Dima Əl-Yahya: "DCO-nun məqsədi Azərbaycanın coğrafiyasını rəqəmsal üstünlüyə çevirməkdir" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Dima Əl-Yahya: "DCO-nun məqsədi Azərbaycanın coğrafiyasını rəqəmsal üstünlüyə çevirməkdir" - MÜSAHİBƏ


Bu gün rəqəmsal inkişaf dünyada əsas trendlərdən biridir. Hər bir ölkə müəyyən üstünlüklər əldə etmək üçün qlobal rəqəmsallaşma sistemində möhkəmlənməyə, bu prosesin avanqardında olmağa çalışır. Azərbaycan hökuməti son illər bu istiqamətdə fəal addımlar atır, ölkə bu yaxınlarda Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) daxil olub.

DCO-nun baş katibi Dima Əl-Yahya (Deemah Al Yahya) "Far.Az"a müsahibəsində təşkilatla əməkdaşlıq perspektivləri, rəqəmsallaşma səviyyəsi və uğurlu layihələr barədə danışıb.

- Azərbaycan bu yaxınlarda DCO-ya daxil olub. Ölkəmizin təşkilata üzvlüyü hansı effekt yarada bilər?

- DCO-ya üzvlük ölkəyə rəqəmsal gələcəyini formalaşdırmaqda daha güclü təkan verir. Azərbaycan DCO-ya möhkəm bir əsasla qoşulur. Azərbaycanda artıq 9 milyon nəfərdən çox insan internetdən istifadə edir - bu, əhalinin demək olar ki, 90 %-ni təşkil edir. Bundan başqa, o, vətəndaşyönümlü rəqəmsal dövlət idarəçiliyi və xidmətləri sahəsində böyük imkanlara malikdir.

Üzvlük isə Azərbaycana beynəlxalq rəqəmsal əməkdaşlıq üçün rəsmi platforma təqdim edir. Bu, üzv dövlətlərin təcrübə mübadiləsi apardığı, texnologiya və siyasətin inkişafını izlədiyi və qlobal rəqəmsal iqtisadiyyata yanaşmaları birgə formalaşdırdığı müzakirələrdə iştirak etmək imkanıdır.

Bundan əlavə, hökumətiniz rəqəmsal prioritetlərini müəyyən edərkən DCO-nun ekspert biliklərinə və texniki məsləhətlərinə birbaşa çıxış əldə edir. Gələcəkdə təşkilata üzvlük ölkə üçün praktiki imkanlar da açacaq: rəqəmsallaşmaya daha çox birbaşa xarici investisiyaların cəlb edilməsi, Azərbaycanın texnoloji şirkətlərinin və startaplarının daha böyük transsərhəd bazarlara qoşulması, həmçinin DCO ekosistemində tərəfdaşlıqların formalaşdırılması.

Lakin inkişaf istiqamətini Azərbaycan özü müəyyən edir. Bizim rolumuz məlumat, məsləhətlər verməkdən, əlaqələr qurmaqdan və milli prioritetləri imkanlara çevirməyə kömək etməkdən ibarətdir. Üzvlük isə beynəlxalq arenada daha güclü səs və ölkə daxilində rəqəmsal rifahın əldə olunmasında daha sürətli tərəqqiyə yol açır.

- DCO Azərbaycanla əməkdaşlıq proqramı, müqavilə və ya hər hansı digər oxşar sənəd imzalamağı planlaşdırırmı?

- Biz təşkilatın Nizamnaməsini imzalamağı planlaşdırırıq ki, bu da Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına qoşulmasını rəsmən təsbit edəcək.

- Səfəriniz çərçivəsində Azərbaycanın hansı dövlət qurumları və idarələri ilə görüşməyi planlaşdırırsınız?

- İlk növbədə, səfərimiz (müsahibə oktyabrın 4-də yazılıb – red.) Azərbaycan hökumətinin Rəqəmsal Əməkdaşlıq Təşkilatına qoşulmaq qərarı ilə əlaqədar olaraq ona sadiqliyimizi və dəstəyimizi təsdiqləməyə yönəlib. Biz ölkə hökumətinə dəstəyimizi göstərməyə hazır olduğumuzu nümayiş etdirmək üçün gəlmişik.

Ölkənin rəqəmsal ekosistemini, ilk növbədə dövlət qurumlarını, onların rəqəmsal iqtisadiyyat sahəsindəki baxışlarını, məqsədlərini və iddialarını anlamaq da bizim üçün çox vacibdir. Üstəlik, özəl sektorun nümayəndələri - telekommunikasiya şirkətləri, startaplar və texnoloji şirkətlər ilə görüşmək istəyirik. Bizim üçün həmçinin akademik ictimaiyyət, tələbələr və Azərbaycanın istedadlı gəncləri ilə qarşılıqlı əlaqədə olmaq vacibdir. Biz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini (IDDA) ziyarət edəcəyik. Bununla yanaşı, fondlarla tanış olmaq və Azərbaycana əməkdaşlığı genişləndirməsi, həmçinin təşkilatımızın üzvü olan digər dövlətlərin bazarlarına çıxması üçün necə kömək edə biləcəyimizi öyrənmək istəyirik.

- DCO-nun Azərbaycanda həyata keçirməyi planlaşdırdığı konkret layihələr varmı?

- Ən səmərəli tərəfdaşlıqlar ondan başlayır ki, əvvəlcə dinləyirik, yalnız bundan sonra nəyin həyata keçirilməsinin zəruri olduğu barədə qərar qəbul edirik.

Azərbaycan bu tərəfdaşlıq çərçivəsində artıq mühüm üstünlüklərə malikdir. Ölkə elektron hökumət, rəqəmsal identifikasiya və elektron satınalma sistemləri daxil olmaqla, vətəndaşlar üçün effektiv rəqəmsal dövlət idarəetməsini və xidmətlərini inkişaf etdirib. Məsələn, "mygov" platformasından artıq 4 milyon insan istifadə edir. İstifadənin belə miqyası həm Azərbaycanın əldə etdiyi tərəqqini, həm də vətəndaşların rəqəmsal dövlət xidmətlərindən istifadə etməyə hazır olduğunu nümayiş etdirir.

Eyni zamanda, rəqəmsal inklüzivlik, səhiyyə və təhsil sahələrində möhkəm əsaslar, həmçinin rəqəmsal biznes və innovasiyaların inkişaf edən ekosistemi mövcuddur.

Lakin hazırda ölkənin ehtiyaclarını öyrənmək mərhələsindəyik və bu, səfərimin mühüm məqsədlərindən biridir. Mən ən əhəmiyyətli imkanları harada gördüklərini birbaşa Azərbaycan hökumətindən, özəl sektor nümayəndələrindən, sahibkarlardan və vətəndaşlardan eşitmək istəyirəm.

Bundan sonra DCO-nun imkan və təşəbbüslərini Azərbaycanın milli prioritetləri ilə uyğunlaşdıra və ölkəni bu prioritetləri konkret nəticələrə çevirməyə kömək edəcək müvafiq dövlətlər, şirkətlər və institutlarla əlaqələndirə biləcəyik.

Qeyd etdiyim kimi, Azərbaycanı dinləmək, onun ambisiyalarını anlamaq və ölkənin özü üçün seçdiyi rəqəmsal gələcəyi sürətləndirməyə kömək etmək məqsədilə gəlmişik.

- DCO ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycanın Rəqəmsal İnkişaf Şurası ilə necə əməkdaşlıq etməyi planlaşdırır?

- Azərbaycana təkcə bilik mübadiləsi vasitəsilə deyil, həm də bütün üzv dövlətlərimizdə toplanmış ən yaxşı təcrübələri ötürməklə dəstək olmaq niyyətindəyik. Eyni zamanda, özəl sektorla əlaqələr qurmaq və təşkilatımıza üzv olan dövlətlərdən Azərbaycana investisiyaların cəlb olunmasına kömək etmək istəyirik.

Görürük ki, Azərbaycan müxtəlif ölkələri bir-biri ilə birləşdirən mükəmməl ekosistemə və çox əlverişli coğrafi mövqeyə malikdir. Şirkətlərin və startapların cəlb edilməsi, bu ekosistemin inkişafı həmin şirkətlərin genişlənməsinə, həmçinin böyüməsinə kömək edəcək. Biz Şuraya məhz belə bir dəstək və yardım göstərmək istərdik.

- DCO-nun qiymətləndirməsinə görə, yaxın illərdə Azərbaycanın rəqəmsal inkişafının hansı istiqamətləri ən çox diqqət tələb edir?

- Azərbaycan möhkəm rəqəmsal əsas yaradıb. Növbəti addım bu bünövrənin iqtisadiyyat və innovasiyalar üçün daha əhəmiyyətli potensiala çevrilməsi ola bilər. Bizim qiymətləndirməmiz isə daha da inkişaf etdirilməsi əhəmiyyətli təsir göstərə biləcək üç istiqaməti göstərir.

Birincisi, rəqəmsal bağlantıdır. Azərbaycan 4G şəbəkəsi ilə ümumi əhatəni təmin edərək, rəqəmsal bağlantının gələcək inkişafı üçün möhkəm əsas yaradıb. Bu baza əsasında 5G-nin kommersiya məqsədli tətbiqi daxil olmaqla, növbəti nəsil şəbəkələrinin inkişaf etdirilməsi, yüksək məhsuldarlıqlı hesablamalar sahəsində imkanların, həmçinin məlumatların emalı infrastrukturunun genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

İkinci istiqamət biznesin rəqəmsallaşdırılması ilə bağlıdır. Hazırda rəqəmsal formatda təqdim edilən xidmətlərin ixracı ÜDM-in təxminən 3,3 %-ni təşkil edir və bu da Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üçün əlavə potensialın mövcudluğunu göstərir. Rəqəmsal texnologiyaların müəssisələr və kiçik və orta bizneslər (KOB) tərəfindən daha geniş tətbiqinin dəstəklənməsi, o cümlədən onların beynəlxalq bazarlara çıxışının genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə, məhsuldarlığın və ixracın artmasına kömək edə bilər.

Üçüncü istiqamət isə innovasiya potensialı ilə əlaqədardır. Hazırda tədqiqat və inkişafa qoyulan investisiyalar ÜDM-in təxminən 0,2 %-ni təşkil edir. Bu, elmi tədqiqatlar, qabaqcıl hesablama texnologiyaları, startaplar, investisiyalar və kommersiyalaşdırma arasında daha sıx qarşılıqlı əlaqə, həmçinin innovasiyaların davamlı iqtisadi dəyərə çevrilməsi hesabına Azərbaycanın innovasiya ekosisteminin daha da gücləndirilməsi üçün imkanlar yaradır.

Bizim rolumuz milli prioritetləri imkanlara, bu imkanları isə dayanıqlı rəqəmsal inkişafa çevirməyə kömək etməkdən ibarətdir.

- Azərbaycan Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən rəqəmsal dəhlizlərin inkişafında hansı rolu oynaya bilər?

- Azərbaycan coğrafi baxımdan Avropa və Asiya arasında strateji mövqeyə malikdir, rəqəmsal infrastruktur isə bu mövqeyə tamamilə yeni bir ölçü qazandıra bilər.

Azərbaycan artıq mühüm rəqəmsal körpüyə çevrilmək üçün zəruri olan bazanın bir çox elementlərinə malikdir. Ölkə inkişaf etmiş rəqəmsal dövlət idarəçiliyini böyüyən telekommunikasiya və ticarət infrastrukturu ilə birləşdirir, onun coğrafi mövqeyi isə birbaşa Qafqaz, Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşir.

Biz artıq bu potensialın fiziki infrastruktura necə çevrildiyini görürük. Ötən ay Azərbaycan və Qazaxıstanı birləşdirən 380 kilometrlik Transxəzər Fiber-Optik Kabel xəttinin çəkilməsi başa çatıb. İstismara verildikdən sonra onun "Digital Silk Way" layihəsi çərçivəsində Xəzər dənizi vasitəsilə məlumatların ötürülməsi üçün yeni yüksəksürətli marşrut yaradaraq 400 Tbit/s-dən çox ötürücülük qabiliyyətini təmin edəcəyi gözlənilir.

Bu üstünlüyü necə inkişaf etdirmək istədiyini məhz Azərbaycan özü müəyyən etməlidir. DCO-nun rolu analitika, texniki məsləhətlər və beynəlxalq əlaqələr təqdim etməkdən, daha sonra isə ölkənin qərarlarının həyata keçirilməsinə kömək etməkdən ibarətdir. Bu istiqamətdə fürsət ondan ibarətdir ki, Azərbaycanın coğrafi mövqeyi rəqəmsal üstünlüyə çevrilsin, təkcə bazarları və infrastrukturu deyil, həm də müxtəlif regionların iqtisadiyyatlarını, innovatorlarını və insanlarını birləşdirsin.

- Azərbaycan DCO-nun regional rəqəmsal əməkdaşlıq mərkəzi ola bilərmi? Əgər belədirsə, bunun üçün hansı şərtlər lazımdır?

- Regional mərkəz təkcə coğrafi yerləşməsi ilə deyil, həm də onun ölkələri, bazarları və ideyaları nə dərəcədə səmərəli birləşdirməsi ilə müəyyən edilir.

Azərbaycan bu baxımdan real potensiala malikdir. Ölkənizin strateji mövqeyi bir neçə regiona çıxış təmin edir, inkişaf edən rəqəmsal iqtisadiyyat isə hökumətlərin, texnoloji şirkətlərin, investorların, sahibkarların və innovatorların qarşılıqlı fəaliyyəti üçün bir platforma olmaq imkanı yaradır.

Bu potensialı reallaşdırmaq üçün digər iştirakçıları Azərbaycan vasitəsilə bağlantıların qurulmasına sövq edəcək şəraitin yaradılmasına diqqət yetirmək lazımdır. Buraya açıq və rəqabətədavamlı rəqəmsal biznes mühiti, yerli və beynəlxalq texnoloji ekosistemlər arasında güclü əlaqələr, ixtisaslı kadrlar və regional tərəfdaşları ümumi imkanlar ətrafında birləşdirmək bacarığı daxildir.

DCO çərçivəsində Azərbaycanın üzvlüyü belə bir rolu yerinə yetirmək üçün yeni imkanlar yaradır. Eyni zamanda, ölkə DCO icması daxilində yeni tərəfdaşlıqlar formalaşdıraraq bizim müzakirələrimizdə Cənubi Qafqazın və daha geniş regionun mövqelərini təmsil edə biləcək.

İndi Azərbaycanın regional potensialını inkişaf etdirməyə imkan verəcək tərəfdaşlıqlar yaratmaq vacibdir.

- Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkə startapları üçün onların həllərinin sınaqdan keçirilməsi, investisiyaların cəlb edilməsi və DCO-nun digər üzv dövlətlərinin bazarlarına çıxış imkanlarını nəzərdə tutan xüsusi DCO proqramı işə salına bilərmi?

- Əlbəttə. İnnovatorların investisiyalara və yeni bazarlara çıxış əldə etməsinə dəstək olmaq artıq işimizin mühüm hissəsidir.

Bizim üzv dövlətlərdə startaplar və texnoloji şirkətlər üçün imkanlar yarada biləcək bir sıra təşəbbüslərimiz var. Məsələn, "Digital FDI Initiative" təşəbbüsümüz bütün ölkələrdə eyni modelin tətbiq edilməsi əvəzinə, hər bir ölkənin iqtisadiyyatına, onun investisiya mühitinə və milli prioritetlərinə uyğunlaşdırılır.

Bu yanaşmanın potensialını artıq Pakistanda görmüşük. Belə ki, bu ölkədə "Digital FDI" çərçivəsindəki işimiz 700 milyon dollardan çox məbləğdə investisiya imkanları portfelinin formalaşmasına kömək edib. Eyni zamanda, yerli şirkətlər ilə beynəlxalq investorlar arasında əlaqələrin qurulması və ümumilikdə investisiya mühitinin gücləndirilməsi üçün praktiki tədbirləri müəyyən edib.

Azərbaycanla bağlı isə bu imkanların ölkənin startaplarını ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini - beynəlxalq investisiyaların cəlb edilməsi və investorlarla əlaqələrin qurulmasından tutmuş DCO-ya üzv dövlətlərin bazarlarına çıxışa qədər öyrənə bilərik.

Lakin konkret model ölkənin sahibkarları və hökumətinin fikrincə, onlara nəyin lazım olduğuna əsaslanaraq, Azərbaycanla birlikdə işlənib hazırlanmalıdır. Bizim məqsədimiz azərbaycanlı innovatorların bizneslərini ölkə hüdudlarından kənarda genişləndirmək üçün lazım olan kapitala, tərəfdaşlıqlara və bazarlara çıxış əldə etməsinə töhfə verməkdir.

- Gələcəkdə DCO-nun iştirakı ilə marşrut boyunca yerləşən ölkələr arasında rəqəmsal ticarət, gömrük prosedurları, logistika, ödənişlər və məlumat mübadiləsini birləşdirən Orta Dəhlizin rəqəmsal ekosistemi yaradıla bilərmi?

- Bəli, yaradıla bilər və Azərbaycan belə bir rəqəmsal dəhlizin formalaşması üçün təbii məkandır. "Digital Corridors" - DCO-nun dörd illik proqramının dörd əsas elementindən biridir. Bu istiqamət etibarlı rəqəmsal bağlantı, sistemlərin uyğunluğu, təhlükəsiz məlumat mübadiləsi və rəqəmsal mütəxəssislərin yerdəyişməsi üzərində cəmləşib. Araşdırmalarımıza görə, rəqəmsal ticarət və siyasətin uyğunlaşdırılması 2028-ci ilə qədər DCO çərçivəsində regiondaxili rəqəmsal ticarətin həcmini təxminən 2 milyard ABŞ dolları artıra bilər.

Azərbaycan artıq bir çox zəruri elementlərə malikdir. DCO-nun "Digital Economy Navigator" (DEN) platformasının "2025 Azerbaijan Focus Far.Az" hesabatına əsasən, ölkənin rəqəmsal dövlət idarəçiliyi göstəricisi 100-dən 82,7 təşkil edir və bu da qabaqcıl səviyyəyə uyğundur. Ölkədə elektron hökumətin tranzaksiya portalı, elektron satınalma sistemi, milli rəqəmsal identifikasiya sistemi, eləcə də gömrük prosedurları üçün vahid onlayn pəncərə fəaliyyət göstərir. Bütün bunlar kağızsız gömrük və etibarlı transsərhəd əməliyyatları üçün əsas yaradır.

Azərbaycan Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Avropanı və Fars körfəzi ölkələrini birləşdirir. Zəruri tərəfdaşlıqlar olduqda, Orta Dəhliz bu gün malların hərəkətini təmin etdiyi kimi, məlumatların, ödənişlərin və rəqəmsal xidmətlərin hərəkətini də eyni inamla təmin edə biləcək.

- DCO Azərbaycanın rəqəmsal iqtisadiyyatının formalaşmasında gənclərə hansı rolu ayırır və təşkilat gənc mütəxəssislər üçün hansı proqramları həyata keçirə bilər?

- Azərbaycanın rəqəmsal iqtisadiyyatının gələcəyi nəticə etibarilə onun gəncləri tərəfindən yaradılacaq. Bizim rolumuz ideyaları biznesə, həll yollarına və karyera imkanlarına çevirmək üçün onları zəruri bacarıqlar, əlaqələr və imkanlarla təmin etməyə töhfə verməkdən ibarətdir. Lakin bütün ölkələrə vahid yanaşmanın tətbiq edilməsini doğru hesab etmirik. Təşəbbüslərimizin gənclərin və sahibkarların real ehtiyaclarına uyğun olması üçün biz öz dəstəyimizi hər bir üzv dövlətin prioritetlərinə, imkanlarına və ambisiyalarına uyğunlaşdırırıq.

DCO artıq Azərbaycanın yararlana biləcəyi bir neçə təşəbbüs həyata keçirir. "NexaBridge" çərçivəsində gənc novatorlar real tapşırıqlar üzərində işləyə və onların pilot tətbiqi, investisiyaların cəlb olunması və yeni bazarlara çıxış imkanı ilə həllər hazırlaya bilərlər. STRIDE vasitəsilə sahibkarlar investorlarla, tərəfdaşlarla və DCO-ya üzv olan dövlətlərin bazarları ilə əlaqələr qura bilərlər. Təkcə 2025-ci ildə STRIDE 300-dən çox startapa dəstək göstərib və 20 milyon ABŞ dollarından çox investisiyanın cəlb edilməsinə kömək edib.

"Digital Prosperity Awards" həmçinin novatorlara daha geniş beynəlxalq tanınma imkanı verir. "WE-Elevate" isə qadınlar və gənclər tərəfindən idarə olunan şirkətlərə rəqəmsal imkanlarını inkişaf etdirməyə və elektron ticarət imkanlarına çıxış əldə etməyə kömək edərək, onlara məqsədyönlü dəstək təklif edir.

Azərbaycan üçün növbəti addım isə bu imkanların harada ən böyük təsir göstərə biləcəyini müəyyən etmək və onları ölkə gənclərinin ambisiyalarına uyğunlaşdırmaqdır.

Gənclər Azərbaycanın rəqəmsal gələcəyinin əsas hərəkətverici qüvvələrindən biri ola bilərlər. Məqsədimiz gənclərin ambisiyalarını innovasiyalara, sahibkarlığa və uzunmüddətli iqtisadi səmərəyə çevirmək üçün zəruri olan bacarıqları, əlaqələri və imkanları onlara təqdim etməyə töhfə verməkdir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər