Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
Far.Az xəbər saytı

Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub


Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan satirik mətbuatının tarixinə işıq salan "Məzəli" jurnalının 1915-ci ilə aid toplu nüsxəsi Cəlil Məmmədquluzadənin Naxçıvandakı Ev Muzeyinin eksponat fonduna daxil edilib.

Muzeyə daxil olan "Məzəli" jurnalının toplu nüsxəsi XX əsrin əvvəllərində Azərbaycanda mətbuatın, satirik ədəbiyyatın və ictimai fikrin inkişafını əks etdirən əhəmiyyətli mənbələrdən biridir.

1914–1915-ci illərdə nəşr olunan "Məzəli" jurnalı Azərbaycan mətbuat tarixində özünəməxsus yer tutur. Jurnalın naşiri və ilk redaktoru tanınmış jurnalist və publisist Haşım bəy Vəzirov olub. Nəşrin ilk sayı 1914-cü il dekabrın 27-də Bakıda, "Səda" mətbəəsində işıq üzü görüb. Jurnal 1915-ci ilin oktyabrınadək fəaliyyət göstərib və ümumilikdə 42 sayı nəşr olunub.

Nəşrin əsas xüsusiyyətlərindən biri onun zəngin məzmunu idi. Burada satirik şeirlər, felyetonlar, məqalələr, yerli və xarici xəbərlər, teleqramlar, elanlar və dialoqlar dərc olunurdu. Jurnalın səhifələrində tanınmış rəssam Əzim Əzimzadənin karikaturalarına da geniş yer verilirdi. Cəfər Cabbarlı, Əliqulu Qəmküsar, Əli Nazmi və digər qələm sahiblərinin əsərləri isə jurnalın ədəbi-bədii əhəmiyyətini daha da artırırdı.

Muzeyə daxil olan toplu nüsxə 1915-ci ilin fevralından sentyabrınadək nəşr edilmiş 30 sayı bir cilddə birləşdirir. Qeyd edək ki, eksponat AnewZ televiziya kanalının quruluşçu rejissoru Elnur Məmmədov tərəfindən qorunub saxlanılıb və muzeyə hədiyyə edilib.

Bu nəşrin qorunması Azərbaycan mətbuat tarixinin və dövrün ictimai düşüncəsinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər