Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb
Azərbaycanda texnopark rezidentləri üçün vergi və sosial sığorta güzəştlərinin müddəti 20 ilədək artırılır, startaplara investisiya yatıran investorlar üçün yeni vergi stimulları yaradılır, innovasiya məhsullarının dövlət satınalmalarında iştirakına isə əlavə imkanlar verilir.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 22-də imzaladığı fərmanlarla təsdiqlənən qanunvericilik dəyişikliklərində əksini tapıb. Bununla bağlı Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlara dəyişikliklər edilib.
Dəyişikliklər rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək, texnoloji sahibkarlığı dəstəkləmək, xarici rəqəmsal mütəxəssisləri Azərbaycana cəlb etmək və innovativ məhsulların kommersiyalaşdırılmasını təşviq etmək məqsədi daşıyır.
Yeni qaydalara əsasən, 2027-ci il yanvarın 1-dən müəyyən edilmiş meyarlara cavab verən texnopark rezidentlərinin müvafiq fəaliyyətdən əldə etdikləri gəlir və mənfəətə, ödənilən dividendlərə, istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştlərinin müddəti 20 ilə çatdırılacaq. Güzəştlər texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək.
Bundan başqa, rezidentlərin müvafiq fəaliyyət sahələrində çalışan işçilərinin əmək gəlirlərinə 20 il müddətində 0 % gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur. Yeni rezidentlər üçün həmin fəaliyyətə cəlb olunan işçilər üzrə sosial sığorta haqqının hesablanmasında mövcud seçim imkanının müddəti də 10 ildən 20 ilə artırılır.
Tədqiqat və inkişaf fəaliyyətinin stimullaşdırılması məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönələn müəyyən əməliyyat xərclərinin vergi tutulan gəlirdən 2,5 əmsalla çıxılması, bu işlərdə istifadə olunan və ayrıca uçotu aparılan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi nəzərdə tutulur.
Startaplara investisiya yatıran akkreditə olunmuş investorlar üçün də vergi güzəştləri müəyyənləşdirilir. Müəyyən şərtlərlə yatırılmış investisiyanın bir hissəsinin vergi tutulan gəlirdən çıxılması, kraudfandinq və vençur kapitalı investisiyalarından əldə olunan gəlirlərə, eləcə də texnopark rezidentlərinin işçilərinə pay və səhm iştirakı planları çərçivəsində verilən gəlirlərə 10 illik vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Eyni zamanda startapların və texnopark rezidentlərinin fəaliyyətləri üçün xarici şirkətlərdən əldə etdikləri bulud, platforma, proqram təminatı və API xidmətləri üzrə ödənişlərə 20 il müddətinə vergi və ƏDV güzəştləri tətbiq ediləcək.
Dəyişikliklər rəqəmsal səyyahların Azərbaycanda fəaliyyət göstərməsi üçün də hüquqi çərçivə yaradır. Xarici mənbələrdən gəlir əldə edən, rəqəmsal texnologiyalar vasitəsilə məsafədən çalışan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən şərtlərlə texnopark rezidenti ola, işgüzar səfər vizası, müvəqqəti və daimi yaşamaq icazəsi üçün nəzərdə tutulan mexanizmlərdən yararlana biləcəklər.
Yüksəkixtisaslı miqrantların xaricdəki qeyri-rezidentlərlə əmək müqaviləsi əsasında xarici mənbələrdən əldə etdikləri gəlirlərə də 20 illik gəlir vergisi azadolmasının tətbiqi nəzərdə tutulur.
İnnovasiya məhsullarının dövlət satınalmalarında iştirakını genişləndirmək üçün də yeni mexanizmlər yaradılır. Dəyəri 100 min manatadək olan innovasiya məhsullarının satın alınması zamanı azı üç təchizatçıdan qiymət təklifinin alınması şərti ilə ayrıca satınalma qaydası tətbiq ediləcək. Ehtimal olunan qiyməti 250 min manatadək olan satınalmalarda isə innovasiya məhsulları üzrə təkliflərin qiymətləndirilməsi zamanı 20 %-lik satınalma güzəşti nəzərə alınacaq.
Bundan əlavə, texniki xüsusiyyətləri əvvəlcədən dəqiq müəyyən edilə bilməyən innovasiya məhsullarının hazırlanması və real şəraitdə sınaqdan keçirilməsi üçün pilot tətbiq mexanizmi tətbiq olunacaq. Bu çərçivədə hər bir təchizatçı ilə bağlanan müqavilənin məbləği 1 milyon manatadək, müddəti isə 12 ayadək ola bilər.
Qeyd edək ki, dəyişikliklər Prezidentin 2026-cı il fevralın 27-də təsdiq etdiyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində hazırlanıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir













