İİTKM rəhbəri: "TDT iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq"
Far.Az xəbər saytı

İİTKM rəhbəri: "TDT iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq"


Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

O bildirib ki, Türkiyədə 1 milyon ABŞ dolları əlavə son tələbat ölkədə 1,58 milyon ABŞ dolları məbləğində iqtisadi istehsala səbəb olub: "Eyni zamanda, Türkiyədəki əlavə son tələbatın Macarıstan və Qazaxıstan kimi digər Türk dünyası ölkələrinə təsiri statistik olaraq əhəmiyyətlidir. Bu baxımdan qiymətləndiririk ki, Türk dövlətləri arasında istehsal və ticarət əlaqələrinin möhkəmləndirilməsi regional multiplikator təsirlərini və iqtisadi dividendləri artıracaq".

İİTKM rəhbəri Orta Dəhliz və logistika sahəsindəki dinamikaya da toxunaraq əsas statistik göstəriciləri diqqətə çatdırıb: "Xəzər dənizi üzərindən quru yük daşımalarının 34 %, Şərq-Qərb istiqamətində dəmir yolu tranzitinin 12 %, Bakı Limanında konteyner aşırılmasının isə 15 % artıb. Orta Dəhlizin davamlılıq indeksinin Azərbaycan seqmenti 1 üzərindən təxminən 0,5-dir. Bu o deməkdir ki, bir tərəfdən davamlılıq üçün yaxşı bazamız var, digər tərəfdən infrastrukturu təkmilləşdirmək, İpək Yolu, Orta Dəhliz və Türk qurşağının rəqəmsallaşdırılmasını təmin etmək, vahid tariflərlə "tək pəncərə" sistemini yaratmaq üçün böyük imkanlar mövcuddur".

Regionun maliyyə potensialını da təhlil edən V.Qasımlı əlavə edib ki, TDT ölkələrinin qlobal ÜDM-də payı 2 % olduğu halda, qlobal bank aktivlərindəki payı 0,8 %-dir: "Bununla yanaşı, daxili qənaətlər qlobal göstəricinin 2,3 %-inə bərabərdir. Beləliklə, bu qiymətləndirmədən çıxan əsas nəticə odur ki, başlıca çağırış TDT regionunun iqtisadi və qənaət potensialını yeni nəsil maliyyə həlləri vasitəsilə səfərbər etmək və onu məhsuldar investisiyalara, dayanıqlı artıma yönəltməkdir. Yeni nəsil maliyyə alətləri dedikdə tokenizasiya, rəqəmsal reyestr texnologiyası (blokçeyn), İslam maliyyəsi, süni intellekt və s. nəzərdə tutulur".

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər