Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Far.Az xəbər saytı

Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır


Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinanın Dolayı Vergilər İdarəsinin əməliyyat imkanlarının gücləndirilməsi məqsədilə 1 milyon avro maliyyə vəsaiti ayırır.

"Report"un Balkan bürosu xəbər verir ki, 18 ay davam edəcək "Bosniya və Herseqovinanın Dolayı Vergilər İdarəsinə davamlı dəstək" adlı layihə Banya-Lukada təqdim olunub.

Layihə gömrük prosedurlarının modernləşdirilməsini, əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesinin sadələşdirilməsini, risklərin idarə edilməsinin təkmilləşdirilməsini və daxili nəzarət mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur. Təşəbbüs çərçivəsində Bosniya və Herseqovinanın Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulmağa hazırlanmasına da dəstək göstəriləcək.

Layihənin icrası Xorvatiyanın Maliyyə Nazirliyinin Gömrük İdarəsi və Vergi Administrasiyası, Sloveniyanın Maliyyə Administrasiyası, eləcə də Mərkəzi Maliyyə və Müqavilələr Agentliyindən ibarət konsorsiuma həvalə olunub.

Aİ-nin Bosniya və Herseqovinadakı Nümayəndəliyinin rəhbər müavini Adebayo Babajide bildirib ki, layihənin əsas məqsədi Xorvatiya və Sloveniya mütəxəssisləri ilə bilik mübadiləsi vasitəsilə ölkənin Dolayı Vergilər İdarəsinin imkanlarını Avropa standartlarına uyğunlaşdırmaqdır.

Onun sözlərinə görə, Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulmağa hazırlıq sərhədlərarası ticarətin daha sadə və səmərəli həyata keçirilməsinə şərait yaradacaq.

Bosniya və Herseqovinanın Dolayı Vergilər İdarəsinin direktoru Zoran Tegeltiya layihənin qurumla Aİ arasında həyata keçirilən səkkizinci birgə təşəbbüs olduğunu bildirib. O vurğulayıb ki, ölkənin Aİ-yə üzvlük danışıqları çərçivəsində müvafiq fəsillərin açılmasına hazırlaşması fonunda, xüsusilə gömrük, vergi siyasəti sahələrində texniki və peşəkar hazırlığın təmin edilməsi vacibdir.

Z.Tegeltiya əlavə edib ki, əsas prioritetlərdən biri Xorvatiya, Serbiya və Monteneqro ilə sərhədlərdə tranzit müddətinin azaldılmasıdır.

Xorvatiya Gömrük İdarəsinin direktoru Mario Demiroviç isə ölkəsinin Bosniya və Herseqovina arasındakı sərhədin Aİ üzvü olan ölkə ilə İttifaqa üzv olmayan dövlət arasındakı ən işlək yükdaşıma sərhədi olduğunu qeyd edib. O bildirib ki, gömrük prosedurlarının uyğunlaşdırılması və birgə seminarların təşkili sərhədin hər iki tərəfində fəaliyyət göstərən kommersiya daşıyıcılarının əməliyyat xərclərinin azalmasına kömək edəcək.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər