Messinin illər əvvəl etdiyi yaxşılıq üzə çıxdı: "Mənə və uşaqlarıma həyat verdi"
Argentinalı məşhur jurnalist Veronika Brunati Lionel Messiyə həsr etdiyi duyğusal yazıda futbolçunun həm peşəkar, həm də insan kimi onun həyatında yaratdığı böyük izdən danışıb.
BAKU.WS xəbər verir ki, Brunati Messinin Argentina millisindən ayrılması ilə bağlı məqaləsində 2014-cü ildə həyat yoldaşı, tanınmış jurnalist Xorxe "El Topo" Lopesin faciəli ölümündən sonra argentinalı ulduzun ona göstərdiyi dəstəyi də xatırlayıb.
Xorxe Lopes 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatını işıqlandırarkən yol qəzasında həyatını itirmişdi. Onun olduğu taksi polis təqibindən qaçan cinayətkarların idarə etdiyi avtomobillə toqquşmuşdu.
Brunati yazısında həmin ağır günlərdən sonra Messinin ona necə yaxınlaşdığını belə xatırlayıb:
"Messi məni Joan Qamper adına məşq bazasına dəvət etdi. Məni qarşıladı, qucaqladı və soruşdu: "Sənin, Aqusun və Lusiyan üçün nə edə bilərəm?" Uşaqlarımın adlarını xatırlaması məni çox təəccübləndirmişdi.
O, mənə kömək etmək istədiyini deyirdi. "Onlar üçün nə edə bilərəm?" deyə soruşdu. Mən isə nə deyəcəyimi bilmirdim. Lionel Messidən nə istəyə bilərdim?
Ona dedim: "Sadəcə Lionel Messi ol. Uşaqlarım səni görəndə sevinirlər, Leo. Onlar tez-tez ağlayırlar. Mən sadəcə onların yenidən güldüyünü görmək istəyirəm".
Messi mənə baxıb dedi: "Yox, Vero. Başqa bir şey də olmalıdır...""
Jurnalistin sözlərinə görə, o zaman Messi ailəyə maddi və digər formada kömək etməyə hazır olduğunu israrla bildirib. Brunati isə vəziyyətinin nə qədər ağır olduğunu futbolçuya tam açmadığını qeyd edib.
"Əgər başqa iş tapa bilməsəm və hər şey çətinləşsə, CV-mi sənin atana göndərəcəyəm", - deyə Brunati zarafatla bildirib.
Jurnalist Messi ilə bağlı ən böyük xatirələrindən birinin onun uşaqlarına münasibəti olduğunu vurğulayıb.
"Mən heç vaxt ona dibə düşdüyümü, təkbaşına necə yaşayacağımı bilmədiyimi demədim. O isə kömək etməkdə israr edirdi. Deyirdim ki, bir gün Aqus və Lusiya ilə görüşsə, bundan böyük xoşbəxtlik ola bilməz. Və mən haqlı idim", - Brunati yazıb.
O, Messi sayəsində həyatının daha yaxşı olduğunu və argentinalı futbolçunun ona ən çətin anlarında güc verdiyini bildirib.
"Messi bizim üçün hər şey idi. Bizi ruhlandıran, bizə ümid verən, xarakteri ilə bizə çox şey öyrədən insan idi. Çünki Messinin bir insan kimi nüfuzu çox böyükdür.
Messi mənim həyatımı daha yaxşı etdi. El Toponun həyatını da, uşaqlarımın həyatını da. Çünki Messi unikal bir xoşbəxtlik mənbəyidir".
Brunati qeyd edib ki, həyat yoldaşının ölümündən sonra iki azyaşlı uşağı ilə tək qalmasına baxmayaraq, Argentina millisinin oyunlarını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrinə səfər edib. Onun sözlərinə görə, Messi bu yolda ona motivasiya verən əsas insanlardan biri olub.
"Messi məni təsəvvür belə edə bilmədiyim şeylərə sövq etdi. İki balaca uşağımla təkbaşına dünyanın müxtəlif yerlərinə getdim, millinin arxasınca düşdüm. Onlarla səfər, yüzlərlə oyun, mikst zonalar, müsahibələr, saysız-hesabsız ölkələr...
Bəzən yuxusuz, yeməksiz, istirahətsiz qaldım. Amma özümü super ana kimi hiss edirdim. Messi mənə gücüm olmayan vaxtlarda güc verdi".
Jurnalist yazısının sonunda Messinin mirasının yalnız qazandığı titullar, qırdığı rekordlar və vurduğu qollarla ölçülməməli olduğunu vurğulayıb.
"Messi argentinalıdır. Amma bəzən düşünürəm ki, onu dünya irsi elan etmək lazımdır. Çünki bir gün millidə oynamağı dayandırsa da, futboldan getsə də, heç kimin ondan ala bilməyəcəyi bir şey var - bizə bəxş etdiyi xoşbəxtlik.
Bəlkə də onun ən böyük mirası budur. Titullar deyil. Rekordlar deyil. Qollar deyil. Xoşbəxtlik. Başqalarına xoşbəxtlik bəxş etmək.
Çox sağ ol, Leo. Hər şey üçün. Həyatımıza bir az da olsa xoşbəxtlik qatdığın üçün", - Brunati fikirlərini tamamlayıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Edin Ceko milli karyerasını başa vuracağı tarixi açıqlayıb













