Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir"
Far.Az xəbər saytı

Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir"


Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişdirir.

Far.Az "Report"a istinadən xəbər ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, süni intellekt proqram təminatında zəifliklərin aşkar edilməsinə, şübhəli şəbəkə fəaliyyətinin müəyyən edilməsinə, kiber hücumların qarşısının alınmasına və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə kömək edir: "Eyni zamanda bədxah qüvvələr süni intellektdən hücumları avtomatlaşdırmaq, saxta mesajlar yaratmaq, sistemlərin zəif nöqtələrini müəyyən etmək və kiber əməliyyatları misli görünməmiş sürət və miqyasda həyata keçirmək üçün də istifadə edə bilərlər. Məsələn, süni intellekt bir xəstəxananın informasiya sistemində qeyri-adi giriş cəhdlərini dərhal müəyyən edə bilər. Təhlükəsizlik qrupuna vaxtında xəbərdarlıq edilə bilər, lakin eyni zamanda cinayətkarlar süni intellektdən istifadə edərək daha inandırıcı fişinq mesajları hazırlaya və əməkdaşları saxta keçidlərə daxil olmağa sövq edə bilərlər".

M.Hacı-İsmayılova qeyd edib ki, bu, süni intellektin həm müdafiə vasitəsi, həm də yeni təhlükə mənbəyi ola biləcəyini aydın göstərir: "Buna görə də rəqəmsal mühitimizi qorumaq üçün mövcud imkanlarımızı, şəbəkələrimizi, institusional əməkdaşlığımızı və hüquqi bazamızı səfərbər etməliyik. Aİ fundamental bir həqiqəti qəbul edir: təhlükəsizlik olmadan innovasiya qum üzərində qurulmuş ev kimidir. Kiber təhlükəsizlik və süni intellekt üzrə Aİ-nın fəaliyyət planı üzv dövlətlərə, müəssisələrə və dövlət qurumlarına süni intellektin imkanlarından yararlanmaqla yanaşı, onun yaratdığı yeni riskləri idarə etməyə kömək edən əlaqələndirilmiş yanaşmanı nəzərdə tutur. Plan üç əsas məqsədə yönəlib: birinci, qabaqcıl süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsini təşviq etmək; ikinci, Aİ-nın kiber təhlükəsizliyini və dayanıqlılığını gücləndirmək; üçüncü isə kiber təhlükəsizlik sahəsində Avropanın süni intellekt imkanlarını inkişaf etdirməkdir".

1-ci məqsədə nəzər salan Aİ rəsmisi, qabaqcıl süni intellekt modellərinin imkanları artdıqca, onların təhlükəsizliyinin qiymətləndirilməsi də daha vacib rol oynadığını qeyd edib: "Eyni texnologiya həm proqram təminatındakı zəifliklərin müəyyən edilməsinə kömək edə, həm də kiber təhlükəsizlik baxımından sui-istifadə riskləri yarada bilər. Məsələn, yeni bir süni intellekt modeli mürəkkəb proqram təminatını təhlil etmək və potensial zəiflikləri aşkar etmək qabiliyyətinə malik ola bilər. Bu imkan müdafiə mütəxəssislərinə problemləri daha tez müəyyən edib aradan qaldırmağa kömək edir, lakin modelin imkanları və mümkün sui-istifadə ssenariləri mütləq qiymətləndirilməlidir. Buna görə də qabaqcıl sistemlərin təhlükəsizlik baxımından sınaqdan keçirilməsi, risklərin idarə olunması və məsuliyyətli istifadənin təşviqi mühüm əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər