Kanada rəsmi olaraq Şimali Avropa hərbi alyansına üzvlük üçün müraciət edib
Far.Az xəbər saytı

Kanada rəsmi olaraq Şimali Avropa hərbi alyansına üzvlük üçün müraciət edib


Kanada Şimali Avropa dövlətlərini birləşdirən Birləşmiş Ekspedisiya Qüvvələrinə (Joint Expeditionary Force, JEF) üzv olmaq üçün rəsmi sorğu göndərib.

"Far.Az"un məlumatına görə, bu barədə Kanada hökumətinin başçısı Mark Karninin dəftərxanasından onun Liverpulda britaniyalı həmkarı Endi Börnhemlə görüşünün yekunlarına dair verilən açıqlamada bildirilib.

Dəftərxananın məlumatında deyilir: "Liderlər hər iki dövlətin müdafiə və təhlükəsizlik sahəsindəki dərin və miqyası genişlənən tərəfdaşlığını qeyd edib, həmçinin bu cür səylərin intensivləşdirilməsi yollarını müzakirə ediblər. Bu kontekstdə Baş nazir Karni Kanadanın Birləşmiş Ekspedisiya Qüvvələrinə qoşulmaq üçün rəsmi sorğu göndərdiyini bildirib. O, Kanadanın bu mühüm təşəbbüsdə iştirakını dəstəklədiyinə görə Birləşmiş Krallığa minnətdarlığını ifadə edib".

Eyni bəyanatdan məlum olduğu kimi, hökumət başçıları altıncı nəsil aznəzərəçarpan qırıcı-bombardmançının hazırlanması üzrə birgə Britaniya-İtaliya-Yaponiya proqramının açdığı "hərbi-sənaye sahəsində əməkdaşlıq" perspektivlərini də nəzərdən keçiriblər. Ottava bu ilin iyul ayında sözügedən proqramda müşahidəçi statusu alıb.

Karni ilə Börnhem Kanada və Böyük Britaniya arasında "iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin zəruriliyinə diqqət çəkiblər", qabaqcıl texnologiyalar sahəsində, o cümlədən süni intellektlə bağlı işləmələr üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

JEF 2014-cü ildə formalaşdırılıb və hazırda 10 dövləti əhatə edir: Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya. İştirakçı dövlətlər müntəzəm olaraq birgə hərbi manevrlər təşkil edirlər. Bu təlimlərin bəyan edilən məqsədi Şimali Avropa ölkələrinin silahlı qüvvələrinin böhran vəziyyətlərinə operativ reaksiya vermək qabiliyyətini artırmaqdır. Böyük Britaniyanın Birinci Dəniz Lordu general Qvin Cenkins avqustun sonlarında bildirib ki, Londonun rəhbərliyi altında fəaliyyət göstərən bu birlik adıçəkilən dövlətlər üçün de-fakto NATO-ya alternativ kimi çıxış etmək qabiliyyətindədir.

Oxşar xəbərlər

Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər