Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar
Far.Az xəbər saytı

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar


Bəzən bir telefon zəngi yalnız diplomatik təmas deyil, həm də siyasi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini göstərən mesaj olur. Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı da məhz belə bir məna daşıyır.

Liderlər ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə dəvət edib.

Danışığın müsbət ruhu Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini bir daha təsdiqləsə də, bu təmasın baş verdiyi siyasi şərait diqqətdən kənarda qalmamalıdır. Sentyabrın sonlarından etibarən Türkiyənin siyasi və ictimai mühitində Azərbaycana qarşı səsləndirilən ittihamlar, sərt açıqlamalar və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ciddi narahatlıq doğurdu.

Bəzi siyasi fiqurların və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ayrı-ayrı təmsilçilərinin mövqeləri mübahisəni daha da alovlandırdı.

Oktay Saralın açıqlamaları ilə gündəmə gələn müzakirələr, Leyla Şahin Usta və Muhammet Müfit Aydın kimi siyasi şəxslərin mövqeləri Azərbaycan-Türkiyə münasibətlərinin həssaslığı baxımından xüsusi diqqət çəkdi.

Məsələnin mahiyyəti isə məktəbli forması ilə bağlı daxili qərarların müzakirəsindən daha genişdir. Söhbət Azərbaycanın suveren hüquqlarına hörmətdən, dövlətlərarası münasibətlərdə siyasi məsuliyyətdən və daxili siyasi mübarizənin başqa ölkəyə qarşı təzyiq vasitəsinə çevrilməməsindən gedir.

Türkiyədəki ayrı-ayrı siyasi qrupların mövqeyini bütövlükdə Türkiyə dövlətinin və cəmiyyətinin mövqeyi kimi təqdim etmək doğru deyil. Lakin məhz buna görə də rəsmi dairələrin vaxtında və aydın mövqe bildirməsi mühüm əhəmiyyət daşıyırdı.

Əsas sual isə budur: Türkiyədə Azərbaycana qarşı ritorika genişlənərkən niyə bu prosesə daha erkən və prinsipial müdaxilə edilmədi?

Ankara və İstanbulda diplomatik nümayəndəliklərimiz qarşısında aksiyaların keçirilməsi, siyasi müstəvidə sərt ittihamların səsləndirilməsi iki ölkə arasındakı etimad mühitinə zərbə vurdu. Qardaşlıq münasibətləri baxımından qəbuledilməz olan bu davranışların hansı siyasi məqsədlərə xidmət etdiyi və gələcəkdə təkrarlanmaması üçün hansı addımların atılacağı açıq qalır.

Belə bir şəraitdə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının Azərbaycanla qardaşlıq münasibətlərini qoruyan mövqeləri xüsusi qeyd olunmalıdır. Onların yanaşması göstərir ki, Azərbaycanla münasibətlərin müdafiəsi ayrı-ayrı partiyaların maraqlarından daha üstün tutula bilər və tutulmalıdır.

Türkiyə cəmiyyətindəki sekulyar, millətçi və Azərbaycanla münasibətlərin qorunmasını vacib sayan çevrələrin etirazları da mühüm mesaj idi. Bu reaksiyalar sübut etdi ki, ayrı-ayrı siyasi dairələrin ritorikası Türkiyə cəmiyyətinin tam əks etdirmir. Əksinə, yaranmış gərginlik Türkiyədə Azərbaycana səmimi rəğbət bəsləyən çoxsaylı insanların mövcudluğunu bir daha nümayiş etdirdi.

Ərdoğanla Əliyev arasında telefon danışığı strateji müttəfiqliyin davamlılığına dair müsbət siyasi mesajdır. Şuşa Bəyannaməsi ilə möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri təhlükəsizlikdən enerjiyə, nəqliyyatdan türk dünyasının inteqrasiyasına qədər geniş sahələri əhatə edir.

Ancaq bu münasibətlərin gücü yalnız böhranlardan sonra nümayiş etdirilən həmrəyliklə ölçülməməlidir. Əsl strateji tərəfdaşlıq problemlərin vaxtında müəyyənləşdirilməsini, qarşılıqlı suverenliyə hörməti və qardaş ölkəyə qarşı aparılan təxribat xarakterli kampaniyalara prinsipial münasibəti tələb edir.

İndi əsas məsələ telefon danışığının yaratdığı müsbət siyasi ab-havanın konkret nəticələrə çevrilməsidir. Türkiyədəki siyasi dairələr bu hadisədən hansı nəticələri çıxaracaq? Oxşar kampaniyaların qarşısını almaq üçün lazımi mexanizmlər işləyəcəkmi?

Çünki Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı siyasi qrupların gündəlik maraqlarından daha böyükdür. Bu münasibətlərin qorunması isə yalnız iki liderin deyil, hər iki dövlətin siyasi məsuliyyətidir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər