Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər
Far.Az xəbər saytı

Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər


"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən və vaxtilə azərbaycanlıların yaşadığı Günəşli (tarixi adları: Sultanəli qışlağı, Canəhməd) kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, Ermənistanda vaxtilə azərbaycanlıların yaşadıqları kənd çar Rusiyası və sovet dövrlərində müxtəlif cür adlandırılıb: çarizm dövründə Sultan-Əli qışlağı, Sultan-Əli-kişlağı, Sultan-Əli-Qışlaq, Can-Əhmədlu, Sultan-Əli, sovet dövründə isə Canəhməd və Günəşli.

Ermənistanda sovet hakimiyyəti qurulana qədər kənd iki adla - Sultanəli qışlağı və Canəhmədli kimi qeyd edilib. Sovet dövründə sənədlərdə Canəhməd adı ilə göstərilməyə başlayıb, 1968-ci ilin iyulunda isə Günəşli adlandırılıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Kutakan qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. 1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.

1829–1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, kənd Rusiya–İran müharibəsi nəticəsində zərər çəkdiyi ehtimal edilən dağılmış yerlər siyahısına daxil olub. XIX əsrin ikinci yarısına aid mənbələrdə isə kənd yenidən azərbaycanlıların məskunlaşdığı yer kimi qeyd edilir.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlılar yaşayıblar: "Qafqaz haqqında məlumat toplusu"na əsasən, 1873-cü ildə 245 nəfər; "1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na əsasən, 1886-cı ildə 348 nəfər; Z. Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" əsərinə görə, 1897-ci ildə 442 nəfər; "İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası"na əsasən, 1908-ci ildə 422 nəfər azərbaycanlı qeydə alınıb. "Qafqaz təqvimi" məlumatlarına görə isə 1911-ci ildə 440 nəfər, 1914-cü ildə isə 523 nəfər (əsasən azərbaycanlıların əcdadları) yaşayıb.

Arxiv sənədlərinə əsasən, 1919-cu ilin aprelində kənd erməni qoşunları tərəfindən dağıdılıb, sakinlərin böyük hissəsi öldürülüb, qalanlar isə kəndi tərk etməyə məcbur olublar. Etnik təmizləmənin nəticələri 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarında da öz əksini tapıb - Z. Korkotyanın əsərinə görə, həmin il kənddə cəmi 194 azərbaycanlı qeydə alınıb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Sovet dövründə kənd sonradan Vardenis adlandırılan Basarkeçər rayonunun tərkibində olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar: Z. Korkotyanın məlumatına əsasən, 1926-cı ildə 335, 1931-ci ildə isə 383 nəfər azərbaycanlı qeydə alınıb. T.X. Akopyan, St.T. Məlik-Baxşyan və O.X. Barseqyanın "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti"nə görə isə 1959-cu ildə 337, 1979-cu ildə 589, 1989-cu ildə isə 13 nəfər azərbaycanlı yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021–2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün aparılan geniş sahə işləri zamanı kənddə bir neçə məzar daşının salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər