Zəfər Bayramı - Yüzillik savaşın nəticəsi - ANALİZ
Far.Az xəbər saytı

Zəfər Bayramı - Yüzillik savaşın nəticəsi - ANALİZ


Dünya azərbaycanlıları, Azərbaycanın dostları bu günü qürurla, fəxrlə bayram edir. Bu günü Azərbaycanda 102 il gözləyiblər. Zəfər qazanmaq uğrunda 1918-ci ildən, Cümhuriyyət yaranandan savaş gedir.

2020-ci il dekabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" imzaladığı sərəncama əsasən, bu bayram dördüncü ildir ölkədə qeyd edilir.

Tarixdən qısa xatırlama; “Azərbaycan döyüşdə Ermənistana heç vaxt uduzmayıb”, - bu deyim 44 günlük müharibədə özünü bir daha təsdiqləyib. Çünki torpaqlar ermənilərin havadarlarının, “beşinci kolonun” aparıcılığı ilə işğal olunub. Xocalı, Ağdaban, Qaradağlı və başqa bölgələrdə soyqırımının törədilməsi, bu cinayətin təşkilatçılarının kimliyi Azərbaycana qarşı müharibənin əsl mahiyyətini ortaya qoyub.

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində baş verib. Erməni hərbi dəstələri tərəfindən Azərbaycanın “Mİ-8 N72” helikopteri vurulmuşdu.

Bu faciə nəticəsində Azərbaycan dövlət xadimləri - dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyevlə yanaşı, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev şəhid olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Bu da havadarları ilə ermənilərin Azərbaycan dövlətinə qarşı törətdikləri terrora misaldır.

Sonrakı dövrdə Fransanın da erməni havadarlarının sırasına qatılması işğal dövrünün uzanmasına təsir göstərib.

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlanması barədə qərar verildi.

Vətən müharibəsindən əvvəl Ermənistan rəsmiləri Azərbaycana dil uzadaraq, yeni əraziləri tutduqdan sonra rəsmi Bakını sülh sazişi imzalamağa məcbur edəcəklərini bildirirdilər.

Ancaq onların bütün istəkləri ürəklərində qaldı. “Güclü məğlubedilməz erməni ordusu” mifi, “ermənilərə siyasi-diplomatik dəstək verilir” kimi açıqlamalar 44 gündə dağıldı. Düzdür, bu müharibədən əvvəl birinci Qarabağ müharibəsi zamanı Azərbaycan döyüşçüsü Natiq Qasımov, Elçin Qəmbərov, Əlfi Qasım, Azərbaycan hərbçisi Mübariz İbrahimovun rəşadəti, aprel döyüşlərdə əldə edilən uğurlar, 44 günlük Vətən müharibəsi nəticəsində oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, 20-sində Zəngilan, 25-ində Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri işğaldan azad edildi.

2020-ci il noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən münaqişə bölgəsində atəşin və hərbi əməliyyatların tam dayandırılmasına dair Azərbaycan, Rusiya və Ermənistan liderləri üçtərəfli Bəyanat imzalayıb. Həmin sənədə əsasən, Ermənistan hərbi qüvvələrinin Qarabağın ətrafındakı Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvanla ölkənin qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdi.

Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı dəstələr həmin il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları işğaldan azad olunub.

2023-cü il sentyabrın 19-da 23 saatlıq əməliyyat tədbiri nəticəsində separatçıların tör-töküntüləri də Azərbaycan ərazisini tərk edib, liderləri isə həbs olunub.

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və başqaları tutularaq əli-qolu bağlı Bakıya gətirildi.

Noyabrın 10-u bəyanatına əsasən Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları da bölgədən çıxarıldı. Builki Zəfər Bayramının xuntasız, xarici ölkə hərbçilərinin iştirakı olmadan qeyd edilməsi də əlamətdar haldır.

Zəfər günü sanki yüzillik müharibənin nəticəsidir. Bu, Azərbaycan vətəndaşlarının milli dövlət qurmaq uğrunda mübarizəsinin uğurudur. Şuşanın azadlığı yüzillik savaşın Zəfərlə baş çatmasının deyil, həm də Azərbaycan milli dövlətinin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının rəmzidir. Bu gün Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi yolunda mübarizə aparmış, aparan hər kəsin anıldığı tarixdir. Bir əsrdə qazanılan zəfər Zəfəridir bu gün.

Bu qələbə ilə beynəlxalq aləmdə Azərbaycanın nüfuzu və etibarı artıb. Rəsmi Bakı müxtəlif anlaşmalarda bu etimadla iştirak edir. Hətta COP29 kimi mötəbər konfransa da ev sahibliyini Zəfər sayəsində edir.

Qələbə Azərbaycanın regional və qlobal miqyasda təhlükəsizliyin təmin olunmasında yeni uğurların təməlidir. Zəfər Azərbaycan üçün bir əsrlik savaşın əbədi qürur yeridir. Əbədi Gününüz mübarək!

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər