Radek Şpicar: "Azərbaycan Çexiya şirkətlərinin Mərkəzi Asiyaya çıxışı üçün platforma ola bilər" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Radek Şpicar: "Azərbaycan Çexiya şirkətlərinin Mərkəzi Asiyaya çıxışı üçün platforma ola bilər" - MÜSAHİBƏ


Azərbaycan və Çexiya ikitərəfli iqtisadi əlaqələrə daha praktik məzmun qazandırmağa, ticarətdən sənaye kooperasiyasına, texnoloji mübadiləyə və birgə layihələrə keçid edərək əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Orta Dəhlizin inkişafı və yeni iqtisadi artım mənbələrinin axtarışı fonunda Çexiya şirkətlərinin maşınqayırma, energetika və nəqliyyat texnologiyaları sahəsində təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.

Çexiya biznesi üçün Azərbaycan təkcə müstəqil bazar kimi deyil, həm də regional bazarlara çıxış üçün platforma kimi maraq doğurur. Bu potensialın reallaşdırılması əsasən şirkətlərin etibarlı yerli tərəfdaşlar tapmaq və avadanlıq tədarükündən uzunmüddətli əməkdaşlığa keçmək bacarığından asılıdır.

Çexiya Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar (Radek Špicar) "Far.Az"a müsahibəsində Çexiya-Azərbaycan işgüzar tərəfdaşlığının perspektivləri, Çexiya müəssisələrinin nəqliyyat və infrastruktur layihələrində iştirak imkanları, eləcə də iqtisadi əməkdaşlığın prioritetləri barədə danışıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Əvvəllər qeyd etmişdiniz ki, Çexiya Azərbaycanı yalnız satış bazarı kimi deyil, həm də regionda Çexiya biznesi üçün strateji qovşaq kimi qiymətləndirir. Çexiya şirkətləri üçün hansı istiqamətlər daha çox maraq kəsb edir - logistika, distribüsiya yoxsa birgə istehsal?

- Çexiya Avropa İttifaqının ən çox sənayeləşmiş ölkələrindən biridir: ümumi daxili məhsulumuzun (ÜDM) 30 %-dən çoxu sənayenin payına düşür. Ən güclü istiqamətlərimizdən biri nəqliyyat maşınqayırmasıdır. Çexiyada metro vaqonları, avtobuslar, qatarlar və tramvaylar istehsal edən uğurlu və rəqabətədavamlı şirkətlər fəaliyyət göstərir. Onların məhsulları dünyanın ən böyük şəhərlərinə - Şimali Amerika və Cənub-Şərqi Asiyadan Afrikaya və digər Avropa ölkələrinə tədarük edilir. Buna görə də Çexiya müəssisələrinin Azərbaycanın ictimai nəqliyyatının modernləşdirilməsində iştirakı üçün böyük potensial görürük.

Digər mühüm istiqamət energetika ilə bağlıdır. Çexiya elektrik stansiyalarının tikintisi sahəsində böyük təcrübəyə malikdir və bərpa olunan enerji mənbələrinə fəal şəkildə investisiya qoyur. Bu, ixracımızın perspektivli seqmentlərindən biridir.

Çexiya sənayesində müdafiə sektoru da ənənəvi olaraq mühüm rol oynayır. Mövcud beynəlxalq vəziyyət şəraitində onun əhəmiyyəti artır. Çexiya müəssisələri radiolokasiya sistemləri, təlim təyyarələri, qırıcılar, sursatlar və digər məhsullar istehsal edir, buna görə də Azərbaycan-Çexiya biznes forumunda iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətimizdə müdafiə sənayesi də təmsil olunur.

Bundan başqa, biz müasir nəqliyyat ekosistemini formalaşdıran texnologiyalara və həllərə malikik. Bura yol hərəkətini idarəetmə sistemləri və nəqliyyat telematikası, intellektual və davamlı şəhər mobilliyi daxildir. Bütün bunlar Azərbaycanla əməkdaşlıq üçün imkanlar açır.

Bununla belə, mən Azərbaycanı təkcə ixrac bazarı hesab etmirəm. Son illərdə Azərbaycan iqtisadiyyatının inkişafının nəticələri məni səmimi şəkildə heyrətləndirib. Fikrimcə, ölkə neft hasilatına yönəlmiş iqtisadiyyatdan sənaye, yüksək texnologiyalar və xidmətlərə əsaslanan daha şaxələndirilmiş modelə keçid strategiyasını ardıcıl olaraq həyata keçirir. Söhbət təkcə planlardan getmir - biz onların reallaşdırılmasının praktiki nəticələrini də görürük, bu isə çox önəmlidir.

Çexiya şirkətləri üçün bu, Azərbaycanla uzunmüddətli tərəfdaşlıq qurmaq: birgə müəssisələr yaratmaq, yerli kadrlar hazırlamaq, texnologiyaları ötürmək və xidmətlər göstərmək imkanı deməkdir. Eyni zamanda, Azərbaycan Çexiya biznesinin iştirakının daha da genişləndirilməsi, o cümlədən Mərkəzi Asiyada mövcudluq səviyyəsinin artırılması üçün regional platformaya çevrilə bilər.

- Qlobal logistik marşrutların dəyişməsi fonunda Çexiyanın nəqliyyat və logistika şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına nə dərəcədə fəal qoşulurlar?

- Bu marşrut son dərəcə mühüm layihədir. Nəqliyyat infrastrukturu iqtisadiyyat üçün prinsipial əhəmiyyətə malikdir: o, regionların inkişafına kömək edir, biznesi dəstəkləyir, ölkələr və şəhərlər arasında inteqrasiyanı gücləndirir.

Çexiya şirkətləri nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş spektrli həllər təklif edə bilər. Bu, təkcə qatarların, dəmiryol xətlərinin və təkər cütlərinin tədarükü deyil, həm də hərəkəti idarəetmə sistemləri, nəqliyyat təhlükəsizliyi, kibertəhlükəsizlik və dəmir yolu infrastrukturu üçün informasiya texnologiyaları ilə bağlı həllərdir.

Müəssisələrimiz dünyanın müxtəlif yerlərində, o cümlədən "Global Gateway" təşəbbüsü çərçivəsində Afrikada və Cənubi Amerikada iri layihələrdə iştirak edir. Biz Transxəzər marşrutunun inkişafı ilə bağlı layihələrdə iştirak edərək Xəzər dənizi regionunda da mövcudluğumuzu genişləndirmək istərdik.

- Çexiya maşınqayırma, dəmir yolu nəqliyyatı və infrastrukturun idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir. Çexiya şirkətləri Azərbaycanın dəmir yollarının, liman infrastrukturunun, o cümlədən Ələt limanının və logistika mərkəzlərinin modernləşdirilməsində iştirak etməyə hazırdırmı?

- Əlbəttə. Hətta deyərdim ki, bu, hazırkı ticarət missiyasının əsas istiqamətlərindən biridir. Bu, 1993-cü ildən bəri Azərbaycana təşkil edilən səkkizinci ticarət missiyası olmaqla, işgüzar əlaqələrimizin ardıcıl xarakterini nümayiş etdirir.

Bir neçə ay bundan əvvəl Baş nazirimiz də Azərbaycanda səfərdə olub. Bu, sizin ölkənizi regionda Çexiyanın ən mühüm tərəfdaşlarından biri kimi qiymətləndirdiyimizin təsdiqidir.

Dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi, eləcə də logistika mərkəzlərinin inkişafı Çexiya şirkətləri üçün böyük imkanlar gördüyümüz istiqamətlərdir. Biz şirkətlərimizin Azərbaycanda müvafiq layihələrin həyata keçirilməsi üçün öz texnologiyalarını və təcrübələrini təklif edə bilməsində maraqlıyıq.

- Çexiya Sənaye və Nəqliyyat İttifaqının yaxın iki-üç il ərzində Azərbaycanla əməkdaşlıqda əsas prioritetləri hansılardır?

- İlk növbədə, biz Azərbaycana daha tez-tez səfər etmək və işgüzar əlaqələri genişləndirmək niyyətindəyik. Məqsədimiz Azərbaycanın işəgötürənlər birliklərinin dəstəyi ilə Çexiya şirkətlərinə yerli tərəfdaşlar tapmaqda kömək etməkdir. Biz ikitərəfli işgüzar görüşlərin təşkilində bu birliklərin roluna böyük əhəmiyyət veririk və bu əməkdaşlığı dərinləşdirmək niyyətindəyik.

Ölkələrimiz arasında siyasi səviyyədə fəal əlaqələr əhəmiyyətli üstünlükdür. Hazırda Çexiya və Azərbaycan arasında siyasi dialoq intensivləşir və bu, işgüzar əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. Siyasi və iqtisadi əməkdaşlıq bir-birini tamamlayır: bir səviyyədə davamlı münasibətlər digər səviyyədə təşəbbüslərin irəli sürülməsinə kömək edir.

Buna görə də planımız qabaqcıl texnologiyalara və rəqabətədavamlı məhsullara malik şirkətləri diqqətlə seçərək Çexiya müəssisələrinin nümayəndə heyətlərinin müntəzəm olaraq Azərbaycana səfərini təşkil etməkdən ibarətdir. Daha sonra yerli işəgötürənlər birlikləri ilə qarşılıqlı fəaliyyət göstərərək, Azərbaycandan olan uyğun tərəfdaşlarla əlaqələrin qurulmasına kömək edəcəyik.

Məqsədimiz işgüzar səfərlərin sayının artırmaqla yanaşı, həm də iki ölkənin şirkətləri arasında uzunmüddətli əməkdaşlıq və konkret layihələr üçün şərait yaratmaqdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər