Anar Quliyev: "Minatəmizləmə ərazi planlaşdırılmasının ayrılmaz hissəsidir"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz hissəsidir.
"Far.Az" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu qurumun sədri Anar Quliyev Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti" mövzusunda panel müzakirəsində bildirib.
O, qeyd edib ki, münaqişədən sonrakı genişmiqyaslı bərpa proseslərində "əvvəl təmizlə, sonra qur" yanaşmasından inteqrasiya olunmuş modelə keçid zəruridir: "Minatəmizləmə fəaliyyətinə dair məlumatlar ərazi planlaşdırılmasının mühüm komponentinə çevrilməli, torpaqların təhlükəsizliyi və əlçatanlığı inkişaf prioritetlərinin müəyyənləşdirilməsində nəzərə alınmalıdır".
A.Quliyev Azərbaycanın təcrübəsinin münaqişədən və böhrandan sonrakı bərpa prosesləri üçün nümunə ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsiz ərazilərin yaradılması yalnız minalardan təmizlənmiş torpaq sahələrinin formalaşdırılması demək deyil. Bu proses həmin ərazilərdə şəhərlərin, kəndlərin, məktəblərin, xəstəxanaların, yolların, enerji sistemlərinin, iqtisadi fəaliyyətin və nəhayət, insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının əsasını təşkil edir.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri bütöv ərazilərin transformasiyasını nəzərdə tutur. Bu baxımdan Komitənin fəaliyyəti ayrı-ayrı şəhər və yaşayış məntəqələrinin planlaşdırılması ilə məhdudlaşmır, ərazilərin uzunmüddətli inkişafını müəyyən edən məkan çərçivəsinin formalaşdırılmasını da əhatə edir", - deyə A.Quliyev əlavə edib.
Sədrin sözlərinə görə, bu yanaşmanın praktiki ifadəsi olaraq təxminən 13 600 kv.km ərazini əhatə edən, 12 şəhər, 11 qəsəbə və 286 kəndi birləşdirən regionun Baş Planı hazırlanaraq təhvil verilib. Bundan əlavə, bütün 12 şəhər, 106 qəsəbə və kəndin ayrı-ayrılıqda da baş planları hazırlanıb. Bu planlar 24 700 hektardan çox ərazini əhatə edir və təxminən 538 min nəfər üçün planlaşdırma çərçivəsi yaradır.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 12 şəhər və 80-dən çox kənd və qəsəbədə tikinti işləri davam edir. Artıq 10 şəhər, 3 qəsəbə və 34 kənddə ilk yaşayış məhəllələri istifadəyə verilib, indiyə qədər 16 500 yeni yaşayış vahidinin tikintisinə icazə verilib.
Yaşayış məskənlərində 30-dan çox məktəb və məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, Qarabağ Universitetində isə 2 100-dən çox tələbə təhsil alır. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə artıq təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır.
Bərpa prosesinin yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmadığı, regionun yeni nəqliyyat və iqtisadi bağlantı strukturunun formalaşdırılması məqsədilə 3 beynəlxalq hava limanı, 150 kilometrdən çox dəmir yolu bağlantısı və ümumi uzunluğu 3 800 kilometrdən çox olan 68 yol layihəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.
A.Quliyev çıxışında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığın da ərazi planlaşdırılmasının inkişafında mühüm rol oynadığını bildirib. O, "Davamlı şəhər inkişafı üçün inteqrasiya olunmuş məkan planlaşdırılması – Şərqi Zəngəzur regionunda ağıllı, dayanıqlı və inklüziv yaşayış məntəqələrinə doğru" layihəsi çərçivəsində Kəlbəcər və Cəbrayıl rayonlarında məkan planlaşdırılması üzrə işlərin aparılacağını açıqlayıb.
Konfrans Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"













