Dmitro Şlapaçenko: Azərbaycan BMT-nin gündəliyini müxtəlif istiqamətlərdə fəal şəkildə təşviq edir - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Dmitro Şlapaçenko: Azərbaycan BMT-nin gündəliyini müxtəlif istiqamətlərdə fəal şəkildə təşviq edir - MÜSAHİBƏ


Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun strukturları ilə uzun müddətdir sıx əməkdaşlıq edir. Ötən ilin dekabrında tərəflər 2026-2030-cu illəri əhatə edən Əməkdaşlıq üzrə Çərçivə proqramını imzalayıblar. BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Far.Az"a verdiyi müsahibədə əməkdaşlığın mövcud səviyyəsi və ikitərəfli əməkdaşlığın prioritetləri barədə danışıb.

- Siz Azərbaycanda fəaliyyətə iyulun 1-də başlamısınız. Ölkəmizlə bağlı ilk təəssüratlarınız necədir və Azərbaycan-BMT əməkdaşlığının cari səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan haqqında təəssüratlarım müsbətdir. Düşünürəm ki, Bakı möhtəşəm şəhərdir. İnsanlar məndə böyük təəssürat yaratdı - onlar inanılmaz dərəcədə mehriban və qonaqpərvərdirlər. Küçələrdə, metroda, kafelərdə həvəslə müzakirələrdə iştirak edən və bir çox maraqlı fikirlərini bölüşməyə hazır olan əsl ziyalılarla qarşılaşdım.

Buna görə də hesab edirəm ki, burada çox yaxşı atmosfer hökm sürür. Bundan başqa, Basqalda (İsmayıllı rayonu - red.) olmaq, ölkənin çox gözəl yerlərini görmək imkanım oldu. Azərbaycan yeməklərini və musiqisini bəyənirəm. Artıq bir neçə tamaşada olmuşam. Ümumilikdə, artıq dediyim kimi, təəssüratlarım yalnız müsbətdir.

Azərbaycan hökuməti ilə işləməyə gəldikdə isə hesab edirəm ki, inanılmaz dərəcədə möhkəm münasibətlərimiz var. Bu, BMT-nin irimiqyaslı layihələrinin həyata keçirilməsinə həqiqətən əhəmiyyətli dərəcədə vəsait yatıran azsaylı hökumətlərdən biridir.

COP29-dan sonra ölkə WUF13 tədbirinə ev sahibliyi etdi. Bu, Azərbaycanın BMT-nin beynəlxalq platformasında olduqca mühüm rol oynadığını nümayiş etdirir.

BMT baş katibinin müavininin (Amina Mohammed - red.) may ayında WUF13-də iştirak etməsi bizim üçün çox vacib idi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü keçirildi. Bu, BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsini nümayiş etdirir.

Azərbaycanda məni həmişə olduqca səmimi qarşılayıblar. Xarici işlər naziri ilə görüşdüm və etimadnaməmi Prezidentə təqdim etdim. Hər iki görüş çox məzmunlu keçdi.

Azərbaycanın BMT-nin gündəliyini, çoxtərəfli münasibətləri, iqlim gündəliyini və bir çox digər istiqamətləri təşviq etmək üçün göstərdiyi böyük səylərin şahidi oluram. Öz növbəmizdə, BMT olaraq bu təşəbbüsləri dəstəkləməkdən çox məmnun olarıq.

- Yaxın illərdə Azərbaycanla əməkdaşlığın hansı istiqamətlərini əhəmiyyətli dərəcədə genişləndirmək istərdiniz?

- Bu suala birmənalı cavab vermək çətindir, çünki bir çox məqam hökumətin tələblərindən asılıdır. Biz Azərbaycan hökumətinə dəstək göstərir və onunla birlikdə layihələrin həyata keçirilməsi üzərində işləyirik. Buna görə də çox şey hökumətin prioritetlərindən asılı olacaq.

Lakin fikrimcə, daha çox diqqət yetirmək istədiyim istiqamətlərdən biri, şübhəsiz ki, minatəmizləmə fəaliyyətidir. Hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda mina problemi həll edilmədən insanların normal həyata qayıtması çətin olacaq.

Təhlükəsiz mühit həm də məşğulluq, tibbi xidmətlərin əlçatanlığı və layiqli həyat deməkdir. Buna görə də təhlükəsizlik təmin edilmədən insanlar Qarabağa qayıda bilməyəcəklər. Mən bunu Azərbaycan hökuməti və bizim üçün mühüm istiqamət hesab edirəm.

Daha bir aydın istiqamət isə iqlim dəyişikliyidir. Məhz buna görə biz bu gün Bakı İqlim Həftəsində iştirak edirik. Düşünürəm ki, regionun bütün ölkələri iqlim dəyişikliyinin fəsadları ilə üzləşirlər. Buna görə də bu istiqamətdə daha çox iş görməli olduğumuz mənə tamamilə aydındır.

BMT-nin bir neçə strukturu artıq iqlim dəyişikliyi sahəsində işləyir, lakin biz bu fəaliyyəti genişləndirməliyik. Əgər bu işə BMT-nin daha çox müxtəlif strukturlarını cəlb edə bilsəydik, bu, irəliyə doğru böyük bir addım olardı.

Mən həmçinin gənclərlə daha fəal işləmək istərdim. Məhz buna görə universitetlərlə qarşılıqlı fəaliyyət, gənclərin fəallığının dəstəklənməsi və onlarla birlikdə daha çox təşəbbüsün həyata keçirilməsi kimi istiqamətləri prioritet hesab edirəm.

Hesab edirəm ki, biz mədəniyyət sahəsində daha çox işləməliyik, çünki Azərbaycan çox zəngin mədəni irsə malikdir. Biz həqiqətən də BMT-nin ənənəvi olaraq o qədər də çox diqqət yetirmədiyi bu sahədə əməkdaşlığı genişləndirə bilərik. Bu səbəbdən mədəniyyət sahəsi də mümkün istiqamətlərdən biridir.

Beşinci istiqamət səhiyyə sahəsini əhatə edir, çünki o, cəmiyyətin böyük bir hissəsinə təsir göstərir. Mən istərdim ki, burada kompleks yanaşma tətbiq olunsun. Mənim üçün sağlamlıq təkcə insanların deyil, həm də heyvanların, ətraf mühitin və bütün planetin sağlamlığıdır. Buna görə də qeyd olunan məsələyə məhz bu nöqteyi-nəzərdən baxmaq vacibdir.

Son olaraq bizim əla "UN-Habitat" komandamız var. Komanda urbanizasiya sahəsində hökumətlə işləyir. Bakı gözəl və dinamik inkişaf edən şəhərdir, lakin hazırda onun təxminən 5,5 milyon əhalisi var. Buna görə də əgər biz dünya təcrübəsinə əsaslanaraq şəhəri daha da yaxşılaşdırmağa kömək edəcək əlavə həllər təklif edə bilsək, bu, böyük əhəmiyyət kəsb edəcək.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməyi planlaşdırırsınızmı?

- Bu sualı verdiyinizə görə çox şadam, çünki bu ərazilərə səfər etmək və bu işdə birbaşa iştirak etmək mənim üçün həqiqətən vacibdir.

Strateji baxımdan BMT-nin bu istiqamətdə daha çox iş görməsini istərdim. Yaxın vaxtlarda Qarabağa səfər edəcəyimi elan etməkdən çox məmnunam. İnsanlarla ünsiyyət qurmaq, Azərbaycanın indiyədək hansı işləri gördüyünü izləmək və hansı əlavə töhfə verə biləcəyimizi anlamaq imkanına malik olmaq həqiqətən çox sevindiricidir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər