Qazaxıstanlı ekspert: "Orta Dəhlizin rəqabət qabiliyyəti öz keyfiyyətinə əsaslanmalıdır"
Orta Dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) inteqrasiyasını avtomatik təmin etmir.
"Far.Az" xəbər verir ki, bunu Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Regional Araşdırmalar Mərkəzinin direktoru Adilbek Yermekbayev Bakıda keçirilən TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
Onun sözlərinə görə, Orta Dəhliz TDT-nin funksional transformasiyası üçün şərait yaradır, lakin inteqrasiyanı avtomatik olaraq təmin etmir: "İnfrastruktur, tranzit və inteqrasiya bir-biri ilə bağlı, lakin fərqli proseslərdir. Tonnajın artması marşruta olan tələbatı sübut edir, lakin öz-özlüyündə regionalizmin dərinliyi haqqında heç nə demir".
O qeyd edib ki, infrastruktur səviyyəsində dövlətlər dəmir yolları, limanlar, terminallar və sərhəd obyektləri tikirlər: "Tranzit səviyyəsində bu elementlər beynəlxalq marşrut kimi işləməyə başlayır. İnteqrasiya səviyyəsi isə yalnız müntəzəm əməliyyatlar iştirakçılar arasındakı münasibətləri dəyişdikdə yaranır. Bunun üçün uyğun sənədlər və rəqəmsal sistemlər, vahid tariflərin proqnozlaşdırıla bilməsi, razılaşdırılmış investisiyalar tələb olunur. Bu isə transsərhəd istehsal və logistik əlaqələr yaradır. Səbəb-nəticə mexanizmini dəqiq formalaşdırmaq olar: Dəhlizin inkişafı logistik və tənzimləmə xərclərini azaltmalıdır. Bu, transsərhəd əməliyyatların müntəzəmliyini artırır, təkrarolunma harmonizasiyaya (uyğunlaşdırmaya) tələbat yaradır, birgə qaydalar tranzaksiya xərclərini azaldır və iqtisadi qarşılıqlı asılılığı genişləndirir. Əgər bu keçidlərdən biri müşahidə olunmursa, "inteqrasiya effekti" haqqında danışmaq vaxtından əvvəldir".
A.Yermekbayev bildirib ki, Orta Dəhlizi eksklüziv olaraq Türk layihəsi hesab etmək olmaz və bunu hamı bilir: "Əsas yük axını Çin və Avropa bazarlarını birləşdirir. TDT üzvü olmayan Gürcüstan əsas rol oynayır. Hərçənd Azərbaycan tərəfi formatı digər dövlətlərin də qoşula biləcəyi "TDT+" adlı iqtisadi qurşağa qədər genişləndirməyi təklif edir ki, bu da iqtisadi qurşağa tam şəkildə keçid üçün yaxşı şərait yarada bilər. Maliyyə ekspertizasını beynəlxalq institutlar təmsil edir. Çin yalnız yük mənbəyi kimi deyil, həm də investor, infrastruktur iştirakçısı və operator kimi çıxış edir. Buna görə də TDT-ni bütün marşrutun mərkəzi institusional nüvəsi kimi deyil, polisentrik (çoxmərkəzli) idarəetmənin qovşaqlarından biri kimi görmək daha doğru olardı - dövlətlər, nəqliyyat şirkətləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Assosiasiyası, Gürcüstan və xarici maliyyə institutları ilə yanaşı. TDT-nin müqayisəli üstünlüyü bütün dəhlizin operativ idarə olunmasında deyil, siyasətin, hüquqi və rəqəmsal uyğunluğun koordinasiyasındadır".
Mərkəz direktoru qeyd edib ki, marşrut 2022-ci ildən çox-çox əvvəl mövcud idi: "Lakin Ukraynadakı müharibə, sanksiya riskləri və şimal istiqamətindəki kəsintilər onun nisbi dəyərini kəskin şəkildə artırıb. Bu impuls vacibdir, lakin həmişəlik təmin olunmayıb. Logistik zəncirlər marşrutları dəyər, vaxt, etibarlılıq, şoklara dözümlülük, sanksiya təsirləri və geosiyasi risklərin kombinasiyasına əsasən seçirlər. Buna görə də Orta Dəhlizin uzunmüddətli rəqabət qabiliyyəti alternativlərin zəifliyinə deyil, öz keyfiyyətinə söykənməlidir. Yəni biz şimalda və ya cənubda vəziyyətin pis olduğunu deməməliyik və bizim öz keyfiyyətimiz olmalıdır".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













