Kozarev: Serbiya itkin şəxslərin axtarışında Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır
Far.Az xəbər saytı

Kozarev: Serbiya itkin şəxslərin axtarışında Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır


Serbiya itkin düşmüş şəxslərin axtarışı, məhkəmə-tibbi identifikasiyası, kütləvi və gizli məzarlıqlarda aşkar edilmiş qalıqların tədqiqi məsələlərində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

"Far.Az" xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Duşan Kozarev "Bakı Dialoqu" çərçivəsində itkin düşmüş şəxslər üzrə beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdə keçmiş Yuqoslaviya ərazisindəki münaqişələr nəticəsində 40 minə yaxın şəxs itkin düşüb, onlardan 9,5 mindən çoxunun taleyi indiyədək naməlum olaraq qalır.

Duşan Kozarev qeyd edib ki, Serbiya uzun illər ərzində bu problemin həlli üçün institusional mexanizmləri inkişaf etdirib.

Onun sözlərinə görə, ölkənin təcrübəsi dövlət orqanlarının, beynəlxalq təşkilatların, məhkəmə-tibbi ekspertlərin və itkin düşmüş şəxslərin ailələrinin daimi qarşılıqlı fəaliyyətinin zəruriliyini göstərib.

D.Kozarev həmçinin məlumatların sistematik mübadiləsinin və yoxlanılmasının vacibliyinə diqqət çəkib. O, nümunələrdən biri kimi İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) dəstəyi ilə Berlin prosesi çərçivəsində yaradılmış, keçmiş Yuqoslaviyadakı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid regional məlumat bazasını misal çəkib.

"Serbiya Azərbaycan və digər iştirakçı dövlətlərlə praktiki təcrübə mübadiləsi imkanını alqışlayır", - XİN rəsmisi vurğulayıb.

D.Kozarev eyni zamanda Serbiyanın suverenliyi və ərazi bütövlüyü məsələsində dəstəyinə görə Azərbaycana minnətdarlığını bildirib və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər