Elçin Camallı: "İngiltərə komandasını məğlub edib finala yüksəlmək istəyirik"
Far.Az xəbər saytı

Elçin Camallı: "İngiltərə komandasını məğlub edib finala yüksəlmək istəyirik"


Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə turnirdə çıxış edən "Elit polo club" komandasının əsas hədəfi finala yüksəlməkdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin üzvü Elçin Camallı jurnalistlərə açıqlamasında deyib.

O, çimərlik polosunda ilk matçın gərgin keçdiyini bildirib:

"Azərbaycanda ilk dəfə çimərlik polosu turnirində iştirak edirik. Qum örtüyü bir qədər dərin olsa da, yaxşı hazırlaşmışdıq. İlk matç çox maraqlı alındı. Ümid edirəm ki, növbəti oyunumuzda da qələbə qazanaraq finala çıxacağıq".

O, yarımfinaldakı rəqibləri olan İngiltərə komandası ilə keçirəcəkləri görüşə də toxunub:

"Növbəti matçımız İngiltərə seçməsi ilə olacaq. Onların oyunu əlavə dəqiqələrə qədər uzandı və gərgin mübarizə şəraitində keçdi. Yarımfinalda tam fərqli atmosfer olur. İnşallah, azarkeşlər üçün maraqlı qarşılaşma alınar və biz qələbə qazanarıq".

E.Camallı çimərlik polosunun xüsusiyyətlərindən və qum örtüyünün atlara təsirindən də söz açıb:

"Əvvəlcə qum örtüyü bərk görünür və oyunun sürətli keçəcəyi təəssüratı yaranır. Lakin oynadıqca qum qazılır, dərinləşir və top istiqamətini tez-tez dəyişir. Bu səbəbdən, atların istiqamətini dəyişmək məcburiyyətində qalırıq. Normalda atlar 6 dəqiqədən sonra yorulursa, burada artıq 3 dəqiqəyə yorulurlar. Atların zədələnməməsi və gümrah qalmaları üçün onları hər 3 dəqiqədən bir dəyişirik".

Qeyd edək ki, "Elit polo club" Rusiyanın "Moscow polo club" komandasını 7:3 hesabı ilə məğlub edib.

Günün ilk matçında isə "Red Star" (Böyük Britaniya) və "Sankt Mortiz" (İsveçrə) komandaları qarşılaşıblar. Bu görüşdə İsveçrə təmsilçisi 7:6 hesablı qələbə qazanıb.

Azərbaycan təmsilçisi sabah Böyük Britaniyanın "Red Star" komandası ilə yarımfinalda üz-üzə gələcək. Digər yarımfinal qarşılaşması isə "Sankt Mortiz" (İsveçrə) və "Moscow polo club" (Rusiya) arasında keçiriləcək.

Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.

Turnirə sentyabrın 13-də yekun vurulacaq.

Oxşar xəbərlər

"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
Azərbaycan təmsilçisi çimərlik polosu üzrə beynəlxalq yarışa qələbə ilə başlayıb
Elçin Camallı: "Polo turnirinə yaxşı hazırlaşmışıq, özümüzü favorit görürük"
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər