bu dəyişiklik həm də həkimlərin davamlı peşəkar inkişafına müsbət təsir göstərəcək. Tibb daim inkişaf edən sahədir və həkim öz biliklərini daim yeniləməlidir. Maddi və peşəkar motivasiyanın artması təlimlərə, yeni biliklərə və müasir müalicə üsullarının tətbiqinə marağı gücləndirə bilər".

Y.Allahverdiyev əlavə edib ki, ən vacib məqam mütərəqqi addımların pasiyentə xidmətin keyfiyyətində öz əksini tapmasıdır:

"Daha motivasiyalı və peşəkar inkişafına imkan olan tibb işçisi pasiyentə daha keyfiyyətli, diqqətli və effektiv tibbi xidmət göstərə bilər. Ona görə də mən bu əməkhaqqı artımını yalnız maaş artımı kimi deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına yönəlmiş bir addım kimi qiymətləndirirəm. Ümid edirəm ki, bu dəyişiklik həm tibb işçilərinin sosial rifahına, həm də pasiyentlərin göstərilən tibbi xidmətə olan məmnuniyyətinə müsbət təsir göstərəcək".

Xatırladaq ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.

Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib.

Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər