Elçin Camallı: "Polo turnirinə yaxşı hazırlaşmışıq, özümüzü favorit görürük"
Far.Az xəbər saytı

Elçin Camallı: "Polo turnirinə yaxşı hazırlaşmışıq, özümüzü favorit görürük"


​"Elit polo club" komandası Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu üzrə beynəlxalq turnirə yaxşı hazırlaşıb.

"Report" xəbər verir ki, bunu komandanın kapitanı Elçin Camallı deyib.

​O, məşqlərin intensiv keçdiyini və yarışa yeni atların gətirildiyini bildirib:

​"Məşqlər hər gün mütəmadi davam edir. Turnirə 10-15 gün əvvəl Argentinadan gətirilmiş atlarla hazırlaşırıq. Oradakı atların hamısını şəxsən özüm seçib yoxlamışam və ölkəmizə gətirmişəm. Bu atlar ingilis və Argentina cinslərinin qarışığından əldə olunub. Onların dırnaq quruluşu, yer tutumu fərqlidir, bədən quruluşları isə böyükdür. Bu da yerində manevr etmək və sürət yığmaq imkanı yaradır. Bütün dünyada polo yarışları Argentina cinsindən olan atların üzərində oynanılır. Binə Atçılıq Mərkəzində həm ot, həm də qum arenamız var. Atları qum örtüyünə öyrətmək üçün həftədə 3-4 dəfə qum meydançasında məşq edirik. Çünki otdan dərhal quma keçid heyvanların əzələ və vətərlərində zədələrə səbəb ola bilər. Ona görə də atlar yarışdan xeyli əvvəl gətirilib ki, tam hazır olsunlar. Yaxşı hazırlaşdığımızı düşünürəm. Əlbəttə, özümüzü favorit görürəm və inşallah, qələbə qazanacağıq".

​İdmançı Azərbaycan təmsilçilərinin əvvəlki uğurlarından söz açıb:

​"Arena poloda və çimərlik polosunda qaydalar fərqlidir. Arena poloda qayda pozuntuları daha tez-tez qeydə alınır. Lakin biz neçə ildir bu növlə peşəkar şəkildə məşğul oluruq. 2015-ci ildə Azərbaycan tarixində ilk dəfə polo komandası olaraq Avropa çempionu olmuşuq. Həmçinin Avropa ikinciliyi qazanmışıq və Dünya Kubokunun qalibi olmuşuq. Bu nailiyyətlər göstərir ki, yarışa yetərincə hazırıq. Turnirdə ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik".

​E.Camallı rəqib komandaları da dəyərləndirib:

​"İsveçrə təmsilçisini yaxşı tanıyıram. Ötən ay müqavilə ilə İsveçrənin 'Sankt-Morits' klubunda çıxış edirdim. Həmin klubdan bura gələcək oyunçulara, o cümlədən ispaniyalı Pelayo Berazadiyə bələdəm. İngiltərə komandası ilə hələ qarşılaşmamışıq, Rusiya təmsilçisini isə əvvəlki turnirdə mağlub etmişdik. Fərq etməz, rəqibi heç vaxt zəif görmürük. Hesab edirəm ki, rəqibini zəif görən idmançı heç vaxt böyük nailiyyət qazana bilməz".

Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində təşkil olunacaq. Yarışın rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər