Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İttihama görə, "Taxes Group" MMC-nin direktoru və "Loft Dent" klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yangın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, "iVolt" brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib.
2025-ci il noyabrın 21-də saat 19 radələrində həmin elektrik xətlərində normadan artıq yükə görə qısaqapanma baş verib. Nəticədə əmələ gələn qığılcım yaxınlıqdakı tezalışan materiallara keçərək binanın kommunikasiya şaxtası boyunca yuxarı mərtəbələrə doğru sürətlə yayılıb və binanı tüstü bürüyüb.
Faciə ilə nəticələnən yanğın zamanı binadan çıxmağa çalışan sakinlərdən üç nəfər - Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova kəskin tüstüdən zəhərlənərək hadisə yerində həyatlarını itiriblər. Hadisə zamanı yeddi nəfər ağır olmaqla, ümumilikdə 25 sakin müxtəlif dərəcəli xəsarətlər alıb.
Bununla yanaşı, yanğın nəticəsində yaşayış binasının lift infrastrukturu, elektrik xətləri, kommunikasiya sistemləri və mənzillərə dəymiş ziyan da daxil olmaqla, vətəndaşlara və əmlak sahiblərinə ümumilikdə 419 382 manat məbləğində maddi ziyan dəyib.
Bəhruz Paşayev zərərçəkənlərdən üzr istəyib. O, özünü bu əməldə təqsirli bilib.
Növbəti iclas oktyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova (Könül Vəlibəyli) dünyasını dəyişib, 25 nəfər xəsarət alıb.
Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













